Məhkəmə qərarları › İş №8(032)-34/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-34/2025

13.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-34/2025 13.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə , X1, Maraqlı şəxs X5 iştirakı ilə , X1 Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın ləğv edilməsi, icra sənədinin icrasına möhlət verilməsi və ya müəyyən vaxta təxirə salınması haqqında ərizəsinə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X11 ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın ləğv edilməsi, icra sənədinin icrasına möhlət verilməsi və ya müəyyən vaxta təxirə salınması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, maraqlı tərəf Şirvan şəhər İcra və X18 şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-791/2023 saylı icra vərəqəsinin icra edilməsi üçün xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar vermiş və 2(032)-791/2023 saylı mülki iş üzrə cavabdeh (borclu) olan X8 Şirvan şəhəri, N.Nərimanov küçəsi ev 9, 34 saylı mənzildən çıxarılması və həmin iş üzrə üçüncü şəxs mülki iş üzrə iddiaçı (tələbkar) X7 həmin mənzilə köçürülməsinə icranı könüllü olaraq təmin edilməsinə görə 10 gün müddət vermişdir. Maraqlı tərəf Şirvan şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərarından narazı qaldığına görə həmin qərardan məhkəməyə şikayət vermək məcburiyyətində qalmışdır. Ərizəçi maraqlı tərəfə qarşı “mənzilin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul olunaq 2(032)-5/2025 saylı mülki iş üzrə müvafiq məhkəmə prossesləri keçirilmiş və məhkəmə inşaat mühəndislik ekspertizası keçirilməsi ilə əlaqədar qərardad verilmişdir. Məhkəmə inşaat mühəndislik ekspertizasının müvafiq rəyi məhkəmə daxil olduqdan sonra məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixə məhkəmə baxışı təyin edilmiş, lakin məhkəməyə maraqlı tərəfin vəkili tərəfindən ərizə daxil olaraq, məhkəmənin apellyasiya instansiya məhkəməsində baxılana kimi dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə prossesi xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. O, maraqlı tərəfə müraciət edərək hal-hazırkı mübahisə üzrə “mənzilin naturada bölünməsi” tələbinə dair mülki iş olduğundan, məhkəmədə hüquqi qiymət verilənə kimi dayandırılmasını xahiş etmişdir. Xahişini onunla əsaslandırmışdır ki, “mübahisəli evə üçüncü şəxs köçürmək istəsəniz də, mənzilin hansı pay hissəsinə köçürülməsin təmin edəcəksiniz ki, həmin pay hissələri faktiki olaraq naturada bölünməsi müəyyən edilməmişdir və həmçinin naturada məhkəmə tərəfindən bölündüyü halda, həmin pay hissəsinin naturada bölgüsündə olan hissənin mülkiyyətim olduğumdan, həmin naturada bölünmüş pay hissəsinin üzərində sərəncam vermək hüququm olacaqdır ki, belə olan halda həmin naturada bölünmüş pay hissəsində kimin yaşamasına qərar vermək hüququm vardır, Əks halda fərz edək ki, maraqlı tərəf icra edilməsini həyata keçirmək üçün mülki iş üzrə cavabdehi (borclu) mübahisəli mənzildən çıxarır, belə olan halda icra məmuru necə müəyyən edir ki, mülki iş üzrə cavabdeh (borclu) mən ərizəçinin mülkiyyətində olan pay hissəsindən çıxarılmasın təmin edir yoxsa üçüncü şəxsin mülkiyyətində olan pay hissəsindən çıxarılmasın təmin edir və yaxud da üçüncü şəxs mübahisəli mənzilin naturada bölünməyən hansı hissəsinə köçürülməklə icranı həyata keçirə biləcəkdir. Bütün bu halla hesab edir ki, mübahisəli mənzil naturada bölünməsi məhkəmə tərəfindən hüquqi qiymət verildiyi halda mümkün olacaqdır, əks halda maraqlı tərəf ola bilsin ki, üçüncü şəxsi mübahisəli mənzilə köçürəcəyi təqdirdə, onun mülkiyyət hüququnu da pozmuş olur. Bu hal birbaşa konstitusiya ilə tənzimləndiyindən, belə olan halda onun da mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Məhkəmə isə dövlətin adından qərarlar çıxartdığından, maraqlı tərəf isə məhz dövlət tərəfindən çıxış edərək qərarların icrası zamanı hesab edir ki, vətəndaşların konstitusiya ilə qorunan hüquqlarını pozmamalıdır. Çünki maraqlı tərəf üçüncü şəxsi mübahisəli mənzilə köçürülməsini təmin edən zaman mənzilin hansı hissəsinə köçürülməsini həyata keçirəcəkdir və yaxud həyata keçirəcəyi halda o naturada bölünməyən pay - hissəsinin onun tərəfindən üçüncü şəxsin mülkiyyətinin pozulacağı və həmçinin eləcə də, üçüncü şəxs onun naturada bölünməyən pay hissəsinin onun tərəfindən mülkiyyətini pozacağını necə müəyyən edə biləcəkdir. Ona görə də hesab edir ki, mübahisəli mənzilin naturada bölünməsi məhkəmə tərəfindən hüquqi qiymət verilənə kimi maraqlı tərəfin icraata bağlanması barədə qərarının, yəni icra sənədinin icrasına möhlət verilməli və yaxud müvəqqəti vaxta təxirə salınmalıdır və bunun üçün məhkəməyə ərizə ilə müraciət etmək qərarına gəlmişdir.” Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş icra məmuru məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə ərizəni və ona əlavə olunan sənədləri, araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra sənədi üzrə borclu X13 əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalı, tələbkar X14 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməlidir. Cavabdeh X6 dövlət rüsumu kimi 50 manat məbləğində pul alınaraq iddiaçı X12 verilməlidir. İcra sənədi üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar,başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Qeyd olunan 3 elementdən ikinci və üçüncü elementlər birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)- 791/2023 saylı icra sənədi üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın ləğv edilməsi, icra sənədinin icrasına möhlət verilməsi və ya müəyyən vaxta təxirə salınması haqqında ərizəsi əsassızdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ərizəçinin subyektiv hüquqları müəyyən edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən icraatda tərəflər tələbkar və borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi qanunun tələbinə görə icra sənədi üzrə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası,yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qeyd edir ki, icra sənədinin icrasına möhlət verilməsi müstəsna haldır və bu zaman yalnız borclunun deyil, eyni zamanda tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, icra sənədinin icrasına möhlət verilməsi tələbkar X2 qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, icra sənədinin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Bundan əlavə, məhkəmə aktının icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Hazırki halda Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-791/2023 saylı icra sənədinin qeyri-müəyyən müddətdə icra edilməməsi, borclu tərəfindən icra sənədinin icrasının uzanmasına şərait yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir. (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40) Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2 və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Belə olan halda isə məhkəmə Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-791/2023 saylı icra sənədi üzrə icraata möhlət verilməsi barədə qanunvericilikdə göstərilmiş müstəsna halı müəyyən etmədiyindən, hesab edir ki, icra sənədi üzrə ərizə vermiş şəxs X4 icra sənədi üzrə icraata möhlət verilməsi barədə ərizəsi əsassız olduğundan təmin olunmamalıdır. Həmçinin məhkəmə ərizəçinin ərizədə bildirdiyi xüsusatlara münasibətdə qeyd edir ki, iddiaçı X4 cavabdeh X9 qarşı “miras əmlakda müəyyən edilmiş payların naturada ayrılması” tələbi barədə iddiası Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(032)-5/2025 saylı qətnaməsinə əsasən təmin edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin ərizənin verilməsi ilə bağlı subyektiv hüquqları müəyyən edilmədiyindən və icra sənədi üzrə icraata möhlət verilməsi barədə qanunvericilikdə göstərilmiş müstəsna halı müəyyən edilmədiyindən ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və MPM-in 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın ləğv edilməsi, icra sənədinin icrasına möhlət verilməsi və ya müəyyən vaxta təxirə salınması barədə ərizəsi təmin edilməsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar