Məhkəmə qərarları › İş №8(032)-86/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-86/2024

13.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-86/2024 13.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin 24 iyul 2018-ci il tarixli, 2(106)-2040/2018 saylı icra vərəqəsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin 24 iyul 2019-cu il tarixli, 2(106)-2040/2018 saylı icra sənədinin hissə-hissə icra olunaraq hər ay tələbkara cəmi 300 manat məbləğində ödəniş etməyi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X6 ərizəsini onunla əsaslandırmışdır ki, Şirvan şəhər məhkəməsinin 27 mart 2018ci il tarixli qətnaməsinə əsasən ondan və digər cavabdehlərdən müştərək qaydada cəmi 20929,46 ABŞ dollarının tələbkar "xxxx" ASC-yə verilməsi qət olunmuşdur. Həmin qətnamədən narazı qaldığından apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-2040/2018 saylı icra sənədinə əsasən ondan və digər cavabdehlərdən müştərək qaydada cəmi 20829,85 ABŞ dolları məbləğində pulun alınaraq tələbkar "xxxx" ASC-nə verilməsi qət olunmuşdur. Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-2040/2018 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda Şirvan şəhəri üzra İcra və Probasiya Şöbəsi tərəfindən icra hərəkətləri başlanılmış və icra sənədində qeyd olunan məbləğin tələbkara ödənilməsi, eləcə də ipoteka predmeti olan mülkiyyətində olan fərdi yaşayış evinin açıq hərracda satılaraq evin boşaldılması ondan tələb olunur. Hal-hazırda o, heç bir yerdə işləmir. Ağır xəstədir və ayaqları tutulmuşdur. Dörd övlad anasıdır, iki oğlan övladı böyütmüşdür, onlar gələcəyin əsgərləridir və Vətənə xidmət edəcəklər. Həmin evdə xeyli sayda ailə üzvləri yaşayırlar. Baldızı isə öz uşağı ilə bərabər başsız qadın olduğuna görə onunla bərabər himayəsində yaşayır. O, işsiz olduğundan tələbkar "xxxx" ASC-yə hər ay 300 (üç yüz) manat məbləğində ödəniş edə bilər. Bu barədə tələbkara təklifləri də vardır. O, banka hal-hazırda göstərilən borc üzrə 10000 (on min manat) ödəniş edə biləcəyini, borcun qalan hissəsini isə ayda 300 manat olmaqla hər ay həyata keçirəcəyini bildirsə də bank onunla razılaşmır və aylıq ödənişinin 560 manat olmaqla həyata keçirilməsini tələb edirlər. Nə tələbkar tərəf, nədə ki Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi hər ay banka 300 manat ödəniş etməyi fikri ilə razılaşmırlar və ondan icra sənədində qeyd olunmuş məbləği bir dəfəyə ödəməyi tələb olunur. Lakin onun heç bir yerdən maddi gəliri olmadığından qeyd olunan borc məbləğini tam ödəməyə qətiyyən maddi imkanı yoxdur. O, məhkəmənin icra sənədi üzrə borc məbləğini ödəməkdən qərəzli surətdə yayınmır və maddi imkanı çatdığı qədər də banka ödəniş edəcəkdir. Onun hal-hazırki maddi vəziyyətinə əsasən tələbkara hər ay yalnız 300 manat ödəməyə imkanı çatar. Məhkəmə iclasında iştirak edən X5 ərizəsinə uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, onun heç bir yerdən maddi gəliri olmadığından qeyd olunan borc məbləğini tam ödəməyə qətiyyən maddi imkanı yoxdur. O, məhkəmənin icra sənədi üzrə borc məbləğini ödəməkdən qərəzli surətdə yayınmır və maddi imkanı çatdığı qədər də banka ödəniş edəcəkdir. Onun hal-hazırki maddi vəziyyətinə əsasən tələbkara hər ay yalnız 300 manat ödəməyə imkanı çatar. Göstərilənlərə əsasən, məhkəmədən ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş tələbkarın nümayəndəsi və icra məmuru məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə ərizəni və ona əlavə olunan sənədləri, araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 2040/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmişdir ki, Şirvan şəhər Məhkəməsinin 27 mart 2018-ci il tarixli 2(032)-92/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər X22, X7, X14, X17, X18 və X19 müştərək qaydada 15096,54 ABŞ dolları əsas borc, 5532,92 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu, cəmi 20929,46 ABŞ dolları manat hesabı ilə alınaraq Tələbkar QSC-yə verilməsi, iddia təmin olunduğundan iddia qaldırılarkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 21 manat və 42 manat xidmət haqqı X22, X7, X14, X17, X18 və X19 alınaraq ipoteka predmetinin açıq hərrada satışından əldə olunana vəsait hesabına iddiaçı Tələbkar QSC-yə ödənilməsi, borcun ödənilməsi ipoteka ilə yüklü olan X11 mülkiyyətində olan Şirvan şəhəri, Cəfər Cabbarlı küçəsi, 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 16 A nömrəli fərdi yaşayış evi açıq hərracda satılaraq tələb edilən borca yönəldilməsi, ipoteka predmeti olan X8 mülkiyyətindəki Şirvan şəhəri, Cəfər Cabbarlı küçəsi, 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 16 A nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 45000 manat müəyyən edilməsi, cavabdehlər X11 mülkiyyətindəki Şirvan şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 16 A saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2 həmin evə istifadə hüququ itirilməsi, evdən çıxarılması, həmin fərdi yaşayış evi və torpağı boşaldılması və alıcıya təhvil verilməsi, cavabdehlər X22, X18, X7, X14, X17 və X19 iş üzrə ekspertiza tədqiqatının dəyəri 100 manat alınaraq dövlət nəfinə köçürülməsi hissəsində iddianın təmin edilməsi, iddiaçı Tələbkar QSC-nin hərracda satışından əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər X22, X7, X14, X17, X18 və X19 ümumi qaydada tutulması hissəsində iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2040/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Şirvan şəhər Məhkəməsinin 27 mart 2018-ci il tarixlıi, 2(032)- 92/2018 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində ləğv edilərək və həmin hissədə iddia qismən təmin edilərək, cavabdehlər X22, X18, X7, X14, X17 və X19 müştərək qaydada 5433.31 ABŞ dolları məbləğində faiz borcu tutularaq iddiaçı Tələbkar QSC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli ,8(032)- 24/2024 saylı qərardadının surətindən görünür ki, X1 Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-2040/2018 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Şirvan şəhər icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 2040/2018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclular X12, X3, X4, X9, X10 və X19 müştərək qaydada cəmi 20829 ABŞ dolları məbləğində pul vəsaiti və 93 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Borcun ödənilməsi ipoteka predmeti olan X11 mülkiyyətində olan Şirvan şəhəri, C.Cabbarlı küçəsi, 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 16 A nömrəli fərdi yaşayış evinə yönəldilmişdir. İpoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 45000 manat müəyyən edilmişdir. İpoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra X2 həmin evə istifadə hüququ itirilməli, evdən çıxarılmalı, ev və torpaq sahəsi boşaldılaraq alıcıya təhvil verilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2019-cu il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icraatında daxil olmuşdur. Hazırda borcluların tələbkar "xxxx" QSC-yə qalıq borcu 4109.17 ABŞ dolları təşkil edir. İş materiallarında olan Tələbkar QSC-nin nümayəndəsi X15 tərəfindən məhkəməyə ünvanlanmış ərizəsində bildirmişdir ki, icraatınızda olan X13 Şirvan Apellyasiya Məhkəməsinin 24 iyul 2018-ci il tarixli 2(106)-2040/2018 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi üzrə 8(032)-86/2024 saylı işlə bağlı tərəbkar olaraq həmin qətnamənin hissə-hissə icra olunmasına etiraz etmişdir. Qeyd etmişdir ki, artıq qətnamənin çıxarılmasından təxminən 6 ildən çox vaxt keçmişdir və bu müddət ərzində borclu öz borcunu icra edi bilərdi. Odur ki, ərizənin təmin olunmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, X13 “Əmək müqaviləsi məlumatı” hissəsində hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.5-ci maddəsinə əsasən, Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarların mənafeləri eyni cür qorunmalıdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2040/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsi ilə X5 tərəfindən ödənilməli olan 4109.17 ABŞ dolları məbləğində pulun hər ay 300 manat olmaqla hissə-hissə icra etməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Məhkəmə borclunun işsiz olması barədə dəlillərini, borclu tərəfindən ödənilməli olan məbləğ kifayət qədər yüksək olduğundan və qətnamənin ərizədə göstərilən qaydada hissə-hissə icra edilməsi qətnamənin uzun müddətdə icra edilməsi ilə nəticələnərək tələbkarın hüquqlarını əhəmiyyətli dərəcədə pozulmasına səbəb olacağından, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə alınmalı olmasını nəzərə alaraq qətnamənin hissə-hissə icrası barədə ərizənin təmin edilməsi üçün əsaslı saymır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin 24 iyul 2018-ci il tarixli, 2(106)-240/2018 saylı icra sənədinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsi təmin edilməsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar