Məhkəmə qərarları › İş №8(032)-136/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-136/2025

28.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-136/2025 28.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, Şirvan şəhər Məhkəməsinin 2(032)-145/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu məxsus avtomobilin üzərinə həbsin qoyulması barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Müjgan Hüseynovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Məhkəməsinin 2(032)-145/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu 615 manat maddi ziyan və ödənilşmiş 30 manat dövlət rüsumu aınaraq iddiaçı X2 verilməlidir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Müjgan Hüseynovna təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması, tələbin göstərilən nəqliyyat vasitəsinə yönəldilməsi və üzərinə qoyulmuş nəqliyyat vasitəsinin müvafiq cərimə duracağında saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-145/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu 615 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Belə ki, borclu hal-hazırki vaxta qədər icra sənədində göstərilmiş tələbləri yerinə yetirməmiş və göstərilən borc məbləğini tam ödəməmişdir. Borclu əmlak vəziyyətinin yoxlanılması məqsədilə “Elektron İcra” informasiya sisteminə sorğular edilmiş və Borclu mülkiyyətində ** BD *** dövlət qeydiyyat nişanlı “QAZ 2410” minik markalı nəqliyat vasitəsinin qeydiyyata alındığı aşkar edilmişdir. İcra sənədi üzrə tələbi təmin etmək məqsədilə Borclu adına qeydiyyata alınmış və onun mülkiyyətində olan ** BD *** dövlət qeydiyyat nişanlı “QAZ 2410” minik markalı nəqliyyat vasitəsi üzərinə həbs qoyulması, tələbin göstərilən nəqliyyat vasitəsinə yönəldilməsi və üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin müvafiq cərimə duracağında saxlanılması barədə qərardad qəbul edilməsini xahiş edir. Borclu və Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Borclu və Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Məhkəmə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmurunun izahatını, təqdimatı və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 2(032)-145/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu 615 manat maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı X2 verilməlidir. İş materiallarında olan “Elektron İcra” informasiya sistemində edilmiş sorğunun nəticəsinə əsasən ** BD *** dövlət qeydiyyat nişanlı “QAZ 2410” minik markalı nəqliyyat vasitəsi Borclu mülkiyyətindədir. Məhkəmə ilkin olaraq qeyd edir ki, təqdimatda icra sənədinin icrasının təmin olunması məqsədi ilə Borclu məxsus “QAZ 2410” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə üzərinə həbsin qoyulması, tələbin göstərilən nəqliyyat vasitəsinə yönəldilməsi və üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin müvafiq cərimə duracağında saxlanılmasından ibarətdir. Məhkəmə təqdimatın Borclu məxsus “QAZ 2410” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması hissəsinə münasibətdə hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. İşin faktiki hallarından görünür ki, Borclu mülkiyyətində “QAZ 2410” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mövcuddur. Məhkəmə hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan məxsus “QAZ 2410” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə də həbs qoyulmalıdır. Təqdimatın üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin müvafiq cərimə duracağında saxlanılması və tələbin həmin əmlaka yönəldilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirilərindən biridir. Həmin Məcəllənin 52.1-ci maddəsinə əsasən borclunun əmlakı saxlanmaq üçün onun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (bundan sonra saxlayıcıya) verilir. Əmlakı saxlamaq üçün qəbul edən saxlayıcıdan bu barədə qəbz alınır. Əmlakdan istifadə olunması onun məhvinə və ya dəyərinin azalmasına səbəb olmadıqda, saxlayıcı həmin əmlakdan istifadə edə bilər. Həmin Məcəllənin 52.4-cü maddəsinə əsasən saxlanmaq üçün verilmiş əmlak mənimsənildikdə, israf edildikdə, özgəninkiləşdirildikdə və ya gizlədildikdə, saxlayıcı vurduğu ziyana görə əmlak məsuliyyətindən əlavə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti də daşıyır. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Məhkəmə qeyd edir ki, “İcra Haqqında” Qanunun tələblərindən göründüyü kimi icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmçinin icra sənədi üzrə borclunun əmlakı saxlanmaq üçün onun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (bundan sonra - saxlayıcıya) verilir. Eyni zamanda məhkəmə qeyd edir ki, tələbin üzərinə həbs qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı prosedur “İcra Haqqında” Qanununla tənzimlənir və həmin qanunun tələblərindən göründüyü kimi tələbin həbs qoyulmuş əmlaka yönəldilməsi üçün İcra məmuru – qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən qiymətləndirici dəvət etməli, əmlakın qiymətləndirilməli, tələbkara təklif olunmalı, tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Yəni tələbin üzərinə həbs qoyulmuş əmlaka yönəldilməsi məhkəmə tərəfindən deyil icra məmuru tərəfindən həyata keçirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci bəndini rəhbər tutub məhkəmə qərara aldı: Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin təqdimatı qismən təmin edilsin. Borclu məxsus “QAZ 2410” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərarın icrası Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar