Məhkəmə qərarları › İş №8(032)-68/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-68/2024

23.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-68/2024 23.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, Təqdimat vermiş şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1, Borclu iştirakı ilə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına Şirvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin 10 mart 2015-ci il tarixli 2(032)- 127/2015 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icraatında olan Şirvan Şəhər Məhkəməsinin 2(032)-127/15 nömrəli xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 3 uşağın saxlanılmasından ötrü hər ay 90 manat məbləğində aliment alınaraq Tələbkar ödənilməlidir. İcra sənədi üzrə Borclu edilmiş xəbərdarlıqlara baxmayaraq alimenti ödəməmişdir. Hazırda uşaqların hər üçü yetkinlik yaşına çatmışdır. Buna baxmayaraq, tələbkar ərizə ilə müraciət edərək ödənilməyən 5430 manat aliment pulunun alınmasın xahiş etmişdir. Borclu aliment üzrə borcu ödəmək istəmədiyini bildirmişdir. İcra sənədi üzrə aliment borcunun yüksək olmasına əsasən ehtimal olunur ki, iş üzrə Borclu hər an ölkə hüdudundan kənara çıxa bilər bu da göstərilən icra vərəqəsinin icrasına mane olar. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş tələbkar məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında təqdimat vermiş şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 təqdimatı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-127/2015 saylı 10 mart 2015-ci il tarixli icra sənədi üzrə borcu vaxtında məlumatlı olmadığından ödəməmiş və borc yığılmışdır. Hazırda borca görə onun əmək haqqından pul tutulur. Təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Şirvan Şəhər Məhkəməsinin 2(032)-127/2015 saylı 10 mart 2015-ci il tarixli icra vərəqəsindən görünür ki, 06 iyul 1999-cu il tarixdə doğulmuş X5, 12 yanvar 2002-ci il tarixdə doğulmuş X3 və 24 mart 2004-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli 12 dekabr 2014-cü ildən hesablanmaqla xx.xx.1978-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş və Şirvan şəhəri Upramxor qəsəbəsində qeydiyyatda olan Borclu hər ay hər bir uşağa sabit pul məbləğində 30 manat olmaqla cəmi 90 manat aliment tutularaq iddiaçı Tələbkar verilməlidir. xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-127/2015 saylı, xx.xx.2015-ci tarixli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2015-ci il tarixli 3514/7 saylı tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Elektron icra informasiya sistemindən çıxarışdan görünür ki, Borclu “X9” MMC-də dəzgahda işləyən fəhlə, qəlib dəzgahı/metal emalı vəzifəsində işləməklə 1012 manat 57 qəpik məbləğində əmək haqqı alır. Borclunun əmək haqqında və digər gəlirlərinə yönəldilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Borclu aylıq əmək haqqından 5430 manat məbləğində borc tam qurtarana qədər hər ay 70 faiz tutaraq tələkbar Tələbkar kart hesabına köçürülməsi, qərarın icra olunması üçün “X9” MMC-yə göndərilməsi qərara alınmışdır. Əmək haqqından tutulma barədə xx.xx.2014-cü il tarixli 903-10/17 məlumatın surətindən görünür ki, Borclu əmək haqqından tutulma barədə icra məmurunun qərarı icra edilməsi “X9” MMC-yə göndərilmişdir. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-127/2015 saylı xx.xx.2015-ci tarixli icra vərəqəsi üzrə Borclu işləməklə qazanc əldə etməsi halını nəzərə alaraq, icra məmuru qeyd edilən icra vərəqəsinin icrasının təmin edilməsi üçün tələbi borclunun əmək haqqına yönəltmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirləridir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir . Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-127/2015 saylı xx.xx.2015-ci tarixli icra sənədi üzrə borclunun sabit əmək haqqı almaqla işlədiyini, tələbin borclunun əmək haqqına yönəldilməsi kimi məcburi icra tədbirinin tətbiq olunmaqla hazırkı icra sənədi icrasının mümkünlüyü və borclu tərəfindən üzrsüz səbəbdən icra sənəsinin icra edilməməsi üçün hər hansı digər halın olmadığı, habelə uşaqlar artıq yetkinlik yaşına çatdığı üçün onların saxlanılması üçün vəsaitin tutulması təcililiyi zərurəti aradan qalxdığı nəzərə alınaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı təmin olunmamalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və MPM-in 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub məhkəmə qəraraaldı: Borclu xx.xx.1978-ci ildə Şirvan şəhərində anadan olmuş, Şirvan şəhəri Upramxor qəsəbəsində yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar