Məhkəmə qərarları › İş №8(032)-206/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-206/2025

15.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-206/2025 15.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, X1 tərəfindən verilmiş ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X1 “ödənilməli olan pul məbləğlərinin indeksasiyası” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-1676/2014 saylı məhkəmə əmri ilə müəyyən edilmiş 993 manat pul məbləğinin indeksləşdirilərək 2014-cü il oktyabr ayından 2025-ci il sentyabr ayınadək 204,80 faiz artımı (993 manat x 204.80%=2033,66 manat) nəzərə alaraq cəmi 3026,66 manat məbləğində indeksləşdirmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 2-(032)-1676/2014 saylı, 30 oktyabr 2014-cü il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1 və Borclu2 cəmi 993 manat məbləğində pul müştərək qaydada tutularaq X2 xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasından görünür ki, 2025-ci il sentyabr ayında 2014-cü il oktyabr ayına nisbətən istehlak qiymətləri indeksi 204,80 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2,0 dəfə artmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş tələbkar məhkəməyə gəlməmiş, ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş borclular məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-1676/2014 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclu xx.xx.1994-cü ildə Şirvan şəhərində anadan olmuş, Şirvan şəhəri, L.İbrahimov küçəsi, ev 24, mənzil 58-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Z.Bünyatzadə küçəsi, ev 80-də yaşayan Borclu1 və borclu xx.xx.1971-ci ildə Şirvan şəhərində anadan olmuş, Şirvan şəhəri, L-İbrahimov küçəsi, ev 24, mənzil 58-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Z.Bünyatzadə küçəsi, ev 80-də faktiki yaşayan Borclu2 972 manat müştərək qaydada və ərizə verilərkən ödənilmiş 21 (iyirmi bir) manat dövlət rüsumu tutularaq kreditor X3 ödənilməsi əmr edilmişdir. Məhkəmə iclasında Şirvan şəhər Məhkəməsinin 2(032)-1676/2014 saylı iş materiallarına baxış keçirilmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-1676/2014 saylı iş materiallarından müəyyən olunur ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-1676/2014 saylı məhkəmə əmri icra edilməsi üçün xx.xx.2014-cü il tarixdə Maraqlı şəxsnə göndərilmiş, xx.xx.2014-cü il tarixdə Maraqlı şəxs icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-1676/2014 saylı məhkəmə əmri ilə borclu xx.xx.1994-cü ildə Şirvan şəhərində anadan olmuş, Şirvan şəhəri, L.İbrahimov küçəsi, ev 24, mənzil 58-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Z.Bünyatzadə küçəsi, ev 80-də yaşayan Borclu1 və borclu xx.xx.1971-ci ildə Şirvan şəhərində anadan olmuş, Şirvan şəhəri, L-İbrahimov küçəsi, ev 24, mənzil 58-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Z.Bünyatzadə küçəsi, ev 80-də faktiki yaşayan Borclu2 972 manat müştərək qaydada və ərizə verilərkən ödənilmiş 21 (iyirmi bir) manat dövlət rüsumu tutularaq kreditor X3 ödənilməsi əmr edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-1676/2014 saylı məhkəmə əmri icra edilməsi üçün xx.xx.2014-cü il tarixdə Maraqlı şəxsnə göndərilmiş, xx.xx.2014-cü il tarixdə Maraqlı şəxs icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Beləliklə, araşdırılmış sübutlarla Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-1676/2014 saylı icra sənədinin xx.xx.2014-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək icra edilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, “Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş “məhkəmə araşdırması hüququ” təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin, məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7,10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarında hesab etmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında göstərilmişdir: " Beləliklə, Konstitusiya və beynəlxalqhüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir....Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qovulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, "İcra haqqında" Qanunun 26- cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir". İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, istehlak qiymətləri indeksi 2025-ci ilin sentyabr ayında 2014-cü ilin noyabr ayına nisbətən 204,6 faiz təşkil etmişdir. Ərizəçinin tələbindən görünür ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-1676/2014 saylı məhkəmə əmri ilə müəyyən edilmiş 993 manat pul məbləğinin indeksləşdirilərək 2014-cü il oktyabr ayından 2025-ci il sentyabr ayınadək 204,80 faiz artımı (993 manat x 204.80%=2033,66 manat) nəzərə alaraq cəmi 3026,66 manat məbləğində indeksasiya olunmasından ibarətdir. Məhkəmə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatını nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməli, Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-1676/2014 saylı məhkəmə əmri ilə Borclu1 və Borclu2 X2 xeyrinə tutulmalı olan 993 (doqquz yüz doxsan üç) manat pul vəsaitinin xx.xx.2014-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər olan indeksasiya edilmiş məbləğinin 2031 manat 68 qəpik olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə, Azərbaycan Respublikası MPM-nin 162-ci, 263-264-cü və 266-269-cu maddələrinə əsasən , QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-1676/2014 saylı məhkəmə əmri ilə Borclu1 və Borclu2 müştərək qaydada X2 xeyrinə tutulmalı olan 993 (doqquz yüz doxsan üç) manat pul vəsaitinin xx.xx.2014-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər olan indeksasiya edilmiş məbləğinin 2031 manat 68 qəpik olduğu müəyyən edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar