Məhkəmə qərarları › İş №8(032)-52/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-52/2024

06.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-52/2024 06.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 , Borclu iştirakı ilə, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(071)-43/2023 saylı icra sənədinin icrası ilə bağlı Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 16(071)-43/2023 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Hacıqabul Rayon Məhkəməsi tərəfindən verilmiş e-16(071)-43/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1984-cü il tarixində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir . "Elektron İcra" informasiya sistemindən borclunun iş yeri və əmək haqqı məlumatlarını sorğuladığı zaman borclunun işlədiyi müəyyən edilmiş və xx.xx.2023-cü il tarixində icra sənədi icra olunması üçün Borclu iş yerinə göndərilmişdir. İcra sənədi üzrə tələbin borclunun əmək haqqından hər ay 70% tutulmaqla icra olunmasına baxmayaraq tələbkarın hesabına hər ay 227 manat pul köçürülür və hər ay 163 manat aliment əksik olduğu üçün hazırda xx.xx.2024-cü tarixinə kimi Borclu aliment borcu 1205 manat təşkil edir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 təqdimatı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, o “Dost iş” mərkəzində fəhlə işləməklə aylıq 327 manat əmək haqqı alır, aliment borcu üçün onun aylıq əmək haqqından 227 manat pul tutulur, alimentdən hər ay 163 manat əksik qalsa da onu ödəyə bilmir. Burda işləmədiyi vaxt Türkiyə Respublikasında işləmişdir. Ölkədən getmə hüququnun məhdudlaşdırılmasına etiraz etmədi . Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş tələbkar məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hacıqabul rayon Məhkəməsinin e-16(071)-43/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Hacıqabul rayon Məhkəməsinin icraatında olan 2(071)- 926/2023 saylı mülki iş üzrə mübahisə məhkəmədə həll olunana və yekun məhkəmə aktı çıxarılanadək , tərəflərin birgə nikahından doğulmuş uşaqları - xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Borclu hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat müvəqqəti aliment alınaraq Tələbkar verilməsi qəta olunmuşdur. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Hacıqabul rayon Məhkəməsinin e-16(071)-43/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli tələbkarın ərizəsinin surətindən görünür ki, tələbkar Hacıqabul rayon Məhkəməsinin e-16(071)-43/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə borcludan 1205 manat aliment borcunun alınıb ona verilməsini , zərurət yaranarsa barəsində bütün məcburi tədbirlərin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə icra işini araşdıraraq, icra işindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslıdır, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Hacıqabul rayon Məhkəməsinin e-16(071)- 43/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyindən və borcu ödəməkdən yayınmaq məqsədi ilə istənilən vaxt ölkənin hüdudlarını tərk edə biləcəyindən, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, bununla da təqdimat təmin olunmalıdır . Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(071)-43/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borclu - xx.xx.1984-cü ildə Əli-Bayramlı (indiki ünvan 2 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar