Məhkəmə qərarları › İş №8(033)-21/2025

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-21/2025

20.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-21/2025 20.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 2(033)-576/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tutulan alimentin indeksasiyasına dair Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək himayəsində olan 05 avqust 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 15 iyul 2013-cü il tarixli, 2(033)-576/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş bir uşağa görə hər ay 60 (altmış) manat məbləğində alimentin məbləğinin Azərbaycan Respublikasında 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,533 misli həddində indeksasiya olunmaqla bir uşağa görə hər ay 213.2 (iki yüz on üç manat 20 qəpik) manat təşkil etməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 15 iyul 2013-cü il tarixli, 2(033)-576/2013 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən 05 avqust 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Borclu hər ay sabit pul məbləğində bir uşaq üçün hər ay 60 (altmışi) manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməlidir. Qeyd edilən icra sənədi Zaqatala rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatındadır. Həmin ildə, yəni 2013-cü ildə Azərbaycan Respublikasında minimum əmək haqqı 105 manat məbləğində müəyyən edilmişdir. Bu il isə, yəni 2025-ci ildə Azərbaypan Respublikasında minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilməsi qərara alınmışdır. Həmin Plenumum qərarının 8.4-1-ci maddəsində göstərilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafıq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini ‘'xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan 05 avqust 2009-cu il təvəllüdlü X1 üçün Borclu X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmunuöüa ifadə etməlidir). Ona ödənilməli olan aliment məbləğinin təyin edilməsi ilə bağlı son məhkəmə qərarı 2013cü ildə qəbul edilmişdir. Həmin ildə Azərbaycan Respublikasında minimum əmək 105 manat məbləğində müəyyən edilmişdir. Bu il isə Azərbaycan Respublikasında minimum əmək haqqı artaraq yanvarın 01-dən 400 manat məbləğində müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasında minimum əmək haqqı 105 manat məbləğində olarkən, yəni 2013-cü ildə himayəmdə saxlanılmış uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment bir uşağa görə 60 (altmış) manat məbləğində, yəni həmin il üçün minimum əmək haqqının 0.533 misli həddində təyin edilmişdir. Bu il üçün minimum əmək haqqı məbləği olan 400 manatın 0.533 misli bir uşağa görə hər ay 213,2 manat təşkil edir. Buna görə də ona ödənilməli olan aliment məbləğinin indeksasiya edilməsi zərurəti yarandığından hazırki ərizə ilə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Tələbkar ərizənin məzmununa uyğun çıxış edərək ərizənin təmin olunmasını xahiş etdi. Həmçinin əlavə etdi ki, məhkəmə qətnaməsi ilə uşaq üçün hər ay 60 manat aliment müəyyən edilmişdir. Hazırda alimentin məbləği azdır, həmin vəsaitlə uşağın tələbatlarını ödəyə bilmir. Sentyabr ayından uşağı kursa gedir. Borclu söz vermişdir ki, uşağına köməklik edəcəkdir. Lakin o, sözünün üstündə durmadığı üçün hazırkı tələblə müraciət etməli olmuşdur. O mağazada satıcı işləyir və 300 manat əmək haqqı alır. Həmin pulla qızının ehtiyaclarını ödəyə bilmir. Qızı əlildir. Əvvəllər pensiya alsa da onun pensiyası kəsilmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Borclu ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 12485684 nömərli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədova Ezel 05 avqust 2009-cu ildə doğulmuşdur. Valideynləri Borclu və Tələbkardır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 15 iyul 2013-cü il tarixli, 2(033)-576/2013 saylı qətnaməsindən görünür ki, Tələbkar ilə Borclu arasında 20 iyun 2009-cu il tarixdə 10 sayla qeyd edilmiş nikahın pozulması, 05 avqust 2009-cu il təvəllüdlü X6 anası Tələbkar himayəsində saxlanılması və 05 avqust 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 iyun 2013-cü il tarixdən hesablanmaqla Borclu hər ay sabit pul məbləğində bir uşaq üçün 60 (altmış) manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. İşin faktiki hallarına görə Zaqatala Rayon Məhkəməsinin 15 iyul 2013-cü il tarixli, 2(033)-576/2013 saylı qətnaməsi ilə 05 avqust 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 iyun 2013-cü il tarixdən hesablanmaqla Borclu hər ay sabit pul məbləğində bir uşaq üçün 60 (altmış) manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət olunmuşdur. MPM-in 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göründüyü kimi, qeyd edilən norma ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Bundan əlavə, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. İndeksasiya iflyasiya nəticəsində dəyən zərərin bərpa olunmasının üsulu olsa da, onu mülki hüququn mühüm institutlarından biri olan zərərin əvəzinin ödənilməsi ilə eyniləşdirmək olmaz. Zərərin əvəzinin ödənilməsi mülki-hüquqi məsuliyyət tədbiri olduğu halda, indeksasiyasının belə hüquqi təyinatı yoxdur. İşin halları ilə müəyyən olunur ki, hazırkı ərizəsində tələbkar yetkinlik yaşına çatmayan 05 avqust 2009-cu il təvəllüdlü X1 üçün Borclu onun xeyrinə Zaqatala Rayon Məhkəməsinin 2(033)-941/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər ay tutulan 60 (altmış) manat sabit pul məbləğində alimentin indeksasiyasının aparılaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,533 misli həddində sabit pul məbləğində aliment tutulmasına dair qərardad çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-cmaddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 dekabr tarixli 1866 nömrəli Sərəncamına əsasən ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2011-ci ilin dekabrından 93.50 manat müəyyən edilmişdir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 31 avqust tarixli 3112 nömrəli Sərəncamına əsasən ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2013-cü ilin sentyabr ayından 105 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilibdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi, habelə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2011-ci ilin dekabr ayından 2013-cü ilin sentyabr ayının 1-dək 93.50 manat; 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edildiyi və qeyd edilən hesaba əsasən 2013-cü il iyul ayında qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 60 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin, həmin ilin iyul ayında minimum əmək haqqının 0.64 mislini təşkil etməsinə baxmayaraq, tələbkar 2013-cü il iyul ayında qəbul edilmiş qətnamə ilə 60 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin 2025ci il üçün minimum əmək haqqının 0.533 misli həddində indeksasiya olunmasını tələb etdiyindən ərizəçinin indeksasiya ərizəsi tələb etdiyi şəkildə təmin edilməli, məhkəməyə müraciət olunduğu tarixdən – 12 fevral 2025-ci il tarixdən etibarən 05 avqust 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay bir uşaq üçün sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,533 misli həddində sabit pul məbləğində aliment tutularaq, X5 ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 2(033)-576/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tutulan aliment indeksasiya edilsin. xx.xx.2025-ci il tarixdən etibarən 05 avqust 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,533 misli həddində sabit pul məbləğində aliment tutularaq, Tələbkar ödənilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar