Məhkəmə qərarları › İş №8(033)-12/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-12/2023

10.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-12/2023 10.03.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, borclu X3, X16 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X10 iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin 04 fevral 2013-cü il tarixli 2(033)-32/2013 nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə X16 Səhmdar Cəmiyyətinin ərizəsinə 2(033)-32/2013 nömrəli mülki işlə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X16 Səhmdar Cəmiyyətinin idarə heyətinin sədr müavini X18 Rayon Məhkəməsinin qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 2(033)-32/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin icrasını tam təmin etmək məqsədilə icra üsulunu və qaydasını dəyişdirərək, borclu X7 barəsində icra qanunvericiliyinə müvafiq olaraq icra tədbirlərini tətbiq edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı TuranBank ASC-nin cavabdehlər X4 və X9 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiası Zaqatala Rayon Məhkəməsinin 2(033)-32/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmişdir. Qətnamə üzrə tələb ipoteka ilə yüklü edilmiş, cavabdeh X9 məxsus Zaqatala rayonunun Aşağı Tala kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış, 39.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəlmişdir. 2012-ci il may ayının 7-də episentri Zaqatala rayonu ərazisində baş vermiş 7 bal gücündə olan zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Nəticədə bankın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak tam şəkildə məhv edilmişdir. Bununla bağlı aidiyyəti quruma sorğular edilmiş və müvafiq faktəsdiqedici sənəd onlara təqdim edilmişdir. Hazırda icra sənədi üzrə tələb 11495,48 manat təşkil edir. Belə olan təqdirdə qətnamədə müəyyən edilmiş qaydada tələbin icra edilməsi qeyri-mümkündür. Nəticədə icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi zərurəti yaranır. Hesab edirlər ki, icra sənədi üzrə tələbin təmin edilməsi məqsədilə borclu X8 barəsində “İcra haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş tədbirlər tətbiq edilməlidir. Məhkəmə icra üsulunun dəyişidirilməsi məsələsinə baxarkən nəzərə almalıdır ki, hazırkı vəziyyət icra qurumu digər qaydada tələbin borclunun əmlakına yönəldilməsi, habelə icra sənədinin təmin edilməsi istiqamətində borclunun üzərinə öhdəlik qoyulması imkanını məhdudlaşdırır. Yuxarıda qeyd olunlara istinad etsək, habelə icra sənədi üzrə borcun kifayət qədər məbləğ təşkil etdiyini nəzərə alsaq, məhkəmə tərəfindən ərizənin təmin edilməsinə dair müvafiq qərardadın qəbul edilməsi labüddür. Məhkəmə nəzərə almalıdır ki, icra sənədi üzrə borcun alınması məqsədilə tələbin borclunun digər əmlakına yönəldilməməsi, habelə borclu barəsində icra icraatı çərçivəsində məcburi icra və məsuliyyət tədbirlərinin görülməməsi, banka mənsub olan lakin borclunun öhdəliklərinin lazımi qaydada icra edilməməsi nəticəsində itirilən maddi nemətlərin gələcəkdə əldə edilməsi imkanından məhrum edir. Məhkəmə baxışı iclasında iştirak edən X16 Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, onlar icra üsulunun dəyişdirilərək məhkəmə qətnaməsi ilə qət edilmiş pul vəsaitinin borcludan tutulmasını xahiş edirlər. Borclu tərəfindən isə həmin borc ödənilmədikdə digər icra tədbirləri qismində həmin borcun borclunun pensiyasına yönəldilməsi və ya başqa əmlakları varsa ona yönəldilməsini xahiş edirlər. Məhkəmə baxışı iclasında iştirak edən borclu X7 izahat verərək göstərdi ki, həqiqətən də ipoteka ilə yüklü edilmiş, cavabdeh X9 məxsus Zaqatala rayonunun Aşağı Tala kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış, 39.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi zəlzələ nəticəsində dağılmışdır. Hazırda borcunu ödəməyə maddi imkanı yoxdur. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X15 izahatında göstərdi ki, cavabdeh X9 məxsus Zaqatala rayonunun Aşağı Tala kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış, 39.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi zəlzələ nəticəsində dağıldığından Zaqatala Rayon Məhkəməsinin 2(033)-32/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi tutmanın ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsi hissəsində icra edilməmişdir. Eyni zamanda qətnamə ilə cavabdedən pulun tutulması qət edilsə də, qətnamədə tutma ipotekaya yönəldiyindən qətnaməni o hissədə icra edə bilmirlər. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, borclunun ərizəsi təmin edilməməlidir. Belə ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-32/2013 saylı, 04 fevral 2013-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək 16 dekabr 2010-cu il tarixli BK 420f/10 saylı kredit müqaviləsi üzrə cavabdeh X2 8122 (səkkiz min yüz iyirmi iki) manat əsas kredit borcu, 3323.48 (üç min üç yüz iyirmi üç manat qırx səkkiz qəpik) manat faiz borcu, cəmi 11445.48 (on bir min dörd yüz qırx beş manat qırx səkkiz qəpik) manat kredit borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, həmçinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manatın tutularaq iddiaçı “TuranBank’' ASC-ə qaytarılması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X9 məxsus Zaqatala rayonunun Aşağı Tala kəndində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kvm yaşayış, 39,1 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 16000 manat məbləğində müəyyən edilməsi, iddianın 500 manat dəbbə pulunun cavabdeh X2 alınaraq "xxxx" ASC-ə qaytarılması hissəsində rədd edilməsi, qətnamənin icrasının Zaqatala rayonu İcra Qrupuna tapşırılması qət edilmişdir. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 20 dekabr 2022-ci il tarixli 76 nömrəli arayışından görünür ki, X9 məxsus Zaqatala rayon Aşağı Tala kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 44 m2 yaşayış, 39.1 m2 köməkçi sahəsi olan ev 2012 - ci ildə baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüşdür. Azərbaycan Respublikası Prezidentinin göstərişlərinə əsasən Nazirlər Kabinetinin müxtəlif sərəncamları ilə respublikanın şimal - qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən ərazidə bərpa tikinti işləri başlamışdır. Bunlardan biri də X9 məxsus Zaqatala rayon Aşağı Tala kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış, 39.1 kv.m köməkçi sahəsi olan ev olmuşdur. Vətəndaşa məxsus ev FHN tərəfindən sökülmüş və 3 otaqlı, ümumi sahəsi 130 m2 olan yaşayış evi yenidən tikilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir...Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Bu maddənin dispozisiyasına görə qətnamənin icra üsulunun və qaydasını dəyişdirilməsi üçün tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır. İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2015-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Məhkəmə qeyd edir ki, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna haldır və bu zaman yalnız borclunun deyil, eyni zamanda tələbkarın da mənafeyi nəzərə alınmalıdır. İşdən görünür ki, tələbkar qətnamənin icra üsulunun və qaydasının dəyişdirilərək, borclu X2 8122 manat əsas kredit borcu, 3323.48 manat faiz borcu, cəmi 11445.48 manat kredit borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun, həmçinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manatın tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, “icra sənədi üzrə borcun” yenidən bir daha cavabdehdən tutulması barədə ərizə qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi anlamına gəlmədiyindən, qətnamənin icra üsulu və qaydası bu şəkildə dəyişdirilə bilməz. Odur ki, ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda Azərbaycan Respublikası qanunverciliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən icra sənədi üzrə borcun ödənilməsinin təmin edilməsi borclunun yetərli pul vəsaiti olmadıqda Azərbaycan Respublikası qanunverciliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilməsi mümkündür, həmin əmlakın mpvcudluğunun aşkar edilməsi və həmin əmlaka yönəldilməsi ilə bağlı müvafiq hərəkətlərin həyata keçirilməsi icra sənədi üzrə tələbin icrasını həyata keçirən orqanın vəzifəsidir. Bundan başqa, qətnamənin icra üsulunun dəyişdirilməsi qətnamənin icrasının əvvəl müəyyən edilmiş üsul və qaydasının onun icrasına kömək edə bilmədiyi halda onun digər icra üsulu ilə dəyişdirilməsini özündə ehtiva edir. Qətnamənin icra üsulunun dəyişdirilməsinin mahiyyəti qətnamədə nəzərdə tutulmuş onun icra üsulunun və qaydasının tələbkarın hüquqlarını və qanuni mənafeyini təmin edən digər icra üsulu ilə əvəz edilməsidir. Məhkəmə qeyd edir ki, qətnamə icraya yönəldildikdən sonra icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiri olmaqla icra məmurunun təqdimatı əsasında həyata keçirilə və həmin əmlaka icra icraatı çərçivəsində tutma yönəldilə bilər. Mülki prosessual qanunvericilik məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icra üsulunun və qaydasının dəyişdirilməsi institutunu nəzərdə tutsa da, bu institut “İcra haqqında” Qanunda nəzərdə tutulmuş məcburi icra tədbirləri heç bir nəticə vermədikdə və borclunun əmlak vəziyyətinin icra sənədinin icrasına imkan verməyəcək dərəcədə ağır olduğu ortaya çıxdıqda tətbiq oluna bilər. Nəzərə alınmalıdır ki, “İcra haqqında” Qanunun 43.1.2-ci maddəsində, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirlərindən biri kimi təsbit edilmişdir. Göründüyü kimi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi bilavasitə məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur və onun həm də qətnamənin icra üsulunun dəyişdirilməsi kimi şərh olunması hüquq normasının həddindən artıq geniş təfsiri deməkdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun Məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarın 12-ci bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, tələbkar icra vərəqəsinin tam icra edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün icra qurumuna müraciət etməlidir. Məhkəmə belə qənaətə gəlir ki, X16 Səhmdar Cəmiyyətinin Zaqatala Rayon Məhkəməsinin 04 fevral 2013-cü il tarixli 2(033)-32/2013 nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsi əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsində müəyyən edilmişdir ki, qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 262, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı : X16 Səhmdar Cəmiyyətinin Zaqatala Rayon Məhkəməsinin 04 fevral 2013-cü il tarixli 2(033)-32/2013 nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar