Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-69/2022 28.09.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, X2nun və Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi X13 iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin 27 noyabr 2007-ci il tarixli 2(033)-441/2007 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə X2nun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə ərizəsinə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 ərizə ilə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X15 ilə olan nikahdan onun iki az yaşlı övladı var. Hal-hazırda da heç bir yerdə işləmir və kirayədə qalırlar. Bu və aşağıda qeyd etdiyi səbəblərə əsasən yoldaşı uşaqları götürüb atası evinə gedərək ona boşanma və nikahın pozulması barəsində Zaqatala rayon məhkəməsinə ərizə vermişdir. O bu boşanma və nikah pozulmaya etirazını bildirir. Boşanmağının əsas səbəbi xx.xx.2017-ci il tarixindəki qərardadına əsasən keçmiş həyat yoldaşı X6 qeyri-rəsmi nikahdan olmuş qızı X10 4750 manat aliment borcunun olmasıdır. Bu 4750 manat borcu tam şəkildə ödəmədiyi üçün onun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Buna baxmayaraq borcunu tam ödəmişdir. Buna sübut olaraq ödədiyi məbləğlərin qəbzlərinin 1 nüsxəsini ərizəsinə əlavə edərək təqdim edir. Lakin onun məhdudiyyəti aradan qaldırılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tələbkar X16 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinin tələblərinə müvafiq olaraq onun iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclasında iştirak edən X2 ərizənin dəlillərinə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X18 izahat verərək göstərdi ki, icraatlarında olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-441/2007 saylı xx.xx.2007-ci il tarixli icra sənədinə əsasən X2ndan tələbkar X7 xeyrinə aylıq 50 manat aliment ödənilməlidir. Bundan sonra məhkəmənin 2(033)-310/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən X2ndan tələbkar X7 xeyrinə aylıq 117 manat aliment ödənilməlidir. Sonradan alimentin məbləği artırılaraq 140 manat məbləğində müəyyən edilmişdir. Lakin X2nun yığılmış aliment borcu olan 4010 manat ödənilmədiyinə görə Zaqatala Rayon Məhkəməsinin 8(033)-71/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Borclu ümumi yığılmış aliment borcundan 4000 manat ödəniş etmiş və hazırda qalıq aliment borcu 10080 manat məbləğindədir. Borclunun ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə ərizəni nəzərdən keçirib, borclu və icra qurumunun rəhbərinin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, Zaqatala Rayon Məhkəməsinin 27 noyabr 2007-ci il tarixli 2(033)-441/2007 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə X2nun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə ərizəsi təmin edilməməlidir. Belə ki, Zaqatala Rayon Məhkəməsinin 27 noyabr 2007-ci il tarixli 2(033)-441/2007 nömrəli icra vərəqəsindən görünür ki, Zaqatala şəhəri S.Kazımov küçəsi ev 90-da yaşayan X8 ayda 50 (əlli) manat sabit pul məbləğində aliment 08 oktyabr 2008-ci il tarixdən tutularaq 03 oktyabr 2005-ci ildə anadan olmuş X9 yetkinlik yaşına çatanadək Zaqatala şəhəri sülh küçəsi 8 mənzil 3-də yaşayan X11 verilməlidir. Qətnamə dərhal icra edilməlidir. Zaqatala Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli, 2 (033)-310/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, 22 iyun 2006-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 hər ay sabit pul məbləğində 117 manat aliment tutularaq X11 ödənilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-266/2019 nömrəli 13 fevral 2019-cu il tarixli icra sənədinə əsasən 22 iyun 2006-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 hər ay sabit pul məbləğində 140 manat alimentin tutularaq X11 ödənilməsi, aliment tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 8(033)-71/2017 nömrəli 16 mart 2017-ci il tarixli borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında qərardaddan görünür ki, Zaqatala Rayon İcra Şöbəsinin icra məmuru, üçüncü dərəcəli ədliyyə qulluqçusu Elmin Kərimovun təqdimatı təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 27 noyabr 2007-ci il tarixli 2(033)-441/2007 nömrəli icra vərəqəsinin icrası üzrə yaranmış 4750 (dörd min yeddi yüz əlli) manat aliment borcunun ödənilməsi tam təmin edilənədək, borclu X12 Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(107)-28/2022 nömrəli 25 iyul 2022-ci il tarixli qərardadı ilə borclu X17 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 8(033)-71/2017 nömrəli 16 mart 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 22 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, X14 yığılmış aliment borcundan 4000 manat ödəniş etmiş və hazırda qalıq aliment borcu 10080 manat məbləğindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “X23 (X27) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 may 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu normada təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqlar həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların məzmununu müəyyən edərkən Konstitusiyanın 12-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarını, habelə müvafiq beynəlxalq orqanların təcrübəsini nəzərə alır. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın (bundan sonra – Beynəlxalq Pakt) 12-ci maddəsində göstərilmişdir: 1. Hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var. 2. Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var. 3. Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz. 4. Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz. Habelə Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində və beynəlxalq-hüquqi sənədlərdə təsbit olunmuş bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “X23 (X27) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 may 2017-ci il tarixli qərarında göstərilmişdir ki, qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı).Beləliklə, “İcra haqqında” Qanunun 84-1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbir məhkəmə müdafiəsi konstitusiya hüququnun real həyata keçirilməsinin təminatına yönəlmişdir və bu baxımdan konstitusiya əhəmiyyətli məqsədə çatmağa xidmət etdiyi üçün məqbul sayılmalıdır. Məhkəmə araşdırmasında müəyyən edildi ki, ərizəçi X14 tərəfindən 22 iyun 2006-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması hər ay sabit pul məbləğində aliment tutularaq X11 verilməlidir. Ərizəçidən tutulmalı olan alimentin məbləği Zaqatala Rayon Məhkəməsinin 27 noyabr 2007-ci il tarixli 2(033)-441/2007 nömrəli icra vərəqəsi ilə 50 manat müəyyən edilmiş, Zaqatala Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli, 2 (033)- 310/2017 nömrəli qətnaməsi ilə aliment məbləği artırılaraq 117 manat, Zaqatala Rayon Məhkəməsinin 2(033)-266/2019 nömrəli 13 fevral 2019-cu il tarixli icra sənədinə əsasən artırılaraq 140 manat müəyyən edilmişdir. X2 tərəfindən Zaqatala Rayon Məhkəməsinin 27 noyabr 2007-ci il tarixli 2(033)-441/2007 nömrəli icra vərəqəsinin icrası üzrə yaranmış 4750 (dörd min yeddi yüz əlli) manat aliment borcunun ödənilmədiyindən onun Azərbaycan Respublikasından getmək hüququ Zaqatala Rayon Məhkəməsinin 8(033)- 71/2017 nömrəli 16 mart 2017-ci il tarixli qərardadı ilə məhdudlaşdırılmışdır. Ərizə ilə müraciət etmiş X2 22 iyun 2006-cı il təvəllüdlü X1 üçün ümumilikdə 4000 manat aliment ödəmişdir və onun hazırda 10080 manat aliment borcu var. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan aydın olur ki, Zaqatala Rayon Məhkəməsinin 27 noyabr 2007-ci il tarixli 2(033)-441/2007 nömrəli qətnaməsi ilə təyin edilmiş və Zaqatala Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli, 2(033)-310/2017 nömrəli qətnaməsi, Zaqatala Rayon Məhkəməsinin 2(033)-266/2019 nömrəli 13 fevral 2019-cu il tarixli qətnaməsi ilə artırılmış 22 iyun 2006-cı il təvəllüdlü X1 üçün X3 hər ay alınaraq X11 verilməli aliment məbləğinin tutulması 27 noyabr 2007-ci il tarixdən başlanılmalı və uşaq 18 yaşına çatanadək davam etdirilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə araşdırılmasında daha sonra müəyyən edildi ki, X2nun alimentin tutulmasına dair icra vərəqələri üzrə ödənilməmiş 10080 manat aliment borcu vardır və Zaqatala Rayon Məhkəməsinin 8(033)-71/2017 nömrəli 16 mart 2017-ci il tarixli qərardadı ilə qeyd edilmiş X2nun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi xx.xx.2013-cü il tarixli Kollegiya Qərarı ilə təsdiq edilmiş Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında təlimatın 2.8-ci bəndindən görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra, habelə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə icraata xitam verildikdə; “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1 və 23.1.5-ci maddələrinə əsasən icra sənədi qaytarıldıqda; məhkəmə qərarı olduqda icra məmuru 24 saat müddətində həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Təlimatın qeyd edilən normasının məzmunundan görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxması ilə yanaşı məhkəmə qərarı ilə də həmin məhdudlaşdırılmanın götürülməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə hesab edir ki, X14 tərəfindən icra sənədləri üzrə yaranmış 10080 manat aliment borcu X11 ödənmədiyi halda onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi X7 Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair 04 iyul 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 27 noyabr 2007-ci il tarixli 2(033)-441/2007 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə X2nun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə ərizəsi əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə görə qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Zaqatala Rayon Məhkəməsinin 27 noyabr 2007-ci il tarixli 2(033)-441/2007 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə X2nun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №8(033)-69/2022
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-69/2022
28.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver