Məhkəmə qərarları › İş №8(032)-205/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-205/2025

04.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-205/2025 04.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, Borclu məxsus əmlakın üzərindən həbsin götürülməsi barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin şöbəsinin icra məmuru Murad Xudaverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “VAZ 21060” minik markalı ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsi tərəfindən verilmiş 3(032)-553/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu ümumilikdə 1500 manat inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. “İcra Haqqında” Azərbaycan Respulikası Qanununun 20.1.4-1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə yuxarıda göstərilən icra sənədi üzrə icraata xitam verilmişdir. Qeyd edilənlərə əsasən “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsaslanaraq Borclu məxsus ** RC *** dövlət qeydiyyat nişanlı, VAZ 21060 minik markalı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməməlidir. Təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin 3(032)-553/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qərarına əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat cərimə edilmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icrata başlamaq haqqında qərarının surətindən görünür ki, Borclu icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, həmin bildiriş Borclu şəxsən təqdim edilmişdir. Şirvan şəhər Məhkəməsinin 8(032)-57/2022 saylı, 11 avqust 2022-ci il tarixli qərardadından görünür ki, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin təqdimatı təmin edilərək, Borclu məxsus “Chevrolet Aveo” minik markalı ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və borcun həmin avtomobilə yönəldilməsi qərara alınmışdır. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şirvan şəhər Məhkəməsinin 3(032)-553/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-1-ci maddəsinə əsasən qanun əsasında borclunun dövlətə olan borcu silindikdə icra sənədi üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 145-ci maddəsinə əsasən bu Məcəllənin inzibati məsuliyyət müəyyən edən müvafiq müddəaları qüvvədən düşmüş hesab edildikdə (145.1.1); barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs öldükdə və ya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə (145.1.2); inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə (145.1.3); bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda (145.1.4); ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası zamanı bu Məcəllənin 28.4-cü maddəsində nəzərdə tutulmuş hallar yarandıqda (145.1.5); barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə (145.1.6). inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir. Həmin Məcəllənin 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Məhkəmə araşdrıması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat cərimə edilmişdir. Həmin qərar icra edilməsi üçün Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə göndərilmiş və sonuncu tərəfindən icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Daha sonra Şirvan şəhər Məhkəməsinin 3(032)-553/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qərarın icrası məqsədi ilə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən təqdimatla məhkəməyə müraciət edilmiş və Şirvan şəhər Məhkəməsinin 8(032)-57/2022 saylı, 11 avqust 2022-ci il tarixli qərardadı ilə Borclu məxsus “Chevrolet Aveo” minik markalı ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması və borcun həmin avtomobilə yönəldilməsi qərara alınmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarı ilə Şirvan şəhər Məhkəməsinin 3(032)-553/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qərarın icrasına xitam verilmişdir. Xitamın əsası olaraq Borclu dövlət nəfinə olan borcunun silindiyi qeyd edilmişdir. Həmin qərar üzrə icra şöbəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-1 və 20.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərindən görünüdyü kimi inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərarın icrasına müəyyən olunmuş müddətin keçməsi ilə bağlı xitam verilməsi mümkündür. Lakin həmin müddətin keçməsi ilə əlaqədar xitam verilmə səlahiyyəti inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) müəyyən edilmişdir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir. İşin faktiki hallarından isə inzibati tənbeh tədbirinin tətbiqi barədə qərarın icrasına xitam verilməsi barədə qərardadın olması halı aşkar edilməmişdir. Həmçinin Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Borclu məxsus “VAZ 21060” minik markalı ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilsə də, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 8(032)-57/2022 saylı, 11 avqust 2022-ci il tarixli qərardadında Borclu məxsus “Chevrolet Aveo” minik markalı ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulmuş olduğu müəyyən olunur. Yəni təqdimatda qeyd edilən nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulmuş olması və həmin nəqliyyat vasitəsinin Borclu mülkiyyətində olması müəyyən edilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Borclu məxsus “VAZ 21060” minik markalı ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Murad Xudaverdiyevin təqdimatı təmin edilməsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar