Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-37/2022 04.05.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi İ dərəcəli ədliyyə qulluqçusu X6 və Borclu iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(033)-749/2021 nömrəli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X1 təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X5 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq icra sənədi üzrə tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinin tələblərinə müvafiq olaraq onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X1 təqdimatı onunla əsaslandırılmışdır ki, 12.11.2021-ci il tarixli qərarla icraata başladığı Zaqatala Rayon Məhkəməsi tərəfindən verilmiş 2(033)-749/2021 nömrəli, 26.10.2021-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 12.11.2021-ci il tarixində Zaqatala rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Borclu 3000 manat aliment borcu var. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X7 təqdimatı müdafiə edərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Borclu izahat verərək göstərdi ki, həqiqətən də, Zaqatala Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən ondan hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkarın xeyrinə ödənilməlidir. Qətnamənin icra olunması ilə bağlı icra şöbəsinə çağırılmamış, bildiriş, xəbərdarlıq almamışdır. Onunla ancaq icra məmuru telefon vasitəsilə danışmış, o da gələcəyini bildirmişdir. Təqdimatın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, təqdimatı nəzərdən keçirib, ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, təqdimat təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(033)-749/2021 nömrəli icra sənədinə əsasən 23 sentyabr 2006-cı il təvəllüdlü X2 və 12 may 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşaq üçün sabit pul məbləğində 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment tutularaq Tələbkar ödənilməlidir. Məhkəmə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla bağlı qeyd edir ki, icra məmuru təqdimatda qanunla nəzərdə tutulmuş zəruri icra hərəkətlərinin edilməsini göstərməklə təqdimatın təmin edilməsini xahiş etsə də, həmin hərəkətlərlə bağlı zəruri sənədləri nə təqdimata əlavə etməmiş, nə də məhkəmə iclasında təqdim etməmişdir. Eyni zamanda borclunun da icra sənədini üzürsüz səbəbdən icra edilməməsini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməməklə məhz bu tədbirin görülməsinin zəruriliyini, yəni icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsinin nədə ifadə olunduğu təqdimatda ümumiyyətlə əsaslandırılmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Eyni zamanda qanundan göründüyü kimi, 2 şərt mövcud olduqda qeyd olunan məhdudlaşdırma tətbiq edilə bilər: 1) könüllü icra üçün müəyyən olunmuş müddətin bitməsi; 2) icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi. Hazırkı işdə 2-ci şərtin mövcud olduğu, yəni borclunun icra sənədini üzrsüz səbəbdən icra etmədiyi müəyyən edilmir. Məhkəmə hesab edir ki, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi sübut edildikdə, icra məmurunun məhz bu halları əsaslandırdığı təqdimatı əsasında tətbiq edilə bilər və belə bir məhdudiyyətin tətbiqinə qanunvericiliyin ümumi mənası kontekstində yanaşılmalıdır. Əks təqdirdə, yəni icra məmurunun heç bir əsaslı səbəb göstərmədiyi, formal mülahizələrlə, icrası üçün məcburi icra tədbirlərinin tətbiq edilib-edilmədiyini əsaslandırmadığı, eləcə də, borclu tərəfindən üzrlü və ya üzrsüz səbəbdən icra edilib-edilmədiyi qeyri-müəyyən olan icra sənədi üzrə onun ölkədən getməsinə məhdudiyyət qoyulması mümkün hesab edilərsə bu, vətəndaşın konstitusion hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Həmçinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında təlimatın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlamalıdır. Bütün bu tədbirlər nəticə vermədiyi təqdirdə təqdimatla məhkəməyə müraciət etməlidir. Məhkəmə bununla bağlı da qeyd edir ki, icra məmuru tərəfindən adı çəkilən Təlimatın 2.2-ci bəndində göstərilmiş bütün tədbirlər görülməmişdir. Həmin Təlimatın 2.4-cü bəndinə əsasən təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. İşdə olan sənədlərdən də aydın olur ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəbləri müəyyənləşdirilməmiş, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirilməmiş, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması yoxlanılmamışdır. Həmçinin təqdimatda icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunmamış, təqdimata icraat materialı, o cümlədən borcluya icraata başlamaq haqqında qərar və könüllü icra üçün verilmiş müddət barədə bildiriş, onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə görə qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 2 və 3-cü bəndlərinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Həmçinin hər hansı bir konkret əsas olmadan, ümumi və demək olar ki, avtomatik məhdudiyyətlər kimi şəxsin yalnız məhkəmə qərarının icra etmək öhdəliyinin olması nəzərə alınaraq ölkədən getmək hüququnun məhdudlaşdırılması İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə də ziddir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Vlasov və Benyaş Rusiya Federasiyasına qarşı” iş üzrə 20.09.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin ölkədən getməsinin məhdudlaşdırılması ümumi və qeyri-müəyyən xarakterli olmamalıdır. Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 2-ci bəndi hər kəsə hər hansı ərazini tərk etmək və şəxsin istədiyi hər hansı ölkəyə daxil olmaq hüququnu təmin edir. Şəxsə ölkəni tərk etməyə imkan yaradan sənədlərdən istifadə etməkdən imtina edilməsi üçün görülən tədbir Konvensiyanın 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndinə əsasən müdaxiləni təşkil edir və bu müdaxilə 3-cü bənddə nəzərdə tutulan şərtlərə cavab verməlidir (bax Bartik v. Russia, no. 55565/00, § 36, ECHR 2006-XV, və Napijalo v. Croatia, no. 66485/01, § 68, 13 November 2003). Məhdudiyyətlər konkret elementlərlə əsaslandırılmış olmalıdır. Şəxsin məhkum edilmiş və reabilitasiya edilməmiş statusunun nəticəsi olaraq ölkədən getməsinin qadağan edildiyi halda, Avropa Məhkəməsi hesab etməmişdir ki, bu cür ümumi və demək olar ki, avtomatik məhdudiyyətlər zəruri hesab edilə bilər (bax Milen Kostov v. Bulgaria, no. 40026/07, § 17, 3 September 2013; Sarkizov and Others v. Bulgaria, nos.37981/06, 38022/06, 39122/06, and 44278/06, § 67, 17 April 2012; and Nalbantski § 66). Avropa Məhkəməsi, həmçinin, şəxsin borclu olduğu məbləği ödəmək iqtidarında olub-olmadığını nəzərə almadan borcun ödənilmşməsi ilə bağlı ölkədən getməyin məhdudlaşdırılmasının avtomatik tətbiq edilməsini Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir (bax Battista İtaliyaya qarşı § 44). Borclunun ölkədən getmək hüququ məhkəmənin qərarı ilə o halda müvəqqəti məhdudlaşdırıla bilər ki, könüllü icra üçün müəyyən olunmuş vaxtda məhkəmə qərarları əsasında verilmiş icra sənədləri borclu tərəfindən üzrsüz səbəbdən icra edilməsin və icra məmuru hansı zərurətdən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmalı olmasını əsaslandırsın. Bundan başqa, təqdimata əlavə edilmiş sənədlərdə Borclu ölkəni tərk etməsini, bunun nəticəsində icra sənədinin icrasına maneəçilik yaranmasını təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Məhkəmə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması son məcburi icra tədbiri kimi tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimat icra məmuru tərəfindən lazımi qaydada əsaslandırılmamışdır. Ona görə də təqdimat təmin edilməməlidir. Şərh olunanlara, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1, 84- 1.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264cü və 267-268-ci maddələrinə əsaslanaraq, qərara aldım: Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(033)-749/2021 nömrəli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X1 təqdimatı təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №8(033)-37/2022
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-37/2022
04.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver