Məhkəmə qərarları › İş №8(032)-99/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-99/2023

25.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-99/2023 25.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, Şirvan şəhər Məhkəməsinin 2(032)-1887/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Borclu məxsus avtomobilin üzərinə həbsin qoyulması, üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin müvafiq cərimə duracağında saxlanılması və tələbin həmin əmlaka yönəldilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Məhkəməsinin 2(032)-1887/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdehlər X1 və Borclu müştərək qaydada xx.xx.2015-ci il tarixli PB/0xx/xx/367089 nömrəli kredit müqaviləsi üzrə 1337,24 ABŞ dolları əsas borc, 827,30 ABŞ dolları hesablanmış faiz borcu, 56,17 ABŞ dolları dəbbə pulu, cəmi 2220,71 ABŞ dolları məbləğində qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatanın Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq pul alınıb iddiaçı "xxxx" ASC-nə verilməsi, cavabdehlər X1 və Borclu nümayəndəyə göstərdiyi hüquqi yardıma görə 100 (bir yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi Borclu məxsus olan avtomobilin üzərinə həbsin qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 1887/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən borclular X1 və Borclu müştərək qaydada cəmi 2220,71 ABŞ dolları və 130 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin (LPO) xeyrinə ödənilməsi qət olunmuşdur. Həmin icra sənədinin icrası ilə əlaqədar, Borclu əmlak vəziyyətlərini yoxlamaq məqsədilə müvafiq təşkilatlara sorğular edilmiş və adına qeydiyyata alınmış **-BJ-*** dövlət qeydiyyat nişanlı “OPEL ASTRA” minik avtomobil aşkar olunmuşdur. “İcra haqqında” AR Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biri kimi nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq Borclu adına qeydiyyata alınmış **-BJ-*** dövlət qeydiyyat nişanlı “OPEL ASTRA” minik markalı avtomobilin üzərinə həbs qoyulmasını, üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin müvafiq cərimə duracağında saxlanılmasını və tələbin göstərilən nəqliyyat vaqsitəsinə yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin 2(032)- 1887/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər X1 və Borclu müştərək qaydada xx.xx.2015-ci il tarixli PB/0xx/xx/367089 nömrəli kredit müqaviləsi üzrə 1337,24 ABŞ dolları əsas borc, 827,30 ABŞ dolları hesablanmış faiz borcu, 56,17 ABŞ dolları dəbbə pulu, cəmi 2220,71 ABŞ dolları məbləğində qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatanın Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq pul alınıb iddiaçı "xxxx" ASC-nə verilməsi, cavabdehlər X1 və Borclu nümayəndəyə göstərdiyi hüquqi yardıma görə 100 (bir yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan şəhəri üzrə İcra şöbəsinin xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1887/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə icraat başlanılmış və borclulara borcun könüllü ödənilməsi ilə bağlı 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan şəhəri üzrə İcra şöbəsinin xx.xx.2016-cı il tarixli tələbin könüllü icrası ilə bağlı bildirşdən görünür ki, bildiriş borclu X3 çatdırılmışdır. İş materiallarına əlavə edilmiş X2 Şirvan şəhəri üzrə İcra şöbəsinə ünvanlanmış olan xx.xx.2023-cü il tarixli izahatından görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 1887/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə Samir Babayev tərəfindən 400 ABŞ dolları ödənilmişdir. Qalan borcu hissə-hissə tez bir zamanda ödəyəcəyini öhdəsinə götürmüdür. İş materiallarına əlavə edilmiş ”Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından görünür ki, **-BJ-*** dövlət qeydiyyat nişanlı “OPEL ASTRA” minik markalı avtomobili Borclu mülkiyyətindədir. Məhkəmə ilkin olaraq qeyd edir ki, təqdimatda icra sənədinin icrasının təmin olunması məqsədi ilə Borclu məxsus **-BJ-*** dövlət qeydiyyat nişanlı “OPEL ASTRA” minik markalı avtomobilin üzərinə həbsin qoyulması, üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin müvafiq cərimə duracağında saxlanılması və tələbin həmin əmlaka yönəldilməsindən ibarətdir. Məhkəmə təqdimatın Borclu məxsus **-BJ-*** dövlət qeydiyyat nişanlı “OPEL ASTRA” minik markalı avtomobilin üzərinə həbsin qoyulması hissəsinə münasibətdə hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. İşin faktiki hallarından görünür ki, borclunun mülkiyyətində **-BJ-*** dövlət qeydiyyat nişanlı “OPEL ASTRA” minik markalı avtomobil mövcuddur. Bu səbəbdəndə icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan **-BJ-*** dövlət qeydiyyat nişanlı “OPEL ASTRA” minik markalı avtomobilin üzərinə həbs qoyulmalıdır. Təqdimatın üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin müvafiq cərimə duracağında saxlanılması və tələbin həmin əmlaka yönəldilməsi hissəsinə münasibtədə məhkəmə hesab edir ki, təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirilərindən biridir. Həmin Məcəllənin 52.1-ci maddəsinə əsasən borclunun əmlakı saxlanmaq üçün onun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (bundan sonra saxlayıcıya) verilir. Əmlakı saxlamaq üçün qəbul edən saxlayıcıdan bu barədə qəbz alınır. Əmlakdan istifadə olunması onun məhvinə və ya dəyərinin azalmasına səbəb olmadıqda, saxlayıcı həmin əmlakdan istifadə edə bilər. Həmin Məcəllənin 52.4-cü maddəsinə əsasən saxlanmaq üçün verilmiş əmlak mənimsənildikdə, israf edildikdə, özgəninkiləşdirildikdə və ya gizlədildikdə, saxlayıcı vurduğu ziyana görə əmlak məsuliyyətindən əlavə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti də daşıyır. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Məhkəmə qeyd edir ki, “İcra Haqqında” Qanunun tələblərindən göründüyü kimi icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmçinin icra sənədi üzrə borclunun əmlakı saxlanmaq üçün onun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (bundan sonra - saxlayıcıya) verilir. Eyni zamanda məhkəmə qeyd edir ki, tələbin üzərinə həbs qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı prosedur “İcra Haqqında” Qanununla tənzimlənir və həmin qanunun tələblərindən göründüyü kimi tələbin həbs qoyulmuş əmlaka yönəldilməsi üçün İcra məmuru – qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən qiymətləndirici dəvət etməli, əmlakın qiymətləndirilməli, tələbkara təklif olunmalı, tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Yəni tələbin üzərinə həbs qoyulmuş əmlaka yönəldilməsi məhkəmə tərəfindən deyil icra məmuru tərəfindən həyata keçirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməldir. Göstərilənləri nəzərə alaraq və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci bəndini rəhbər tutub məhkəmə qərara aldı: Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı qismən təmin edilsin. Borclu məxsus **-BJ-*** dövlət qeydiyyat nişanlı “OPEL ASTRA” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərarın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar