Məhkəmə qərarları › İş №8(033)-133/2025

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-133/2025

09.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-133/2025 09.09.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 Əli qızının katibliyi Tələbkar iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 2(033)-902/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə tutulan alimentin indeksasiyasına dair Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, himayəsində olan 14 may 2011-ci il təvəllüdlü X4 və 20 aprel 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(033)-902/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat, hər ay iki uşağa görə 320 (üç yüz iyirmi) manat məbləğində alimentin məbləğinin Azərbaycan Respublikasında 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,533 misli həddində indeksasiya olunmaqla bir uşağa görə hər ay 213,2 (iki yüz on üç manat 20 qəpik) manat, hər ay iki uşağa görə 426,4 (dörd yüz iyirmi altı manat, 40 qəpik) manat təşkil etməsi (indeksasiya olunmaqla) barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(033)-902/2024 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən 14 may 2011-ci il təvəllüdlü X4 və 20 aprel 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Borclu hər ay bir uşağa görə sabit pul məbləğində 160 (bir yüz altmış) manat, hər ay iki uşağa görə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməlidir. Qeyd edilən icra sənədi Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Həmin ildə, yəni 2024-cü ildə Azərbaycan Respublikasında minimum əmək haqqı 345 (üç yüz qırx beş) manat məbləğində müəyyən edilmişdir. Bu il isə, yəni 2025-ci ildə Azərbaycan Respublikasında minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşma çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilməsi qərara alınmışdır. Həmin Plenumum qərarının 8.4-1 -ci maddəsində göstərilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan 14 may 2011-ci il təvəllüdlü X4 və 20 aprel 2016-cı il təvəllüdlü X1 üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Plenumum qərarının 8.4-2-ci maddəsində göstərilir ki, Ailə Məcəlləsinin 110.1 -ci maddəsinə əsasən bu Qərarın 8.4-1 ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Ona ödənilməli olan aliment məbləğinin təyin edilməsi ilə bağlı son məhkəmə qərarı 2024- cü ildə qəbul edilmişdir. Həmin ildə Azərbaycan Respublikasında minimum əmək haqqı 345 (üç yüz qırx beş) manat məbləğində müəyyən edilmişdir. Bu il isə Azərbaycan Respublikasında minimum əmək haqqı artaraq yanvarın 01-dən 400 manat məbləğində müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasında minimum əmək haqqı 345 manat məbləğində olarkən, yəni 2024-cü ildə himayəsində saxlanılmış uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment hər ay bir uşağa görə 160 (bir yüz altmış) manat, hər ay iki uşağa görə 320 (üç yüz iyirmi) manat məbləğində, yəni həmin il üçün minimum əmək haqqının 0,533 misli həddində təyin edilmişdir. Bu il üçün minimum əmək haqqı məbləği olan 400 manatın 0,533 misli bir uşağa görə hər ay 213,2 (iki yüz on üç manat 20 qəpik) manat təşkil edir. Buna görə də mənə ödənilməli olan aliment məbləğinin indeksasiya edilməsi zərurəti yarandığından hazırki ərizə ilə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Tələbkar ərizənin məzmununa uyğun çıxış edərək ərizənin təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, borclu iki aydır ki, aliment borcunu ödəmir. O, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti tam olaraq ödəməmiş və hər ay ona 270 manat aliment ödəmişdir. İcra məmuru borclunun banka borcu olduğundan alimenti tam şəkildə ödəyə bilmədiyini bildirmişdir. Həmin məbləğ uşaqlarının maddi ehtiyaclarını ödəmir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 232.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(033)-902/2024 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından 14 may 2011-ci il tarixdə doğulmuş X2 və 20 aprel 2016-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 15 iyul 2024-cü il tarixdən başlayaraq, cavabdeh Borclu hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, 320 (üç yüz iyirmi) manat aliment sabit pul məbləğində tutularaq, iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 11230124 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 14 may 2011-ci ildə doğulmuş X2 atası Borclu və anası Tələbkardır. İş materiallarına əlavə edilmiş Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20 aprel 2016-cı ildə doğulmuş X3 atası Borclu və anası Tələbkardır. MPM-in 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göründüyü kimi, qeyd edilən norma ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Bundan əlavə, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. İndeksasiya iflyasiya nəticəsində dəyən zərərin bərpa olunmasının üsulu olsa da, onu mülki hüququn mühüm institutlarından biri olan zərərin əvəzinin ödənilməsi ilə eyniləşdirmək olmaz. Zərərin əvəzinin ödənilməsi mülki-hüquqi məsuliyyət tədbiri olduğu halda, indeksasiyasının belə hüquqi təyinatı yoxdur. İşin halları ilə müəyyən olunur ki, hazırkı ərizəsində tələbkar 14 may 2011-ci il təvəllüdlü X4 və 20 aprel 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün Zaqatala rayon Məhkəməsinin 2(033)-902/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşağa görə 160 manat məbləğində alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,533 misli həddində indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 2024-cü il 20 dekabr tarixli 15 nömrəli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-cmaddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi, habelə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat; 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edildiyi nəzərə alınmaqla ərizəçinin indeksasiya tələbi qismən təmin edilməli, 2024-cü ildə qəbul məhkəmə qətnaməsi ilə bir uşağın saxlanılması üçün 160 manat sabit pul məbləğində alimentin tutulması qərara alındığından və tutulmuş alimentin miqdarı 2024-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,46 (160m/345m) mislini təşkil etdiyindən, məhkəməyə müraciət olunduğu tarixdən – xx.xx.2025-ci il tarixdən etibarən 14 may 2011-ci il təvəllüdlü X4 və 20 aprel 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu hər ay hər uşaq üçün sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində sabit pul məbləğində aliment tutularaq, Tələbkar ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Zaqatala rayon Məhkəməsinin 2(033)-902/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə tutulan aliment indeksasiya edilsin. xx.xx.2025-ci il tarixdən etibarən 14 may 2011-ci il təvəllüdlü X4 və 20 aprel 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar