Məhkəmə qərarları › İş №8(033)-35/2022

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-35/2022

06.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-35/2022 06.05.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X5 katibliyi, X3nun nümayəndəsi X13 və Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru icra məmuru (stajor) X4 iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(033)-139/2020 nömrəli qətnaməsi ilə yaranmış borcun hissə-hissə icra edilməsi barədə X3nun ərizəsinə 2(033)- 139/2020 nömrəli mülki işlə birlikdə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Zaqatala Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(033)-139/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçı X6 23 iyul 2019-cu il tarixdə anadan olmuş uşağı-X10 atasının cavabdeh X8 olması hüquqi faktı təsdiq edilmiş, iddiaçı X6 23 iyul 2019-cu il tarixdə anadan olmuş uşağı-X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X7 hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat alimentin alınaraq iddiaçı X9 verilməsi, alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 26 fevral 2020-ci il tarixdən hesablanması, iddianın qalan hissəsinin təmin edilməməsi, iddiaçı X6 dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumunun onun özünə aid edilməsi, cavabdeh X7 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(033)-139/2020 nömrəli qətnaməsi ilə 23 iyul 2019-cu il tarixdə doğulmuş X1 üçün ödənilməsi nəzərdə tutulmuş aliment üzrə 26 fevral 2020-ci il tarixdən 06 iyul 2021-ci il tarixinədək olan müddət ərzində yaranmış 1150 manat aliment borcunun hər ay 50 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, mülki işə baxılması zamanı həqiqi hərbi xidmətdə olmuşdur. Belə ki, 05 iyul 2019-cu il tarixdə hərbi xidmətə başlamış və 2021-ci ilin iyul ayının 6-sı isə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən təxris edilmişdir. Hazırki tələblə məhkəməyə müraciət etməsinin səbəbi hərbi xidmətdə olduğu dövrdə, yəni 26 fevral 2020-ci il tarixdən 06 iyul 2021-ci il tarixinədək 23 iyul 2019-cu il tarixdə doğulmuş X2 üçün ondan tutularaq X9 ödənilməsi qət edilmiş aliment borcunun, yəni 1150 manat pulun hissə-hissə icra edilməsi ilə bağlıdır. O, həmin dövrdə heç bir halda qazanca malik ola və dolayısı ilə də aliment borcunu ödəyə bilməzdi. Bu səbəbdən də qeyd etdiyi müddət zərfindəki aliment borcu üzürlü səbəbdən yaranmışdır və onun həmin borcu hazırda birdəfəyə ödəməyə heç cür imkanı yoxdur. Çünki həm də hazırda aylıq olaraq 150 manat aliment ödəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tələbkar X12 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinin tələblərinə müvafiq olaraq onun iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclasında iştirak edən X3nun nümayəndəsi X16 ərizənin dəlillərinə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru (stajor) X11 izahat verərək qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, Zaqatala Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(033)-139/2020 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizə təmin edilməməlidir. Belə ki, «İcra Haqqında» Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Bu maddənin dispozisiyasına görə qətnamənin hissə-hissə icra olunması və ya icra üsulunun dəyişdirilməsi üçün borclunun əmlak vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, qətnamənin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icrası müstəsna haldır və bu zaman yalnız borclunun deyil, eyni zamanda tələbkarın da mənafeyi nəzərə alınmalıdır. İşdən görünür ki, X14 maddi imkansızlığını bildirsə də, qeyd olunan qətnamə üzrə icra sənədinin bir dəfəyə icra olunmaması üçün maddi vəziyyətinin ağır olmasını sübut edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallar müəyyən edilmədi. Eyni zamanda, ödənilməmiş qalıq qalan 1150 manat aliment borcunun hər ay 50 manat olaraq ödənilməsi tələbkarın hüquqlarının əsaslı şəkildə pozulması və qətnamənin həddindən artıq uzun müddətə icra olunmasına şərait yarada bilər. İşin faktiki halından da məlum olur ki, X3 hazırkı ərizə ilə məhkəmə qətnaməsini faktiki olaraq icra olunmamış saxlamışdır. Bu isə dövlətin adından qəbul olunmuş məhkəmə qətnaməsinin uzun müddətə icra olunmasına, başqa sözlə effektiv şəkildə icra olunmamasına şərait yaradır, halbuki MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. X3 qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına laqeyd münasibət bəsləməklə bu qərarı icra etməmiş və bununla da Azərbaycan Respublikası adından çıxarılmış və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı icra edilməyərək kağız üzərində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir...Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11.07.1997-ci il tarixli 2 saylı qərarının 14-cü bəndində göstərilmişdir ki, qanunvericilikdə qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(033)-139/2020 nömrəli qətnaməsinə əsasən yığılaraq qalıq qalmış borcun hissə-hissə icra edilməsi barədə X3nun ərizəsi əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə görə qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Zaqatala Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(033)-139/2020 nömrəli qətnaməsinə əsasən yığılaraq qalıq qalmış borcun hissə-hissə icra edilməsi barədə X3nun ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar