Məhkəmə qərarları › İş №8(032)-53/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-53/2024

03.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-53/2024 03.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Tələbkar ASC-nin nümayəndəsi X1, Borclu, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, Hacıqabul rayon Məhkəməsinin 2(071)-467/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu məxsus avtomobillərin üzərinə həbsin qoyulması və həmin nəqliyyat vasitələrinin müvafiq cərimə duracağında saxlanılması barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Hacıqabul rayon Məhkəməsinin 2(071)-467/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclular X3, X5 və Borclu müştərək qaydada 7332,71 manat əsas borc, 322,85 manat məbləğində faiz borcu, 1712,66 manat peniya borcu, cəmi 9368,22 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi Borclu məxsus olan avtomobillərin üzərinə həbsin qoyulması və həmin nəqliyyat vasitələrinin müvafiq cərimə duracağında saxlanılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-467/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu 9368,22 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Belə ki, borclu hal-hazırkı vaxta qədər icra sənədində göstərilmiş tələbləri yerinə yetirməmiş və göstərilən borc məbləğini tam ödəməmişdir. Borclu əmlak vəziyyətinin yoxlanılması məqsədilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. Elektron İcra İnformasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Mercedes Benz C200” minik markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı və “QAZ 3307” markalı (xüsusi təyinatlı), **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. İcra sənədi üzrə tələbi təmin etmək məqsədilə Borclu məxsus **-EP-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C200” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı “QAZ 3307” markalı nəqliyyat vasitələrinin üzərinə həbsin qoyulması və həmin nəqliyyat vasitələrinin müvafiq cərimə duracağında saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X4 təqdimatın məzmununa uyğun izahat verərək, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar ASC-nin nümayəndəsi X4 bildirdi ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-467/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdehlər X3, X5 və Borclu cəmi 9398,22 manat pul tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Qətnamə üzrə ümumi borcdan 6776,15 manat məbləğində pul borclular tərəfindən banka ödəniş edilmişdir. Hazırda borcluların icra sənədi üzrə 2622,07 manat borcları qalmaqdadır. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədi üzrə Borclu məxsus avtomobillərin üzərinə həbs qoyulması və cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, tərəfindən icra sənədi üzrə borc məbləği onun əmək haqqından tutulur. Hazırda verilmiş olan təqdimatın qismən təmin edilməsinə etirazı yoxdur. Lakin borcunun az olmasının nəzərə alınaraq həbsin yalnız **- UN-*** dövlət qeydiyyat nişanlı “QAZ 3307” markalı nəqliyyat vasitəsinin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə təqdimatı və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Hacıqabul rayon Məhkəməsinin 2(071)-467/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclular X3, X5 və Borclu müştərək qaydada 7332,71 manat əsas borc, 322,85 manat məbləğində faiz borcu, 1712,66 manat peniya borcu, cəmi 9368,22 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Sabirabad rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında qərarından görünür ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-467/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi icra edilməsi üçün aidiyyəti üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə göndərilmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-467/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başanılmış və icra sənədi üzrə borcun könüllü icra edilməsi ilə bağlı Borclu 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş ”Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından görünür ki, “Mercedes Benz C200 Minik” markalı və “QAZ 3307 xüsusi təyinat” markalı avtomobillər Borclu mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Tələbkar ASC-nin Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 0090 nömrəli məktubunda qeyd edilmişdir ki, icraatınızda Hacıqabul rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(071)-467/2016 saylı qətnaməsinə əsasən cavabdehlər X3, X5 və Borclu cəmi 9398,22 manat tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsinə dair qətnaməsi üzrə icra vərəqəsi vardır. Qətnamə qəbul edildikdən sonra borclular tərəfindən tələbkarın xeyrinə 6776,15 manat ödəniş edilmişdir. Hal-hazırda borcluların qətnamə üzrə ödənilməmiş 2622,07 manat borcu qalmaqdadır. Məhkəmə ilkin olaraq qeyd edir ki, təqdimatda icra sənədinin icrasının təmin olunması məqsədi ilə Borclu məxsus **-EP-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C200” markalı və **-UN-*** dövlət qeydiyyat nişanlı “QAZ 3307 xüsusi təyinat” markalı nəqliyyat vasitələrinin üzərinə həbsin qoyulması və həmin nəqliyyat vasitələrinin müvafiq cərimə duracağında saxlanılmasından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)- 467/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclular X3, X5 və Borclu müştərək qaydada 7332,71 manat əsas borc, 322,85 manat məbləğində faiz borcu, 1712,66 manat peniya borcu, cəmi 9368,22 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, icra sənədi üzrə ümumi borcdan 6776,15 manat məbləğində pul borclular tərəfindən banka ödənilmiş və hazırda icra sənədi üzrə borcluların 2622,07 manat borc qalmaqdadır. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi icra sənədi üzrə borclular tərəfindən qeyd edilən borc məbləğindən ödənişlər edilmişdir. Təqdimatda isə borcluya məxus iki avtomobilin üzərinə həbsin qoyulması və cərimə meydançasına yerləşdirilməsindən ibarətdir. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Böyük Palatanın Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilənin əsaslandırılması üçün üç meyar müəyyən etmişdir: müdaxilənin hüquqi əsası olmalıdır; müdaxilə ictimai maraqlara cavab verməlidir; müəyyən edilmiş qayda əldə ediləcək məqsədə mütənasib olmalıdır. Məhkəmə qeyd edir ki, Avropa Məhkəməsinin presedent hüququndan göründüyü kimi mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Həmçinin mülkiyyətə müdaxilə zamanı yuxarıda qeyd edilən üç meyyar gözlənilməlidir. Həmin üç meyyara münasibtədə məhkəmə qeyd edir ki, müdaxilənin hüquqi əsası olma hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin fakitiki hallarından göründüyü kimi mövcud tələb üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Müdaxilə ictimai maraqlara cavab vermə hissəsinə münasibtədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissəsində qeyd edilmişdir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmçinin Mülki Məcəllənin 6.1.1-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi mülki qanunvericiliyin prinsiplərindən biridir. İşin faktiki hallarından göründüyü kimi hazırkı iş üzrə tərəflər tələbkar və borcludur. Tələbkar da mülki hüquq subyektlərindən biri olaraq iştirak etdiyindən onun hüquqları qorunmalıdır. Hazırkı təqdimat üzrə görüləcək tədbirlər də məhz tələbkarın hüquqularının təmin edilməsinə xidmət edir. Əldə ediləcək məqsədə mütənasib olma hisəsinə münasibətdə məhkəmə hesab edir ki, bu məqsədə nail olmaq üçün məhz ədalətli balans gözlənilməlidir. Yəni tələbkar kimi borclununda əmlakı üzərində hüquqlarının lüzumsuz yerə məhdudlaşdırılmasına yol verilməməlidir. Məhz mütənasiblik prinsipinin qorunması məqsədilə məhkəmə hesab edir ki, borcluya məxsus olan əmlaklardan biri üzrə borclunun hüquqlarının məhdudlaşdırılması ilə icra sənədinin icrasının təmin edilməsi mümkündür. Təqdimatın borcluya məxsus olan əmlakın üzərinə həbsin qoyulması və həmin nəqliyyat vasitələrinin müvafiq cərimə duracağında saxlanılması hissəsinə münasibtədə məhkəmə hesab edir ki, təqdimat Borclu məxsus avtomobilin üzərinə həbsin qoyulması hissəsində təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. İşin faktiki hallarından görünür ki, borclunun mülkiyyətində **-EP-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C200” minik markalı və **-UN-*** dövlət qeydiyyat nişanlı “QAZ 3307” minik markalı avtomobillər mövcuddur. Bu səbəbdən də icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmalıdır. Təqdimatın avtomobilin üzərinə həbs qoyulması və üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin müvafiq cərimə duracağında saxlanılması hissəsinə münasibtədə məhkəmə hesab edir ki, təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirilərindən biridir. Həmin Məcəllənin 52.1-ci maddəsinə əsasən borclunun əmlakı saxlanmaq üçün onun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (bundan sonra saxlayıcıya) verilir. Əmlakı saxlamaq üçün qəbul edən saxlayıcıdan bu barədə qəbz alınır. Əmlakdan istifadə olunması onun məhvinə və ya dəyərinin azalmasına səbəb olmadıqda, saxlayıcı həmin əmlakdan istifadə edə bilər. Həmin Məcəllənin 52.4-cü maddəsinə əsasən saxlanmaq üçün verilmiş əmlak mənimsənildikdə, israf edildikdə, özgəninkiləşdirildikdə və ya gizlədildikdə, saxlayıcı vurduğu ziyana görə əmlak məsuliyyətindən əlavə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti də daşıyır. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Məhkəmə qeyd edir ki, “İcra Haqqında” Qanunun tələblərindən göründüyü kimi icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmçinin icra sənədi üzrə borclunun əmlakı saxlanmaq üçün onun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (bundan sonra - saxlayıcıya) verilir. Eyni zamanda məhkəmə qeyd edir ki, tələbin üzərinə həbs qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı prosedur “İcra Haqqında” Qanununla tənzimlənir və həmin qanunun tələblərindən göründüyü kimi tələbin həbs qoyulmuş əmlaka yönəldilməsi üçün İcra məmuru – qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən qiymətləndirici dəvət etməli, əmlakın qiymətləndirilməli, tələbkara təklif olunmalı, tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Yəni tələbin üzərinə həbs qoyulmuş əmlaka yönəldilməsi məhkəmə tərəfindən deyil icra məmuru tərəfindən həyata keçirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi Borclu məxsus **-EP-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C200” markalı və **-UN-*** dövlət qeydiyyat nişanlı “QAZ 3307 xüsusi təyinat” markalı nəqliyyat vasitələri mövcuddur. Məhkəmə tərəfindən mütənsabilik prinsipinə əsalanmaqla avtomobillərindən yalnız birinə münasibətdə icra tədbirilərinin həyata keçrilməsi qərara alınmışdır. İcra tədbiri olaraq isə yalnız avtomobilin üzərinə həbsin qoyulması ilə kifayətlənilmişdir. Üzərinə həbs qoyulacaq əmlaka münasibətdə isə məhkəmə icra sənədi üzrə qalıq borcunun həcmini, borclunun mənafeyini və həbs qoyulacaq əmlakın dəyərini nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə məhz borcluya məxsus “QAZ 3307 xüsusi təyinat” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzrəinə həbsin qoyulması ilə icra sənidinin icrasına nail olmaq mükündür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməldir. Göstərilənləri nəzərə alaraq və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci bəndini rəhbər tutub məhkəmə qərara aldı: Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin təqdimatı qismən təmin edilsin. Borclu məxsus “QAZ 3307 xüsusi təyinat” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərarın icrası Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar