Məhkəmə qərarları › İş №8(034)-15/2025

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №8(034)-15/2025

21.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 8(034)-15/2025 21.04.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, Tələbkar alimentin indeksasiyası barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələbkar alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-178/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2011-ci təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 170 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırımışdır ki, o, Borclu ilə 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların bu nikahdan xx.xx.2011-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Ailə münasibətləri alınmadığından aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin 2(034)- 333/2014 saylı qətnaməsi ilə pozulmuş, xx.xx.2011-ci il tarixdə doğulan X2 onun yanında saxlanılmış və Borclu birgə nikahdan olan uşağının saxlanması üçün yetkinlik yaşına çatanadək 103 manat alimentin tutularaq ona ödənilməsi qət edilmiş, lakin ödənilən aliment uşağın təlabatlarını ödəmədiyi üçün o, alimentin məbləğinin artırılmasına dair iddia ərizəsi ilə məhşkəməyə müraciət etmiş və Zəngilan Rayon Məhkəməsinin 2(034)-178/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək, cavabdeh Borclu xx.xx.2011-ci il tarixdə doğulan X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində müəyyən edilmişdir. Hazırda borclu şəxs 170 manat alimentdən başqa heç bir maddi yardım etmir. 170 manat aliment uşağın indiki vəziyyətdə heç bir təlabatını belə ödəmir. Dəfələrlə uşağın atasına ona əlavə yardım etməsini xahiş etsə də bunun heç bir nəticəsi olmamış, uşağın təlabatlarını tək başına ödəməkdə çətinlik çəkir. Bu səbəbdən də ödənilən alimentin indeksasiya olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qamışdır. Tələbkar və Borclu məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən digər şəxslərin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ona görə də məhkəmə ərizəyə Tələbkar və Borclu iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(034)-178/2020- nömrəli nömrəli qətnaməsinin surətindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-333/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdeh Borclu xx.xx.2011-ci il tarixdə doğulan X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment iddiaçı Tələbkar xeyrinə tutulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinin tələbinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinin tələbinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: "8.4-2. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvar ayının 1-dən 400 manat müəyyən edilmişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(034)-178/2020-nömrəli qətnaməsi ilə alimentin məbləğinin 175 manat olması və 2020-ci ilin minimum əmək haqqının 250 manat olması nəzərə alındığı halda alimentin məbləği həmin 2020-ci ilin minimum əmək haqqının (250 x 0.68 = 170) 0.68 mislində sabit pul məbləğində olması müəyyən olunur.2025ci il üşün minimum əmək haqqının indeksasiya məbləği 400 x 0.68= 272 manat məbləğində müəyyən olunur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(034)-178/2020 nömrəli qətnaməsinin icra üsulu dəyişdirilərək, Borclu xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2025-ci il tarıxdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231,263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Qərara aldı: Ərizə təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(034)-178/2020 nömrəli qətnaməsinin icra üsulu dəyişdirilərək, Borclu xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2025-ci il tarıxdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar