Məhkəmə qərarları › İş №8(032)-216/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-216/2025

19.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-216/2025 19.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, Ərizəçi Tələbkar Şirvan Şəhər Məhkəməsinin 2(032)-1674/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş borcun indeksləşdirilməsinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin 2(032)- 1674/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən əsas 213 manat məbləğ indeksləşdirilərək 2014-cü il tarixdən – 2025-ci ilin may ayınadək 206 faiz artımı (213 AZN × 206 % = 438.78 AZN) nəzərə alınaraq, cəmi 651.78 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1674/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1 qızı və Borclu2 cəmi 213 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar xeyrinə tutulması qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə biləməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödənilməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tədbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasından görünür ki, 2025-ci il oktyabr ayında 2014-cü il oktyabr ayına nisbətən istehlak qiymətləri indeksi 206.00 faiz təkşil etmiş, yəni qiymətlərin səviyyəsi 2.1 dəfə artmışdır. O da nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi işə baxmış məhkəmə tərəfindən məhz qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsini nəzərdə tutmuş olsa da, bu təsisat hüquqi mahiyyəti və təyinatı baxımından formasından (qətnamə, qərardad, qərar və ya əmr) asılı olmayaraq müvafiq pul məbləğinin tutulmasını müəyyən edən, qanuni qüvvəyə minmiş istənilən məhkəmə aktına münasibətdə tətbiq edilə bilər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Ərizəçi Tələbkar məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxaraq ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli 2(032)-1674/2014 saylı əmrinə əsasən borclular Borclu1 və Borclu2 213 manat və ərizə verilərkən ödənilmiş 21 manat dövlət rüsumu müştərək qaydada tutularaq kreditor Tələbkar ödənilməlidir. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 20 noyabr 2014-cü il tarixli 2(032)- 1674/2014 saylı qərardadından görünür ki, kreditor Tələbkar Şirvan şəhər Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli 2(032)-1674/2014 saylı məhkəmə əmrində buraxılmış yalnışlığın düzəldilməsi barədə ərizə təmin edilərək, Şirvan şəhər Məhkəməsinin 30 noyabr 2014-cü il tarixli 2(032)-1674/2014 saylı məhkəmə əmrinin nəticəvi hissəsində 213 manat əvəzinə 192 manat əsas borc və 21 manat dövlət rüsumu, cəmi 213 manat kimi oxunması qərara alınmışdır. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1674/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrindən görünür ki, kreditor “Sunny Electronics” mağazasının nümayəndəsi Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Borclu1 ilə 13 noyabr 2013-cü il tarixdə, 12019 saylı alqı-satqı müqaviləsi, Borclu2 ilə isə 13 noyabr 2013-cü il tarixli, 12018/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, Borclu1 aldığı malların dəyərini hər ay hissə-hissə ödəməli olduğu halda, bu öhdəliyi yerinə yetirməmiş və nəticədə 13 noyabr 2013-cü il tarixdə, 12019 saylı saylı alqı-satqı müqaviləsinin şərtlərini pozmuşdur. Bununla əlaqədar olaraq, Borclu1 ümumilikdə 213 (iki yüz on üç) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” xx.xx.1992-ci il tarixli 174 nömrəli Qanunun 1-ci maddəsinə əsasən İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən müəssisələrin, idarələrin və təşkilatların (bundan sonra müəssisələr adlanacaqdır) işçilərinin əmək haqqı; birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər (uşaqlı ailələrə, işsizliyə görə, ştatların ixtisarı, müvəqqəti əmək iqtidarsızlığı ilə, hamiləliklə əlaqədar verilən və başqa müavinətlər); vətəndaşların Azərbaycan Respublikasının Əmanət Bankında olan əmanətləri; Azərbaycan Respublikasının dövlət istiqrazları və digər dövlət qiymətli kağızları; Azərbaycan Respublikasının dövlət sığorta orqanlarına verilən haqlar; aliment, həmçinin Xüsusi mülkiyyət, sahibkarlığın fərdi əmək və digər bütün formaları əsasında, habelə fərdi icarə (qrup icarəsi) əsasında fəaliyyət göstərən müəssisələrdə və kooperativlərdə, eləcə də fərdi kəndli təsərrüfatlarında müqavilə və ya üzvlük şərtləri ilə çalışanların gəlirləri də bu Qanuna müvafiq surətdə indeksləşdirilə bilər. Həmin şəxslərin gəlirlərinin indeksləşdirilməsi şərtləri onların sahibkarla (idarə heyəti ilə) bağladıqları müqavilələrdə müəyyən olunur. Həmin Qanunun 3-cü maddəsinə əsasən İndeksləşdirmə vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlərə şamil edilmir. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, “1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. 2. Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir.” “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyun 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, “1. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. 2. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir.” Məhkəmənin mövqeyi: Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında açıq şəkildə qeyd olunmuşdur ki, indeksasiya yalnız qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qətnamələr üzrə tətbiq oluna bilər. Yəni indeksasiya tələbi yalnız məhkəmə qərarı qanuni qüvvəyə mindikdən və tam ödənilmədiyi müddət ərzində irəli sürülə bilər. Ərizəçinin tələbi bu müddəti və prosedur zərurətləri nəzərə almadan təqdim edilmişdir. Həmçinin o da qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi bəyan etmişdir ki, indeksasiya məhkəmə qərarının borclu tərəfindən icrasının gecikdirilməsi nəticəsində yaranan inflyasiya itkilərinin kompensasiyası məqsədi daşıyır, lakin bu təsisat hüquqi sanksiya və ya əlavə öhdəlik kimi tətbiq edilə bilməz. Ərizəçinin təqdim etdiyi hallar məhz bu hüquqi mexanizmi sanksiyaya çevirmək mahiyyəti daşımışdır. Mülki Prosessual Məcəllənin 232-ci maddəsi “birinci instansiya məhkəməsində icraat” bölməsində yerləşdiyi üçün, Konstitusiya Məhkəməsi bu normaların yalnız yekun məhkəmə aktı ilə müəyyən edilmiş pul tələblərinə münasibətdə tətbiq edilə biləcəyini vurğulamışdır. Əgər qətnamə artıq icra edilmişsə və ya məbləğin ödənilməsi gecikmə ilə olsa da həyata keçirilmişsə, bu zaman həmin müddətə görə ayrıca indeksasiya tələb edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun 17 iyun 2025-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə indeksasiya məsələsinin qanunvericilikdə birbaşa tənzimlənmədiyi, bu səbəbdən qanunun analogiyası prinsipinə əsasən “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun tətbiqinin mümkün və məqsədəuyğun olduğu bildirilmişdir. Qeyd edilən Qanunun 3-cü maddəsində indeksasiyanın tətbiq olunacağı obyektlər konkret sadalanmışdır. Bu obyektlər sırasına əmək haqları, pensiyalar, sosial müavinətlər, təqaüdlər, əmanətlər, aliment və dövlət qiymətli kağızları üzrə ödənişlər daxil edilmişdir. Əlavə olaraq, bu maddədə xüsusi olaraq qeyd edilir ki, “İndeksləşdirmə vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlərə şamil edilmir.” Bu müddəa hüquqi baxımdan o deməkdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, mülki-hüquqi münasibətlərdən irəli gələn pul tələbləri – o cümlədən alğı-satqı müqaviləsinə, kredit müqaviləsinə və ya zaminlik öhdəliklərinə əsaslanan borclar – həmin Qanunun 3-cü maddəsinin tənzimləmə dairəsinə daxil deyildir. Başqa sözlə, bu Qanun yalnız sosial və əmək yönümlü gəlirlərin və əmanətlərin alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlətin birbaşa müdaxiləsini nəzərdə tutur və məhkəmə aktları ilə müəyyən edilmiş mübahisəli borc tələbləri bu dairədən kənardır. Bu baxımdan, ərizəçi Tələbkar təqdim etdiyi indeksasiya tələbi konkret olaraq “vətəndaşın sahibkarlıq fəaliyyətindən (elektronika mağazası) irəli gələn gəliri ilə əlaqəli olduğundan”, bu tələb qanunun 3-cü maddəsində sadalanan indeksləşdirmə obyektlərinə aid edilə bilməz. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında da bu aspekt ayrıca vurğulanmışdır ki, “Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında məhkəmə qətnamələrinin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır. Bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir.” Ərizəçinin tələb etdiyi 213 manat əsas borc məbləğinin 206 faizlə indeksləşdirilərək 438.78 manata çatdırılması “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” xx.xx.1992-ci il tarixli 174 nömrəli Qanunun 3cü maddəsinin predmet dairəsinə aid deyil, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş mülki borc öhdəliyi, indeksasiya hüququ verən sosial gəlir kateqoriyasına daxil deyil, məhz bu səbəbdən, qanunun analogiyası əsasında belə, tələb olunan indeksasiyanın bu halda tətbiq edilməsi hüquqi əsas mövcud deyildir. Nəticə etibarilə, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş mülki-hüquqi pul öhdəliyinin indeksləşdirilməsi barədə tələb, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 3-cü maddəsində nəzərdə tutulan indeksasiya obyektlərinə daxil olmadığından, ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tələbkar Şirvan Şəhər Məhkəməsinin 2(032)-1674/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş borcun indeksləşdirilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar