Məhkəmə qərarları › İş №8(032)-17/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-17/2024

23.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-17/2024 23.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, X2 iştirakı ilə, X1 Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1468/2022 saylı qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan şəhər Məhkəməsinin 2(032)-1468/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X4 qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-581/2023 saylı qətnaməsinə əsasən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)- 1468/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İcra sənədi üzrə borclu X5 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1468/2022 saylı icra sənədinin hissə-hissə icra edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Tələbkar verməli olduğu əmlaklardan (və ya onların dəyərindən) biri də cavabdehlə birgə nikah dövründə əldə etmiş olduqları BANWOLOTGF35X2038798, ** BN *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin dəyərinin ½ hissəsi, yəni 3000 manatın ondan alınaraq iddiaçı Tələbkar verilməli olmasıdır. Hazırda maddi vəziyyəti qətnamənin birdəfəlik icra edilməsinə imkan vermir, lakin qətnamənin icrasından boyun qaçırmır. Qətnamənin hissə-hissə icra olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında borclu X5 məhkəmə iclasında iştirak edərək maddi imkanı olmadığını, borcunu hissə-hissə ödəməyə razı olduğunu bildirmişdir. İcra sənədi üzrə tələbkara qanunla nəzərdə tutulmuş qaydada məhkəmənin yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Məhkəmə X1 izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər hallarını nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə hesab edir ki, icra sənədinin hissə-hissə icra edilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə icra sənədinin hissə-hissə icra edilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, icra vərəqəsinin hissə-hissə icra edilməsi bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Bundan əlavə, məhkəmə aktının hissə-hissə icra edilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Habelə məhkəmə borcludan tutulmalı olan məbləğin miqdarını, icra sənədinin icraya yönəldiyi vaxtı nəzərə alaraq ərizənin təmin edilməsini ədalətli və ağlabatan hesab etmir. Beləliklə, məhkəmə Şirvan şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(032)- 1468/2022 saylı icra sənədinin hissə-hissə icra edilməsi barədə qanunvericilikdə göstərilmiş müstəsna halı müəyyən etmədiyindən, hesab edir ki, icra sənədi üzrə X2 ərizəsi əsassız olduğundan təmin olunmamalıdır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1468/2022 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan şikayət qərardad təqdim edildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar