Məhkəmə qərarları › İş №8(032)-66/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-66/2025

15.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-66/2025 15.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X5 iştirakı ilə, Şirvan şəhər İcra və probasiya şöbəsinin 8İ-6567 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən verilmiş 8i-6567 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən X1 BOKT "xxxx" MMC-nin xeyrinə 172 (yüz yetmiş iki) manat məbləğində pul tutulmalıdır. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Müjgan Hüseynovanın 17 dekabr 2024-cü il tarixli qərarı ilə icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. X13 Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə şikayətlə məhkəməyə müraciət edərək, Şirvan şəhər İcra və probasiya şöbəsinin 8İ-6567 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən X4 barəsində 8i-6567 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi vermişdir. Həmin icra qeydinə əsasən X1 cəmiyyətin xeyrinə 172 (yüz yetmiş iki) manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin (bundan sonra “Şöbə”) icraatına daxil olmuş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələbini rəhbər tutaraq icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra sənədinin geri qaytarılması barədə qərarı qanunsuz və əsassızdır. Şöbəinin icra məmuru qərarını onunla əsaslandırıb ki, aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönəldilə biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə akt tərtib olunmuşdur. Həmin akt barədə tələbkara məlumat verilmişdir. Bununla bağlı ilk olaraq qanunvericiliyə zidd olaraq borclunun yaşadığı mənzildə tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlakın aşkar olunmamasına dair tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmişdir. Digər tərəfdən ümumiyyətlə borclunun barəsində icra sənədinin olmasına dair məlumat yoxdur (tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilməmişdir) və onun mənzilinə heç bir baxış keçirilməmişdir. Tərtib olunan akt isə əsaslı şübhələr doğurur. Həmçinin icra məmuru borclunun banklarda hesablarının olubolmaması və hesabların mövcud olduğu halda orada pul vəsaitinin olub-olmamasını aydınlaşdırmamışdır. Ümumiyyətlə isə demək olar ki, bu icra işi üzrə icra məmurunun fəaliyyəti yalnız kabinetdən müəyyən sorğuların göndərilməsindən ibarət olmuşdur. İcra tədbirləri yalnız şablon üzrə sorğuların göndərilməsindən (ümumi məlumat sisteminə daxil olmasından) ibarət deyildir. Nəzərə almaq lazımdir ki, borc məbləği nə 10.000 manat, nə də ki, 1000 manatdır. İcra məmuru üçün borcludan borc məbləğinin hissə-hissə belə tutulması mümkünsüz işə çevrilmişdir. Yəni borcludan tutulmalı olan məbləğin cəmi 172 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, uzun müddətdə icra məmuru tərəfindən həmin məbləğin heç olmasa qismən də ödənilməsini təmin edə biləcək hər hansı əmlakın aşkar olunmaması ağlabatan deyil. Eyni zamanda, borclunun gəlirlərinin nədən ibarət olması digər məlumatlarla yanaşı borclunun izahatı əsasında məşğuliyyəti, qazanc mənbəyi barədə verilmiş məlumatlardan, bu məlumatlar əsasında icra sənədinin icra edilməməsinin üzrlü və ya üzrsüz səbəbdən baş verməsi müəyyən oluna bilər. Digər tərəfdən gəlirlərinin olmaması qənaətinə gəlmək üçün ən azından borclu tam əmək qabiliyyətsiz olaraq pensiya, təqaüd almaq imkanından da məhrum olmalıdır. Lakin nə icra sənədinin qaytarılması haqqında qərarda borclunun izahatının alınması göstərilməmiş, nə də ki, icra məmuru tərəfindən qeyd edilən halların müəyyən edilməsini təsdiq edən sübutlar iş materiallarında yoxdur. Qeyd edilən halların müəyyən edilməməsi isə belə bir nəticəyə gəlməyə əsas verir ki, icra məmuru tərəfindən borclunun gəlirlərinin axtarışı ilə bağlı lazımi bütün tədbirlər görülməmişdir. Qərarın surəti tələbkara xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş X13 Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq şikayəti müdafiə etdiklərini və işə iştirakları olmadan baxaraq şikayətin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən şikayətə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X7 izahatında şikayəti əsassız hesab edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X5 izahatını dinləyib, şikayəti və şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər 1 saylı notariat ofisinin 8i-6567 saylı, xx.xx.2023-cü il tarixli icra qeydində qeyd edilmişdir ki, Şirvan şəhər 1 saylı notarlat ofisinin xüsusi notariusu X8 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə AZ1075, ünvan 2 ünvanında yerləşən Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-i VÖEN:********** xeyrinə ünvan 3 ünvanında qeydiyyatda olan X1 (AA3441896,xx.xx.2022 – Şirvan; FİN: 2QHBMAD; d/t: xx.xx.1972) **********2 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 92 manat 05 qəpik (doxsan iki manat sıfır beş qəpik) tutulsun. Bundan əlavə təklif edirəm borcludan X1 54 manat 95 qəpik (əlli dörd manat doxsan beş qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat (iyirmi beş manat) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 172 manat (yüz yetmiş iki) pul tutulsun. Həmin icra qeydi xx.xx.2023 tarixdə aparılmışdır. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında məlumatın surətindən görünür ki, Şirvan şəhər 1 saylı notariat ofisinin 8i-6567 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X6 tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya borclu X3 icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, həmin bildiriş borclu X3 şəxsən təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli borclu X2 yazılı izahatının surətindən görünür ki, Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8i-6567 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan 172 (yüz yütmiş iki) manat məbləğində pul tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə verilməlidir. Sözügedən icra sənədi üzrə hazırda ödəniş etməmişdir. xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə gəlmiş, icra məmuru ona hüquq və vəziflərini izah etmiş, yaranmış borcun ödənilməsini ondan tələb etmişdir. Borcun ödənilməsindən boyun qaçırtmır, lakin işsiz və bu səbəbdən də maddi vəziyyəti aşağı olduğu üçün borcu birdəfəlik ödəmək imkanı yoxdur. Əlavə olaraq bildirmişdir ki, adına heç bir daşınar və ya daşınmaz əmlak, aidyyəti təşiklatlarda qiymətli kağız və ya əmanətləri yoxdur. Elektron icra sistemindən çıxarışdan görünür ki, borclu X2 əmlak və gəliri aşkar olunmamışdır. Borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişməsinin və yaxud tələbin yönəldə biləcəyi əmlakının olmamasının müəyyən edilməsi haqqında xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, X2 yaşadığı ünvan 4 ünvanında tələbin yönəldə biləcəyi əmlak aşkar olunmamışdır. xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər 1 saylı notariat ofisinin 8i-6567 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı həyata keçirilmiş icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar olunmadığından, əmlak və gəlirlərin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədiyindən icra sənədi geri qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan şəhər 1 Saylı Dövlət Notariat Kontoru ofisi tərəfindən verilmiş 8i-6567 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən X1 BOKT "xxxx" MMC-nin xeyrinə 172 (yüz yetmiş iki) manat məbləğində pul tutulmalıdır. İcra qeydi icra olunması üçün icra şöbəsinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası ilə bağlı tərəflərə məlumat verilmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şirvan şəhər 1 saylı notariat ofisinin 8i-6567 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsinə əsasən icra işi üzrə icraata xitam verilmişdir. Xitamın əsası olaraq icra sənədinin icrası ilə bağlı həyata keçirilmiş icra tədbirləri nəticəsində borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə verməməsi olmuşdur. Məhkəmə hesab edir ki, icra məmuru qanunvericiliyin tələblərini gözləmədən icra sənədini əsassız olaraq geri qaytarmış, icra qeydinin icrasını təmin etmək üçün icra qurumu borcluya məxsus əmlakın aşkar edilməsi üçün kifayət qədər tədbirlər görməmiş, eyni zamanda öz qərarını da əsaslandırmamışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda İcra sənədi üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şirvan şəhər 1 saylı notariat ofisinin 8i- 6567 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Müjgan Hüseynovanın xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6-cı maddəsinə əsasən İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar ləğv edildiyi halda icra tədbirləri icraata başlama haqqında qərar qəbul edildiyi vaxtdan davam etdirilir. Yəni qeyd edilən tədbirlərin həyata keçirilməsi ilə bağlı qanunvericilikdə müstəsna müddətlər müəyyən edilməmiş, həmçinin qanunvericiliyə əsasən bu hal tənzimlənməkdədir. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Şirvan şəhəri üzrə İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Şirvan şəhər 1 saylı notariat ofisinin 8i-6567 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X5 xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Şirvan şəhər 1 saylı notariat ofisinin 8i-6567 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar