Məhkəmə qərarları › İş №8(032)-116/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-116/2024

27.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-116/2024 27.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X8 iştirakı ilə, Şirvan şəhər İcra və probasiya şöbəsinin böyük icra məmuru X10 icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından tələbkar "xxxx" ASC-nin İdarə heyətinin sədri Aydın Hüseynov tərəfindən verilmiş şikayətə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhər İcra və probasiya şöbəsinin böyük icra məmuru X10 icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən Şirvan şəhər Məhkəməsinin 2(032)-1248/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi icraata xitam verilmişdir. Şikayət vermiş şəxs "xxxx" ASC-nin İdarə heyətinin sədri Aydın Hüseynov şikayətlə məhkəməyə müraciət edərək, Şirvan şəhər İcra və probasiya şöbəsinin böyük icra məmuru X10 icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, Şirvan şəhər Məhkəməsinin 2(032)-1248/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icra işinin davam etdirilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan şəhər İcra və probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən Şirvan şəhər Məhkəməsinin 2(032)-1248/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi icraata xitam verilmişdir. Qərar tamamilə qanunsuz və əsassız, həmçinin "xxxx" ASC-nin mənafelərinə ziddir. Belə ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1248/2016 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə qətnaməsinə əsasən X1 və X7 268,59 manat əsas, 118,76 manat faiz borcu, 74 manat cərimə borcu olmaqla, cəmi 461,35 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Şirvan Şəhəri üzrə İcra və probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Şirvan Şəhər Məhkəməsinin 2(032)-1248/2016 nömrəli, xx.xx.2016-cı 11 tarixli icra sənədi üzrə icraata xitam verilməsi qanunsuzdur. Belə ki, borclunun sözügedən qətnamə üzrə borc məbləği qaldığı və vəfat etmiş cavabdehlərin vərəsəlik işi açıldığı halda icra sənədi üzrə icraata tam əsassız qaydada xitam verilmişdir. Qeyd olunmalıdır ki, Şirvan şəhər İcra və probasiya şöbəsi tərəfindən cavabdehlərin vərəsələrinin müəyyən edilməsi üçün müvafiq sorğular verilməmişdir. Cavabdehlərin vərəsələrinin müəyyən edilməsi üçün hər hansı bir tədbir görülmədən icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın verilməsinə dair elektron sistemdən çıxarışa əsasən təqdim olunan parametrlərə uyğun vərəsəlik işi aşkarlanmışdır. X5 vərəsəlik işi haqqında məlumata əsasən əməliyyat tarixi xx.xx.2016, qurumun adı isə Şirvan Şəhər 1 saylı notariat ofisi göstərilmişdir. X2 vərəsəlik işi haqqında məlumata əsasən əməliyyat tarixi xx.xx.2019, qurumun adı isə Şirvan Şəhər 1 saylı notariat ofisi göstərilmişdir. Şirvan Şəhəri üzrə İcra və probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixində təqdim olunmuşdur. Məlumat üçün bildirilir ki, qərar rəsmi qaydada xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə təqdim olunmuş və qərardan şikayət verilməsi üçün müəyyən edilmiş müddət ötürülməmişdir. Odur ki, Şirvan şəhər İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv olunması, Şirvan şəhər Məhkəməsinin 2(032)-1248/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icra işinin davam etdirilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X13 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraata daxil olduqdan sonra icraata başlanılmışdır. İcra sənədi üzrə hər iki borclu vəfat etdiyindən Şirvan Şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Şirvan Şəhər Məhkəməsinin 2(032)-1248/2016 nömrəli, xx.xx.2016-cı 11 tarixli icra sənədi üzrə icraata xitam vermişdir. Qanunun tələbinə əsasən icra məmuru haqlı olaraq icra sənədi üzrə icraata xitam vermişdir. Belə ki, tələbkar tərəfindən icra şöbəsinə vərəsəlik işinin açılması ilə əlaqədar heç bir sənəd təqdim edilməmişdir. Həmçinin o, bildirdi ki, Şirvan şəhər Məhkəməsinin Şirvan Şəhər Məhkəməsinin 2(032)-1248/2016 nömrəli icra sənədi üzrə icra işini Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin arxivində tapmadığından icra işinin məhkəməyə təqdim edilməsini təmin edə bilməmişlər. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş, məhkəmə şikayətə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir . “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə tərəfindən Şirvan şəhər Məhkəməsinin Şirvan Şəhər Məhkəməsinin 2(032)-1248/2016 icra sənədi üzrə icra işinin məhkəməyə təqdim edilməsi üçün Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə müvafiq qaydada sorğu verilsə də icra işinin məhkəməyə təqdim edilməsi təmin edilməmişdir. Belə ki, iş materiallarında olan Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli 19589/10-26 saylı məktubundan görünür ki, borclular X14 və X4 barəsində Şirvan Şəhər Məhkəməsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, 2(032)- 1248/2016 saylı icra sənədi üzrə icraata xx.xx.20235-cü il tarixdə xitam verilmiş və həmin icra sənədinə əsasən açılmış xx.xx.2016-cı il tarixli, 19589/2016-10-11 nömrəli icra işi arxivləşdirilmişdir. Hazırda həmin tarixdən 2 (iki) ilə yaxın müddətin keçməsi, ötən müddət ərzində isə arxivləşdirilən icra işləri sayının xeyli həcmdə artması səbəbindən sözügedən icra işinin xx.xx.2024-cü il tarixədək fiziki olaraq əldə edilməsi və məhkəməyə təqdim olunması mümkün deyil. Bu baxımdan həmin icra sənədi üzrə Şirvan şəhər İcra və probasiya şöbəsinin böyük icra məmuru X10 icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023cü il tarixli qərarının surətinin icra sənədi üzrə tələbkar "xxxx" ASC -yə çatdırılmasını təsdiq edən sübut işdə yoxdur. Məhkəmə göstərilənləri nəzərə alıb hesab edir ki, hazırki iş üzrə Şirvan şəhər İcra və probasiya şöbəsinin böyük icra məmuru X10 icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətinin tələbkar "xxxx" ASC-yə verilməsini təsdiq edən sübutlar olmadığından, müddətin axımı tələbkarın şikayət ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən hesablanmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İcra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, borclu X6 xx.xx.2014-cü il tarixdə və X14 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinin elektron sistemində borclunun adı yoxlanılmış və əsasən borclu X3 və X9 adına vərəslik işi açılmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü maddəsinin tələblərinə görə tələbkar və ya borclu öldükdə icra sənədi üzrə icraata xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü maddəsinə əsasən Şirvan şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-1248/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Elektron icra sistemindən çıxarışdan görünür ki, X6 xx.xx.2014-cü ildə vəfat etmişdir. Elektron icra sistemindən çıxarışdan görünür ki, X14 xx.xx.2016-cı ildə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1248/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi qanuni qüvvəyə mindikdən sonra aidiyyəti üzrə icraya yönədilmiş, Şirvan şəhər İcra və probasiya şöbəsinin böyük icra məmuru X10 xx.xx.2023-cü il tarixli qərarı ilə icraata xitam verilmişdir. Həmin icra sənədi üzrə borclular X6 xx.xx.2014-cü ildə və X14 xx.xx.2016-cı ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi zartiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 17.1.1-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. 20.1.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata xitam verilir. 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Göründüyü kimi, icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Lakin hazırkı iş üzrə borclular X6 xx.xx.2014-cü ildə və X14 xx.xx.2016-cı ildə vəfat etdiyindən icra məmuru tərəfindən qanuni tədbirlər görülməmişdir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsidir. Məhkəmə hesab edir ki, Şirvan şəhər İcra və probasiya şöbəsinin böyük icra məmuru X10 icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin İdarə heyətinin sədri Aydın Hüseynov tərəfindən verilmiş şikayət təmin edilməli, Şirvan şəhər İcra və probasiya şöbəsinin böyük icra məmuru X17 icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, Şirvan şəhər Məhkəməsinin 2(032)- 1248/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi təkrarən icraya yönəldilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267-269-cu maddələrini rəhbər tutub qərara aldı: Şikayət təmin edilsin. Şirvan şəhər İcra və probasiya şöbəsinin böyük icra məmuru X10 icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Şirvan şəhər Məhkəməsinin 2(032)-1248/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar