Məhkəmə qərarları › İş №8(032)-78/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-78/2024

05.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-78/2024 05.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Şikayətçi "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şikayətçi "xxxx" ASC-nin Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 8İ-5177 saylı, xx.xx.2020-ci il tarixli, icra sənədi üzrə tələbin borclu X2 “ailə başçısını itirməyə görə əmək pensiyası” növündə pensiya təminatına yönəldilməsinə münasibətdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şikayətçi "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 8İ-5177 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbin borclu X2 “ailə başçısını itirməyə görə əmək pensiyası” növündə pensiya təminatına yönəldilməsinə münasibətdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan şəhər İcra və probasiya şöbəsinin icraatında tələbkarı olduqları Şirvan şəhər 1 saylı notariat ofisinin 8İ-5177 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi mövcuddur. Həmin sənədə əsasən borclu X1 FR/08275/73 nömrəli kredit müqaviləsi üzrə vaxtında ödənilməmiş 4662,32 manat kredit borcu və tərəflərindən ödənilmiş 20 manat dövlət rüsumu, ümumilikdə 4682 manat pul vəsait tutulmalı və bankın xeyrinə ödənilməlidir. Elektron icra informasiya sisteminə inteqrasiya olunmuş məlumatlara əsasən borclunun hazırda “ailə başçısını itirməyə görə əmək pensiyası” növündə pensiya aldığı məlum olmuşdur. Tərəflərindən xx.xx.2024-cü il tarixdə 26/2024/ŞRF nömrəli məktubla icra şöbəsinə müraciət edilmiş və tələbin borclunun sözügedən təminatına yönəldilməsi xahiş edilmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli, 190/10-11 nömrəli məktubu ilə tələbin icrasından imtina edilmişdir. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən ərizəyə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 8İ-5177 saylı, xx.xx.2020-ci il tarixli, icra sənədi üzrə tələbin borclu X2 “ailə başçısını itirməyə görə əmək pensiyası” növündə pensiya təminatına yönəldilməsinə münasibətdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair "xxxx" ASC-nin şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şirvan şəhəri 1 saylı notraiat ofisinin xx.xx.2021-ci il tarixli icra qeydində qeyd edilmişdir ki, "xxxx" ASC-nin xeyrinə X1 FR/08275/73 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 4662,32 manat tutulsun. Bundan əlavə borclu X1 tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4682,32 manat pul tutulsun. "xxxx" ASC tərəfindən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə ünvanlanmış məktubdan görünür ki, borclulardan X2 ailə başçısını itirməyə görə sosial təminat xərcliyi aldığı, digər 2 borcluya isə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” üçün müəyyən edilmiş aylıq 80 manatın ödənildiyi müəyyən olunmuşdur. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixdə ünvanlanmış məktubda qeyd edilmişdir ki, X4 “ailə başçısını itirməyə görə əmək pensiyası” növündə pensiya alır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 68.1.1-ci maddəsinə əsasən həmin növ əmək pensiyaları tələbin yönəldilməsinə yol verilməyən pul məbləğləri siyahısındadır. Bu səbəbdən də ərizəniz X3 aid hissədə icra mümkün deyil. İcra işi üzrə portaldan çıxarışdan görünür ki, X4 “ailə başçısını itirdiyinə görə” aylıq 363,86 manat məbləğində pensiya alır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2978/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh Şirvan şəhər İcra və Probasiya Şöbəsinə qarşı “Şirvan şəhər İcra və Probasiya Şöbəsinin icraatında olan Şirvan şəhər 1 saylı notariat ofisinin 8İ-5177 saylı, xx.xx.2020-ci il tarixli, icra sənədi üzrə tələbin borclu X2 “ailə başçısını itirməyə görə əmək pensiyası” növündə pensiya təminatına yönəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. Məhkəmə, şikayəti və şikayətə əlavə edilmiş sübutları tədqiq edərək, hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan şəhəri 1 saylı notraiat ofisinin xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən "xxxx" ASC-nin xeyrinə X1 FR/08275/73 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 4662,32 manat pul və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunan icra qeydi icra edilməsi üçün aidiyyəti üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə göndərilmişdir. Həmin icra sənədi üzrə "xxxx" ASC tərəfindən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə məktub ünvanlanaraq borclulardan X2 ailə başçısını itirməyə görə sosial təminat xərcliyi aldığı və borcun tutulmasının qeyd edilən pensiyaya yönəldilməsi xahiş olunmuşdur. Lakin Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi borcun tutulmasının pensiyaya yönəldilməsindən imtina etmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 “ailə başçısını itirdiyinə görə” aylıq 363,86 manat məbləğində pensiya alır. Hazırda "xxxx" ASC Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 8İ- 5177 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbin borclu X2 “ailə başçısını itirməyə görə əmək pensiyası” növündə pensiya təminatına yönəldilməsinə münasibətdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsini xahiş edir. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi hesab edirilir. “İcra məmurları haqqında” Qanunun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məhmurunun hərəkətsizliyi ilə bağlı şikayətlə Şirvan şəhər Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Şikayətçinin tələbin borclu X2 “ailə başçısını itirməyə görə əmək pensiyası” növündə pensiya təminatına yönəldilməsi ilə bağlı Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi hissəsinə münasibətədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 43.1.2-ci maddəsinə əsasən məcburi icra tədbiri olaraq tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilir. İşin faktiki halarından göründüyü kimi X4 “ailə başçısını itirdiyinə görə” aylıq 363,86 manat məbləğində pensiya alır. Göründüyü kimi “İcra Haqqında” Qanunun tələblərinə əsasən icra sənədinin icra edilməsi ilə bağlı borcun yönəldilə biləcək əmlak və gəlirlərin siyahısı müəyyən edilmişdir. İşin hallarından da göründüyü kimi icra sənədi üzrə borclu ailə başçısını itirdiyinə görə pensiya alır və qanunvericilikdə borcun pensiyaya yönəldilməsi ilə bağlı məhdudiyyət qoyumamışdır. Eyni zamanda şikayətə əlavə edilmiş olan Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin "xxxx" ASC-yə ünvanlanmış məktubunda X2 ailə başçısını itirməyə görə pensiya növündə pensiya aldığı qeyd ediləsə də, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 68.1.1-ci maddəsinə istinad olunmaqla icra etməkdən imtina edilmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 68.1.1-ci maddəsinə əsasən sağlamlığa vurulmuş ziyana görə, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyana görə ödənilən məbləğlərə tələbin yönəldilməsi istisna edilmişdir. Hazırkı halda isə tələbkar tələbin borcluya məxsus olan pensiyasına yönəldilməsini tələb edir. “İcra Haqqında” Qanunun 68.1.1-ci maddəsi sağlamlığa vurulmuş ziyana görə, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyana görə ödənilən məbləğlərə yönəldilməsini istisna etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tələbin borclu X2 “ailə başçısını itirməyə görə əmək pensiyası” növündə pensiyasına yönəldilməsində imtina edilməsi ilə bağlı Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin hərkətsizliyi əsassızdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" ASC-nin Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 8İ-5177 saylı, xx.xx.2020-ci il tarixli, icra sənədi üzrə tələbin borclu X2 “ailə başçısını itirməyə görə əmək pensiyası” növündə pensiya təminatına yönəldilməsinə münasibətdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin hərəkətsizliyi qanunsuz hesab edilsin. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar