Məhkəmə qərarları › İş №8(033)-40/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-40/2023

19.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-40/2023 19.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi ilə Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Tələbkar və Borclu iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(033)-278/2021 nömrəli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, birinci dərəcəli ədliyyə qulluqçusu X4 təqdimatına Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, birinci dərəcəli ədliyyə qulluqçusu X6 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, birinci dərəcəli ədliyyə qulluqçusu X4 təqdimatı onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli qərarla icraata başladığı Zaqatala Rayon Məhkəməsi tərəfindən verilmiş 2(033)-278/2021-008 nömrəli, xx.xx.2021ci il tarixli icra sənədinə əsasən xx.xx.1978-ci il tarixində anadan olmuş və ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Borclu Haciəli oğlundan hər ay 220 manat məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixində Zaqatala rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu Haciəli oğluna göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün "Elektron-İcra İnformasiya" Sistemi vasitəsilə sorğular göndərilmiş, lakin borcluya məxsus tələbin yönələ biləcəyi əmlak və gəlir aşkar edilməmişdir. Borclu Haciəli oğlunun hal-hazırda aliment borcu 12000 (on iki min) manat təşkil edir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 təqdimatı müdafiə edərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar izahat verərək göstərdi ki, həqiqətən də, Zaqatala Rayon Məhkəməsinin 2(033)-278/2021 nömrəli 03 iyun 2021-ci il tarixli icra sənədinə əsasən 19 oktyabr 2008-ci il təvəllüdlü X2 və 13 iyul 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşaq üçün sabit pul məbləğində 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat aliment tutularaq ona ödənilməlidir. Məhkəmə qərarından xəbərdardır. Borclu bu günədək icra sənədini icra etməmiş və hazırda da ölkə ərazisini tərk etmək niyyətindədir. Borclu Azərbaycan Respublikasının ərazisini tərk etməsi icra sənədinin icrasını mümkünsüz edəcək. Bunu nəzərə alaraq təqdimatın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək göstərdi ki, həqiqətən də, Zaqatala Rayon Məhkəməsinin 2(033)-278/2021 nömrəli 03 iyun 2021-ci il tarixli icra sənədinə əsasən 19 oktyabr 2008-ci il təvəllüdlü X2 və 13 iyul 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşaq üçün sabit pul məbləğində 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat aliment tutularaq Tələbkar ödənilməlidir. Məhkəmə qərarından xəbərdardır. Aliment borcu yaranmışdır və həmin borcu ödəmək imkanı yoxdur. O, Türkiyənin Antalya şəhərində yaşayır və orada işləyir. Təqdimat təmin olunduğu halda o işləmək üçün xaricə gedə bilməyəcəyini və bununla da ağır olan maddi vəziyyətinin daha da ağırlaşacağını bildirərək icra məmuru tərəfindən verilmiş təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdimatı nəzərdən keçirib, təqdimata əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, təqdimat qanuni və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında təlimatın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin Təlimatın 2.4-cü bəndinə əsasən təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. İşdə olan sənədlərdən də aydın olur ki, borclunun hər hansı vəsaitinin olub-olmaması icra məmuru tərəfindən araşdırılmış, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəbləri müəyyənləşdirilmiş, aliment tələbinə dair icra sənədinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirlər həyata keçirilmiş, o cümlədən onun adına tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması yoxlanılmış, borcluya məxsus əmlak aşkar edilməmişdir. İcra sənədi xx.xx.2019-cu il tarixində Zaqatala rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün “Elektron-icra Sisteminə” sorğular göndərilmişdir. Lakin borcluya məxsus tələbin yönəldilməsi mümkün ola bilən əmlak aşkar edilməmişdir. Borclunun icra sənədi üzrə borcu 12000 manat təşkil edir. Borcun ödənilməsi üçün ona təkrarən vaxt verilməsinə baxmayaraq o hazırda borcunu ödəməmişdir. Həmçinin təqdimatda icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunmuşdur. Məhkəmə araşdırılmasında da müəyyən etdim ki, Borclu icra vərəqəsinin icrasını üzrsüz səbəbdən icra etməmişdir. Eyni zamanda o, Türkiyənin Antalya şəhərində yaşayır və orada işləyir. Təqdimat təmin olunmayacağı halda o, Türkiyə Respublikasına gedəcək və bu da qətnamənin icra olunmaması və tələbkarın haqlı narazılığına səbəb olacaqdır. Ona görə də hesab edirəm ki, icra məmurunun təqdimatı qanuni və əsaslı olduğuna görə təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(033)- 278/2021 nömrəli icra vərəqəsi üzrə borcun ödənilməsi tam təmin edilənədək Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1, 84- 1.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, birinci dərəcəli ədliyyə qulluqçusu X4 təqdimatı təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(033)-278/2021 nömrəli icra vərəqəsi üzrə borcun ödənilməsi tam təmin edilənədək Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar