Məhkəmə qərarları › İş №8(032)-20/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-20/2024

22.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-20/2024 22.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Alışova Arzu Tahir qızının katibliyi, Tələbkar Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsi X1, Borclu nümayəndəsi Nümayəndə, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, Ərizəçi Şirvan şəhər Bələdiyyəsinin Şirvan şəhər Məhkəməsinin 2(032)-456/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin izah edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Şirvan şəhər Bələdiyyəsi ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Bələdiyyəsinin Şirvan şəhər Məhkəməsinin 2(032)-456/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin izah edilib Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə, tərəflərə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-456/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu tərəfindən Şirvan şəhəri Naxçıvan küçəsi 135-də yerləşən Şirvan şəhər Bələdiyyəsinin mülkiyyətində olan zəbt edilmiş tikililər borclunun hesabına sökülməli, özbaşına zəbt edilmiş 341 kv.m torpaq sahəsi Şirvan şəhər Bələdiyyəsinin mülkiyyətinə qaytarılmalı, torpaq sahəsində yaşıllıqlar qırılmamaq şərtilə çəkilmiş dəmir (məftillə çəpərlənmə) çəpərlənmiş hasar, dirəklər sökülməli, torpaq sahəsi boşaldılmalı və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən icra sənədi xx.xx.2023-cü il tarixində icraata qəbul edilməsinə baxmayaraq, icra sənədi icra olunmur. Belə ki, özbaşına zəbt edilmiş 341,0 kv. m torpaq sahəsindən 204,0 kv.m torpaq sahəsi mülkiyyət hüququ ilə əldə edilmiş 600, 0 kv.m-dən artıq zəbt edilmiş torpaq sahəsinin içərisinə borclu tərəfindən özbaşına zəbt edilməklə daxil edilmiş, yerdə qalan 137,0 kv.m torpaq sahəsi həyətyanı sahədən əlavə yaşıllıqla əhatə olunmuş torpaq sahəsinin içərisindədir. İş üzrə icraatı çətinləşdirən səbəb borclu tərəfindən, özbaşına zəbt olunmuş torpaq sahəsinin guya koordinatlarının bilinməməsidir. Halbuki, torpaq sahəsi ilkin variantda mütəxəssislər tərəfindənm ekspertiza zamanı ölçülərkən, özbaşına zəbt edilmiş torpaq sahəsi borcluya yerində göstərilmişdir. Beləliklə, özbaşına zəbt olunmuş torpaq sahəsinin koordinatlarının dəqiq müəyyən olunmasına ciddi zərurət yaranmışdır. Məhkəmə iclasında Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsi X3 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, qətnamədə ona aydın olmayan hər hansı cümlə yoxdur, qətnamə tam aydın olaraq yazılmışdır. Hazırki mübahisə torpaq sahəsinin koordinatlarının dəqiq müəyyən olunması ilə bağlı mütəxəssisin dəvət olunması üçün rüsumun kimin tərəfindən ödənilməsidir. Həmin pul vəsaitinin kim tərəfindən ödənilməsinə izah verilməsini xahiş edir. Məhkəmə iclasında Borclu nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Bələdiyyə tərəfindən mübahisələndirilən ərazidə tərəfindən ağaclar əkilmiş və həmin ağacların məhv edilməsinin qarşısının alınması məqsədi ilə çəpər çəkilmişdir. Hazırda mübahisəli ərazidə olan çəpər və dirəklər tərəflərindən sökülmüşdür. Torpaq sahəsindən 0.06 ha hissəsi Borclu mülkiyyətindədir. Zəbt olunmuş torpaq yoxdur. Hətta Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi gəlib ölçmüş, onun torpaq sahəsindən 6-7 metri hasardan kənarda qalmışdır. Rüsumu ödəmək üçün imkanı yoxdur. Hesab edir ki, zəbt olunmuş torpağın ölçülməsi Şirvan şəhər Bələdiyyəsinin tələbidirsə rüsum da onlar tərfindən ödənilməlidir. Zəbt olunmuş torpaq aşkar olunarsa həmin rüsumu da ödəməyə razıdır. Qətnamədə isə ona aydın olmayacaq hər hansı bir cümlə yoxdur. Odur ki, qeyd edilənlərə əsasən ərizənin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahatında bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-456/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən özbaşına zəbt edilmiş 341 kv. m torpaq sahəsinin Şirvan şəhər Bələdiyyəsinə qaytarılması ilə bağlı həmin əraziyə baxış keçirilmiş, müəyyən olunmuş həmin ərazisinin yoxlanılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi dəvət olunması qərara alınmış və bu səbəbdən də həmin idarəyə rəsmi məktubla müraciət olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi məktuba rəsmi cavab verərək mütəxəssisin dəvət olunması və ərazinin ölçülməsi ilə bağlı 274 manat rüsumun ödənilməsini bildirmişdir. Bu barədə tərəflərə məlumat verilmiş, eyni zamanda deyilmişdir ki, rüsum ödənilsin, əraziyə baxılsın aktlaşdırılsın və icra sənədi icra olunsun. Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsi İcra Haqqında qanununun 79.1-ci maddəsinə istinad edərək icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayıldığını qeyd etmişdir. Lakin həmin maddəsinin davamı olaraq həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənildiyi qeyd edilmişdir. Bu barədə rəhbərliyə məruzə edilərək müzakirə olunmuş, lakin fondun pul vəsaiti olmadığı bildirilmiş, həmçinin fondun pul vəsaiti yalnız xüsusi fonddan digər texniki avadanlıqlara xərclənəcyi deyilmişdir. İcra Haqqında qanununun 79.2-ci maddəsinin bəndinə uyğun olaraq rüsumun hər iki tərəfin ortaq qarşılıqlı ödənilməsi deyilmiş, lakin tərəflər buna etiraz etmişdirlər. Hazırki mübahisə rüsumun ödənilməsi ilə bağlıdır, Şirvan şəhər Məhkəməsinin 2(032)-456/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsinə münasibətdə isə ona aydın olmayan tələb olmadığını bildirərək Şirvan şəhər Bələdiyyəsinin ərizəsinin təmin edilməmsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-456/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamənin izah edilməsinə dair Şirvan şəhər Bələdiyyəsinin ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Şirvan Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu tərəfindən Şirvan şəhəri Naxçıvan küçəsi 135-də yerləşən torpaq sahəsində qanunsuz (özbaşına zəbt edilmiş) aparılmış 200 kv.m sahədən yuxarı torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi, bələdiyyənin ehtiyat torpaq fonduna qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-456/2023 saylı, xx.xx.2023-cü il tarixli cavabdeh Borclu tərəfindən Şirvan şəhəri Naxçıvan küçəsi 135-də yerləşən Şirvan şəhər Bələdiyyəsinin mülkiyyətində olan zəbt edilmiş torpaq sahəsində inşa edilmiş tikililər cavabdehin hesabına sökülməsi, özbaşına zəbt edilmiş 341 kv.m torpaq sahəsi Şirvan şəhər Bələdiyyəsinin mülkiyyətinə qaytarılması, torpaq sahəsində yaşıllıqlar qırılmamaq şərtilə çəkilmiş dəmir (məftillə çəpərlənmə) çərəplənmiş hasar, dirəklər sökülməsi, torpaq sahəsi boşaldılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Qanunvericilik məhkəmə aktına izah verilməsini onun məzmununun dəyişdirilməsi ilə məhdudlaşdırmışdır. Başqa sözlə, məhkəmə aktının verilən izah həmin akta yeni məzmun verməməli, bir sözlə məhkəmə aktının izah olunması barədə məsələ qətnamənin məzmununun toxunulmazlığı ilə əlaqələndirilmişdir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Qətnamənin nəticə hissəsinin aydın olmasını məhkəmə iclasında izahat vermiş tərəflərdə təsdiq etmişlər. Məhkəmə hesab edir ki, qətnamənin nəticə hissəsi aydın ifadə olunmuş və izaha ehtiyacı yoxdur. Belə ki, mülki iş üzrə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilən və iş materiallarında mövcud olan sübutlara əsasən həmin qətnamənin nəticə hissəsində cavabdeh Borclu tərəfindən Şirvan şəhəri Naxçıvan küçəsi 135-də yerləşən Şirvan şəhər Bələdiyyəsinin mülkiyyətində olan zəbt edilmiş torpaq sahəsində inşa edilmiş tikililər cavabdehin hesabına sökülməsi, özbaşına zəbt edilmiş 341 kv.m torpaq sahəsi Şirvan şəhər Bələdiyyəsinin mülkiyyətinə qaytarılması, torpaq sahəsində yaşıllıqlar qırılmamaq şərtilə çəkilmiş dəmir (məftillə çəpərlənmə) çərəplənmiş hasar, dirəklər sökülməsi, torpaq sahəsi boşaldılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən qətnamədə göstərilmiş, lakin aydın və dəqiq olmayan, həmçinin ziddiyyətli olan hər hansı bir ifadələr olarsa, hakim onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qətnamədə mövcud olmayan hər hansı bir ifadənin və s. izah qaydasında qətnaməyə əlavə edilməsi yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qətnamədə qeyri-müəyyən, anlaşılmaz hər hansı xüsusat mövcud deyildir və buna görə də izah verilməsi yolu ilə həmin qətnamənin icrasına münasibət bildirilməsi yolverilməzdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 456/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin izah edilməsinə dair Şirvan şəhər Bələdiyyəsinin ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şirvan şəhər Məhkəməsinin 2(032)-456/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin izah edilməsinə dair Şirvan şəhər Bələdiyyəsinin ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar