Məhkəmə qərarları › İş №8(033)-168/2025

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-168/2025

06.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-168/2025 06.11.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 Əli qızının katibliyi, Tələbkar iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 2(033)-180/2014 nömrəli, 12 may 2014-cü il tarixli qətnaməsi ilə tutulan alimentin indeksasiyasına dair Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, himayəsində olan 17 noyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 12 may 2014-cü il tarixli, 2(033)-180/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay bir uşağa görə 75 (yetmiş beş) manat alimentin məbləğinin Azərbaycan Respublikasında 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.533 misli həddində indeksasiya olunmaqla bir uşağa görə hər ay 213.2 (iki yüz on üç manat iyirmi qəpik) manat təşkil etməsi (indeksasiya olunmaqla) barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 12 may 2014-cü il tarixli, 2(033)-180/2014 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən 17 noyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılınası üçün atası Borclu hər ay sabit pul məbləğində 75 (yetmiş beş) manat alimentin tutularaq ona ödənilməlidir. Qeyd edilən icra sənədi Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Ona ödənilməli olan aliment məbləğinin təyin edilməsi ilə bağlı son məhkəmə qərarı 2014-cü ildə qəbul edilmişdir. Həmin ildə Azərbaycan Respublikasında minimum əmək haqqı 103 (bir yüz üç) manat məbləğində müəyyən edilmişdir. Bu il isə Azərbaycan Respublikasında minimum əmək haqqı artaraq yanvarın 01-dən 400 manat məbləğində müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasında minimum əmək haqqı 103 (bir yüz üç) manat məbləğində olarkən, yəni 2014-cü ildə himayəsində saxlanılmış uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment 75 (yetmiş beş) manat məbləğində, yəni həmin il üçün minimum əmək haqqının 0,533 misli həddində təyin edilmişdir. Bu il üçün minimum əmək haqqı məbləği olan 400 manatın 0.533 misli bir uşağa görə hər ay 213,2 (iki yüz on üç manat 20 qəpik) manat təşkil edir. Buna görə də ona ödənilməli olan aliment məbləğinin indeksasiya edilməsi zərurəti yarandığından hazırki ərizə ilə müraciət etməli olmuşdur. Tələbkar 06 noyabr 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, alimentin indeksasiyası ilə bağlı ərizəsində texniki səhv olaraq ərizənin xahiş hissəsində indeksasiya mislini 0.71 misli əvəzinə 0.53 misli kimi qeyd etmişdir. Odur ki, ərizəsinin xahiş edirəm hissəsinin “himayəmdə olan 17 noyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 12 may 2014-cü il tarixli, 2(033)-180/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay bir uşağa görə 75 (yetmiş beş) manat alimentin məbləğinin Azərbaycan Respublikasında 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.71 misli həddində indeksasiya olunmaqla bir uşağa görə hər ay 284 (iki yüz səksən dörd) manat təşkil etməsi (indeksasiya olunmaqla) barədə qərardad çıxarılmasını xahiş edirəm” kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru, borclu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 232.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştira edən Tələbkar ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tələbkarı dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İşin faktiki hallarına görə Zaqatala Rayon Məhkəməsinin 2(033)-180/2014 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Borclu ilə X3 arasında Zaqatala rayonu, Əliabad qəsəbəsi İƏD üzrə nümayəndəliyində 24 yanvar 2011-ci il tarixdə bağlanmış 04 nömrəli nikahın pozulması, nikahın pozulması Zaqatala Rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilərkən 15 manat dövlət rüsumunun Borclu tutulması, X2 dövlət rüsumundan azad edilməsi, Borclu 17 noyabr 2011-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 10 fevral 2014-cü il tarixdən hesablanmaqla, hər ay 75 (yetmiş beş) manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göründüyü kimi, qeyd edilən norma ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Bundan əlavə, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. İndeksasiya iflyasiya nəticəsində dəyən zərərin bərpa olunmasının üsulu olsa da, onu mülki hüququn mühüm institutlarından biri olan zərərin əvəzinin ödənilməsi ilə eyniləşdirmək olmaz. Zərərin əvəzinin ödənilməsi mülki-hüquqi məsuliyyət tədbiri olduğu halda, indeksasiyasının belə hüquqi təyinatı yoxdur. İşin halları ilə müəyyən olunur ki, hazırkı ərizəsində Tələbkar yetkinlik yaşına çatmayan 17 noyabr 2011-ci ildə doğulmuş X1 üçün Borclu onun xeyrinə Zaqatala Rayon Məhkəməsinin 2(033)-180/2014 nömrəli, 12 may 2014-cü il tarixl qətnaməsi ilə hər ay bir uşaq üçün tutulan 75 (yetmiş beş) manat sabit pul məbləğində alimentin indeksasiyasının aparılaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,71 misli həddində sabit pul məbləğində aliment tutulmasına dair qərardad çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2-ci maddəsinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-cmaddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Həmin Qərarın 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2013-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilibdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi, habelə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2013-cü ilin sentyabr ayının 1-dən 2017-ci ilin yanvar ayının 1-dək 105 manat; 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edildiyi nəzərə alınmaqla ərizəçinin indeksasiya tələbi təmin edilməli, 2014-cü ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 75 manat sabit pul məbləğində alimentin tutulması qət edildiyindən və tutulmuş alimentin miqdarı 2014-cü il üzrə müəyyən edilmiş 105 manat məbləğində minimum əmək haqqının 0,71 mislini təşkil etdiyindən, məhkəməyə müraciət olunduğu tarixdən – 17 noyabr 2011-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay bir uşaq üçün sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,71 misli həddində sabit pul məbləğində aliment tutularaq, Tələbkar ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 2(033)-180/2014 nömrəli, 12 may 2014-cü il tarixli qətnaməsi ilə tutulan aliment indeksasiya edilsin. 30 oktyabr 2025-ci il tarixdən etibarən 17 noyabr 2011-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,71 misli həddində sabit pul məbləğində aliment tutularaq, Tələbkar ödənilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar