Məhkəmə qərarları › İş №8(032)-21/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-21/2024

22.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-21/2024 22.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-580/2023 saylı, 15 may 2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Cavid Məmmədlinin təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Məmmədli Cavid təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayonu Məhkəməsinin 2(007)-580/2023 saylı, 15 may 2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə xx.xx.1987-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayonu Məhkəməsinin 2(007)-580/2023 saylı, 15 may 2023-cü-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay iki uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2022-ci il tarixədən xx.xx.2023-cü il tarixədək cəmi 386 manat sabit pul məbləğində aliment, xx.xx.2023-il tarixdən başlayaraq cəmi 440 manat sabit pul mənbəyində aliment tutlaraq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədində göstərilən tələb könüllü icra müddət ərzində təmin edilmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanılaraq, borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin, Borclu adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu alimenti ödəmədiyi üçün 5666 (beş min altı yüz altmış altı) manat borcu mövcuddur. xx.xx.2023-cü il tarixdə “tələbin könüllü icrası haqqında” bildirişin borclu tərəfindən qəbul edilməsinə, daha sonra xəbərdarlıq olunmasına baxmayaraq, hazırki vaxta qədər Borclu borcunu tam ödəməyərək tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmış və icra məmurunun tələblərini yerinə yetirməməklə müvafiq icra sənədinin icrasından yayınmışdır. İcra işi üzrə icra məmuruna, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Nizami rayonu Məhkəməsinin 2(007)-580/2023 saylı, 15 may 2023-cü il tarixli icra sənədindən görünür ki, iddia təmin edilmiş və cavabdeh Borclu hər ay iki uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər uşaöa hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment, xx.xx.2023-il tarixdən başlayaraq hər uşağa hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul mənbəyində aliment tutlaraq Tələbkar verilməsi qət olunmuşdur. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 23 may 2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu Məhkəməsinin 2(007)-580/2023 saylı, 15 may 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, Borclu 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 25 may 2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, Borclu icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə icra işini araşdıraraq, icra işindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslıdır, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami rayonu Məhkəməsinin 2(007)- 580/2023 saylı, 15 may 2023-cü il tarixli icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyindən və borcu ödəməkdən yayınmaq məqsədi ilə istənilən vaxt ölkənin hüdudlarını tərk edə biləcəyindən, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, bununla da təqdimat təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami rayonu Məhkəməsinin 2(007)-580/2023 saylı, 15 may 2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu – xx.xx.1987-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar