Məhkəmə qərarları › İş №8(033)-39/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-39/2023

19.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-39/2023 19.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X11 qızının katibliyi, Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 04 fevral 2013-cü il tarixli 2(033)-32/2013 nömrəli qətnaməsi əsasında verilmiş 24 mart 2013-cü il tarixli 2(033)-32/2013 nömrəli icra sənədi üzrə Zaqatala rayon İcra və Probasiya şöbəsinin hərəkətsizliyindən tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədr müavini Çingiz Ağayevin şikayətinə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Zaqatala Rayon Məhkəməsinin 04 fevral 2013-cü il tarixli, 2(033)-32/2013 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 16 dekabr 2010-cu il tarixli BK 420f/10 saylı kredit müqaviləsi üzrə cavabdeh X1 8122 (səkkiz min yüz iyirmi iki) manat əsas kredit borcu, 3323.48 (üç min üç yüz iyirmi üç manat qırx səkkiz qəpik) manat faiz borcu, cəmi 11445.48 (on bir min dörd yüz qırx beş manat qırx səkkiz qəpik) manat kredit borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, həmçinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manatın tutularaq iddiaçı “TuranBank’' ASC-ə qaytarılması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X6 məxsus Zaqatala rayonunun Aşağı Tala kəndində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış, 39,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 16000 manat məbləğində müəyyən edilməsi, iddianın 500 manat dəbbə pulunun cavabdeh X1 alınaraq "xxxx" ASC-ə qaytarılması hissəsində rədd edilməsi, qətnamənin icrasının Zaqatala rayonu İcra Qrupuna tapşırılması qət edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədr müavini Çingiz Ağayev 10 iyul 2023-cü il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin 2(033)-32/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə borclu X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair prosedurun başlanılması, yəni müvafiq sənədləşmənin aparıb, təqdimatla məhkəməyə müraciət edilməsi üçün Zaqatala rayon icra və probasiya şöbəsinə göstəriş verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı TuranBank ASC-nin cavabdehlər X5 və X6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiası Zaqatala Rayon Məhkəməsinin 2(033)-32/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmişdir. Qətnamə üzrə tələb ipoteka ilə yüklü edilmiş, cavabdeh X6 məxsus Zaqatala rayonunun Aşağı Tala kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış, 39.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəlmişdir. 2012-ci il may ayının 7-də episentri Zaqatala rayonu ərazisində baş vermiş 7 bal gücündə olan zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Nəticədə bankın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak tam şəkildə məhv edilmişdir. Nəticədə icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi zərurəti yaranmışdır. İcra sənədinin icra üsulunun dəyişdirilməsini təmin etmək məqsədilə tərəfimizdən “İcra Haqqında” qanununun müddəalarından irəli gələn hüquqlarımızı birinci növbədə məhkəmə vasitəsilə həyata keçirmək qərarına gəlinmişdir. Sözügedən məsələnin həlli qaydasına Zaqatala Rayon Məhkəməsinin 8(033)-12/2023 saylı, xx.xx.2023-cü il tarixli və Şəki Apellyasiya Məhkəməsinin 8(107)-22/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadlar ilə aydınlıq gətirilmişdir. Belə ki, qərardadların əsaslandırma hissəsində qeyd olunanlardan belə bir məntiqi nəticə yaranır ki, icra sənədi üzrə tələbin təmin edilməsi istiqamətində icra qurumu qanunvericliklə müəyyən edilmiş bütün vasitələrdən, habelə səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə etməlidir. İcra sənədi üzrə icraatda borclunun hərəkətsizliyi nəticəsində onun bank qarşısında olan öhdəlikləri icra edilməmişdir. Ümumilikdə qeyd edirik ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, habelə iş üzrə aparılmış icra hərəkətlərinə dair heç bir məlumat bizə təqdim edilməmişdir. Bundan sonra tərəfimizdən borclu X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət edilməsinə dair ərizə icra qurumuna təqdim edilmişdir. Ərizədə qeyd olunan xüsusatlar üzrə icra qurumu tərəfindən heç bir hərəkət həyata keçirilməmiş, hər hansı formada münasibət bildirməmişdir. Belə olan təqdirdə isə hesab edirik ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət edilməsi vəzifəsi icra qurumunun üzərinə məhkəmə tərəfindən qoyulmalıdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq icra sənədi üzrə tərəflər məhkəmə baxışı iclasına gəlməmiş, tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə müraciət edərək şikayətə iştirakları olmadan baxılmasını xahiş etmiş, borclu isə gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclasında iştirak edən Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 şikayətin təmin olunmasına etiraz etmədiyini bildirdi. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(033)-12/2023 nömrəli qərardadından görünür ki, tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala Rayon Məhkəməsinin 04 fevral 2013-cü il tarixli 2(033)-32/2013 nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 8(107)-22/2023 nömrəli qərardadından görünür ki, ərizəçi "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(033)-12/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Zaqatala rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 10 may 2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı TuranBank ASC-nin cavabdehlər X5 və X6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiası Zaqatala Rayon Məhkəməsinin 2(033)-32/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmişdir. Qətnamə üzrə tələb ipoteka ilə yüklü edilmiş, cavabdeh X6 məxsus Zaqatala rayonunun Aşağı Tala kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış, 39.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəlmişdir. Sözügedən qətnamənin məcburi qaydada icra edilməsi üçün Zaqatala rayon icra və probasiya şöbəsinə icra vərəqəsi verilmişdir. 2012-ci il may ayının 7-də episentri Zaqatala rayonu ərazisində baş vermiş 7 bal gücündə olan zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Nəticədə bankın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak tam şəkildə məhv edilmişdir. Nəticədə icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi zərurəti yaranmışdır. İcra sənədinin icra üsulunun dəyişdirilməsini təmin etmək məqsədilə tərəfimizdən “İcra Haqqında” qanunun müddəalarından irəli gələn hüquqlarımızı birinci növbədə məhkəmə vasitəsilə həyata keçirmək qərarına gəlinmişdir. Sözügedən məsələnin həlli qaydasına Zaqatala Rayon Məhkəməsinin 8(033)-12/2023 saylı, xx.xx.2023-cü il tarixli və Şəki Apellyasiya Məhkəməsinin 8(107)-22/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadlar ilə aydınlıq gətirilmişdir. Belə ki, qərardadların əsaslandırma hissəsində qeyd olunanlardan belə bir məntiqi nəticə yaranır ki, icra sənədi üzrə tələbin təmin edilməsi istiqamətində icra qurumu qanunvericiliklə müəyyən edilmiş bütün vasitələrdən, habelə səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə etməlidir. İcra sənədi üzrə icraatda borclunun hərəkətsizliyi nəticəsində, onun cəmiyyət qarşısında olan öhdəlikləri icra edilməmişdir. Ümumilikdə bildiririk ki, borclu tərəfindən icra sənədi üzrə tələbin təmin edilməsi istiqamətində heç bir zəruri addımlar atılmamışdır. Həmçinin borclu barəsində aparılmış hər hansı icra hərəkəti, habelə tətbiq edilmiş məcburi icra tədbiri barədə heç bir məlumat TuranBank ASC-yə təqdim edilməmişdir. Belə olan təqdirdə borclu barəsində məcburi icra tədbirlərinin tətbiqi üçün hüquqi əsas yaranır. Hazırda icra sənədi üzrə tələb 11495.48 manat təşkil edir.“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir.“İcra Haqqında” Azərbaycan Respublikasının qanununun 84-1.1-ci maddəsinə və “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimaf’ın təsdiq edilməsi barədə 2-N saylı, xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya Qərarının 2.1-ci bəndinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 2(033)-32/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla Zaqatala Rayon Məhkəməsinə müraciət edilməsi və bu barədə onlara məlumat verməsi xahiş olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə görə tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Beləliklə, Zaqatala Rayon Məhkəməsinin 2(033)-32/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə X1 cəmi 11445.48 (on bir min dörd yüz qırx beş manat qırx səkkiz qəpik) manat kredit borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, həmçinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat tutularaq iddiaçı “TuranBank’' ASC-ə qaytarılmalı, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X6 məxsus Zaqatala rayonunun Aşağı Tala kəndində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kvm yaşayış, 39,1 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiymətinin 16000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Bu xüsusda məhkəmə qeyd edir ki, məhkəmənin icra sənədinin icra edilməsi tələbkarın İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsini təşkil edir. Ədalət mühakiməsi isə cəmiyyətin fundamental dəyərlərinin qorunub saxlanması və bərpa olunmasına, insan toplumunun hüquq və azadlıqlardan yararlanmasına xidmət edən əhəmiyyətli bir mexanizmdir. Ədalət mühakiməsi dövlət adından çıxarılan konkret qərarlarda öz əksini tapır. Məhkəmə qərarlarının icra olunmaması isə ədalət mühakiməsinin nüfuzuna zərbə vurmaqla, onun insan hüquq və azadlıqlarının qorunması və bərpa olunmasında yerinə yetirdiyi etibarlı mexanizm rolunu aşağı salır və nəticədə insanların bu mexanizmdən yararlanmasının real mahiyyəti heçə enir. Bu nüfuzun bərpa olunması isə insan hüquq və azadlıqlarının deklarativ deyil, real mahiyyət kəsb etməsi üçün son dərəcə vacibdir. Avropa İnsan Hüquqları Məhkəməsində baxılmış Tarverdiyev Azərbaycana qarşı işdə (26 iyul 2007) ərizəçi işə bərpa edilməsi barədə məhkəmə qətnaməsinin icra edilməməsindən şikayət etmişdi. İş üzrə araşdırma apardıqdan sonra məhkəmə bəyan etmişdir ki, 6-cı maddənin 1-ci bəndi mülki hüquq və vəzifələri barədə mübahisə yaranan hər kəsin məhkəməyə müraciət etmək hüququnu təsbit edir. Beləliklə, həmin bənd “ədalət mühakiməsi hüququnu” özündə ehtiva edir, bunun bir aspekti də məhkəməyə müraciət etmək hüququndan ibarətdir. Bu hüquq məhkəmələrdə iddia icraatına başlamaq hüququnu bildirir. Lakin qanuni qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının tərəflərdən birinin maraqları əleyhinə olaraq qüvvəyə malik olmamasına Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi ilə yol verilsəydi, sözügedən hüquq xəyali olardı. Tərəflərə verilən prosessual təminatları sadalayan konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində məhkəmə qərarlarının icrasının təmin olunması prosesinin nəzərdə tutulmaması ağlabatan deyil. Konvensiyanın 6-cı maddəsinin yalnız məhkəməyə müraciət etmək hüququnu təmin edən və məhkəmə araşdırmasının qaydasını müəyyən edən müddəa kimi şərh edilməsi, yəqin ki, qanunun aliliyi ilə bir araya sığmayan situasiyalara gətirib çıxarardı. Halbuki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətlər Konvensiyanı imzalamaqla bu prinsipə riayət etməyi öhdələrinə götürüblər. Beləliklə, istənilən məhkəmə tərəfindən qəbul edilmiş qərarın icrasına Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan mənada “məhkəmə araşdırmasının” tərkib hissəsini təşkil edən element kimi baxılmalıdır. Burdov Rusiyaya qarşı işdə Avropa Məhkəməsi eyni xarakterli məsələlərə münasibət bildirərək qeyd etmişdir ki, istənilən məhkəmə tərəfindən qəbul edilmiş qərarın icrası 6-cı maddənin məqsədləri baxımından «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Həmin qərarda qeyd edilmişdir ki, qətnamənin icrası üçün zəruri tədbirləri görməməklə dövlət orqanları Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndini bütün faydalı effektlərdən məhrum edirlər. Qeyd edilənlərə əsasən şübhəsizdir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 32/2013 saylı, 24 mart 2013-cü il tarixli icra sənədinin icra edilməməsi tələbkar "xxxx" ASC-nin qətnamədən yararlanmaq hüququnu xəyali bir hüquqa çevirəcək, həmin hüququ həyata keçirməkdə qeyri-müəyyən vəziyyətə salmış olacaq və bununla da tələbkarın Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127-ci maddələrində və Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun və Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində və Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulması və onun öz hüquqlarını reailizə etmək imkanından məhrum olunması ilə nəticələnmiş olacaqdır. Bu da qətiyyən yolverilməzdir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-32/2013 saylı, 24 mart 2013-cü il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbirlərin görülməsi məhkəmənin həmin icra sənədinin icra edilməsi istiqamətində qanunda nəzərdə tutulmuş mühüm və səmərəli bir addım olacaqdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC-nin müraciətlərinin rəsmi qaydada cavablandırılmaması icra məmurunun hərəkətsizliyi kimi qiymətləndirilməli, icra sənədinin icrası ilə bağlı qanunvericilikdə müəyyən edilmiş tələblərə riayət etmək vəzifəsi, o cümlədən borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmək vəzifəsi Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmurlarına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədr müavini Çingiz Ağayevin şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 04 fevral 2013-cü il tarixli 2(033)-32/2013 nömrəli qətnaməsi üzrə verilmiş 24 mart 2013-cü il tarixli 2(033)-32/2013 nömrəli icra sənədinin icrası ilə bağlı Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilsin. Zaqatala Rayon Məhkəməsinin 04 fevral 2013-cü il tarixli 2(033)-32/2013 nömrəli qətnaməsi üzrə verilmiş 24 mart 2013-cü il tarixli 2(033)-32/2013 nömrəli icra sənədinin icrası ilə bağlı qanunvericilikdə müəyyən edilmiş tələblərə riayət etmək vəzifəsi, o cümlədən borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmək vəzifəsi Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmurlarına həvalə edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar