Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 8(034)-20/2025 07.07.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, Tələbkar Borclu qarşı “alimentin indeksasiyasına dair” ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələbkar Borclu qarşı “alimentin indeksasiyasına dair” ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Borclu ilə birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay tutulan sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş miniumum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun olaraq indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini belə əsaslandırmışdır ki, o, Borclu ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan onların xx.xx.2010-cu il təvəllüdlü X2 adlı bir övladı var. Tərəflərin ailə münasibətləri alınmadığı üçün aralarında olan nikah məhkəmə qətnaməsi ilə ləğv edilmiş, uşaq ananın himayəsində saxlanılmış, məhkəmə qətnaməsi ilə borclu şəxsdən 80 manat aliment tutulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2876/2018 saylı, xx.xx.2018 tarixli qətnaməsi ilə Zəngilan Rayon Məhkəməsinin 2(034)- 122/2018 saylı qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilərək Borclu xx.xx.2017-ci ildən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 80 manat aliment alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Tələbkar təyin olunmuş aliment miqdarının övladının heç bir maddi tələbatını ödəmədiyini və tək başına ödəməkdə çətinlik çəkdiyini bildirmiş, qarşı tərəfə əlavə maddi yardım gostərməsi üçün dəfələrlə müraciət etsə də, müraciəti hər dəfə cavabsız qalmış, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən digər şəxslərin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ona görə də məhkəmə ərizəyə Tələbkar və Borclu iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Tələbkar ilə Borclu arasında bağlanmış nikaha xx.xx.2020-cu il tarixdə Zəngilan rayon Qeydiyyat şöbəsində xitam verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2010-cu il təvəllüdlü X1 valideynləridirlər. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 2(034)- 122/2018 nömrəli qətnamənin surətindən görünür ki, cavabdeh Borclu xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 136,60 manat sabit pul məbləğində alimentin iddiaçı Tələbkar xeyrinə tutulması müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(105)- 2876/2018 nömrəli qətnaməsindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 2(034)-122/2018 nömrəli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmiş və alimentin məbləği 80 manat məbləğində müəyyən edilmişdir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; Həmin Məcəllənin 110.2-ci maddəsinin tələbinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; Eyni Məcəllənin 232.3-cü maddəsinin tələbinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: "8.4-2. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvar ayının 1-dən 400 manat müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(105)-2876/2018 nömrəli qətnaməsi ilə alimentin məbləği 80 manat və 2018-ci ilin minimum əmək haqqının 130 manat olması nəzərə alındığı halda, alimentin məbləği həmin 2018-ci ilin minimum əmək haqqının (130 x 0.615= 79.95) 0.615 mislində sabit pul məbləğində olması müəyyən olunur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(105)-2876/2018 nömrəli qətnaməsinin icra üsulu dəyişdirilərək, Borclu Tələbkar xeyrinə xx.xx.2025-ci il tarixindən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizə təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(105)-2876/2018 nömrəli qətnaməsinin icra üsulu dəyişdirilərək, Borclu Tələbkar xeyrinə xx.xx.2025-ci il tarixindən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №8(034)-20/2025
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №8(034)-20/2025
07.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver