Məhkəmə qərarları › İş №8(034)-4/2024

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №8(034)-4/2024

25.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 8(034)-4/2024 25.09.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, Zəngilan Rayon Məhkəməsinin 2(034)-248/2024-012 nömrəli, 12 iyul 2024-cü il tarixli icra sənədinə izah verilməsi barədə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə ərizə ilə məhkəməyə müraciət edərək, “İcra haqqında” Qanunun 14-cü maddəsinə əsasən Zəngilan Rayon Məhkəməsinin 2(034)-248/2024-012 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin cavabdeh X1 iddiaçı Tələbkar barəsində “alçaq, şərəfsiz, pedafil» kimi yaymış olduğu məlumatların hər birinə dair təkzib verəcəyi hissədə ünvanla (məkanla) bağlı qeyrimüəyyənlik olduğundan yaranmış zərurətlə əlaqədar izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qaradağ rayon İcra şöbəsinin icraatında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-248/2024-012 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh X1 iddiaçı Tələbkar barəsində «alçaq, şərəfsiz, pedafil» kimi yaymış olduğu məlumatların hər birinə dair təkzib verilməlidir. İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq icra vərəqəsi üzrə borclu X5 xx.xx.2024-cü il tarixdə saat 16:00-da Qaradağ rayon İcra şöbəsinin inzibati binasına icra məmurunun xidməti otağına çağırışa əsəsən gəlmiş, xidməti otaqda icra vərəqəsi üzrə Tələbkar icra vərəqəsində ondan tələb olunan ifadələrin yəni, «alçaq, şərəfsiz, pedafil» kimi sözlərə dair yazılı və şifahi şəkildə təkzib versə də Tələbkar bu təkziblə qane olmayaraq, ona qarşı bu təhqiramiz ifadələrin işlədildiyi ünvanda, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Qaçqın və Məcburi köçkün şəhərciyində yerləşən “Al Market”in qarşısında təkzib verilməli olduğunu bildirmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-248/2024-012 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin cavabdeh X1 iddiaçı Tələbkar barəsində “alçaq, şərəfsiz, pedafil” kimi yaymış olduğu məklumatların hər birinə dair təkzib verəcəyi hissədə ünvanla bağlı qeyri-müəyyənlik olduğundan yaranmış zərurətlə əlaqədar izah verilməsii xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinin tələbinə görə qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. İş üzrə tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müdəasını əsas götürərək işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qətnaməyə izah verilməsi barədə ərizəni və ona əlavə edilmiş sənədləri, 2(034)-248/2024 nömrəli mülki işin materiallarını araşdıraraq hesab edir ki, icra məmuru X4 Rayon Məhkəməsinin 2(034)-248/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-248/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Tələbkar cavabdeh X2 qarşı «şərəf və ləyaqətin müdafiəsi, vurulumş maddi və mənəvi ziyana görə pul tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X5 tərəfindən onun şərəf və ləyaqətini ləkələdiyinə görə cavabdehin üzərinə barəsində yaydığı şərəf və ləyaqətini ləkələyən məlumatların düz olmadığını göstərərək təkzib etmək və ondan həm yazılı, həm də şifahi formada üzr istəmək vəzifəsi qoyulması və ona vurulmuş mənəvi zərərə görə cavabdehdən 3000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddaçının iddia tələbi qismən təmin edilmiş, cavabdeh X1 iddiaçı Tələbkar barəsində «alçaq, şərəfsiz, pedafil» kimi yaymış olduğu məlumatların hər birinə dair təkzib verilmiş, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə gölndərilmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh X1 Bakı şəhəri Qaradağ rayon İcra şöbəsində yazdığı 11 sentyabr 2024-cü il tarixli təkzibin surətindən görünür ki, o, Zəngilan Rayon Məhkəməsinin 2(034)-248/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Tələbkar barəsində yaymış olduğu “alçaq, şərəfsiz, pedafil” kimi məlumatların hər birinə dair təkzib vermişdir. İş materiallarına əlavə edilmiş Qaradağ rayon İcra şöbəsinin icra məmuru X3, hal şahidləri, borclu və tələbkarın iştirakları ilə tərtib edilmiş 11 sentyabr 2024-cü il tarixli aktın surətindən görünür ki, icra vərəqəsinin icrası ilə əlaqədar olaraq icra vərəqəsi üzrə borclu X5 11 sentyabr 2024-cü il tarixdə saat 16:00-da Qaradağ rayon İcra şöbəsinin inzibati binasına icra məmurunun xidməti otağına çağırışa əsasən gəlmiş, həmin xidməti otaqda icra vərəqəsi üzrə Tələbkar icra vərəqəsində ondan tələb olunan ifadənin yəni, “alçaq, şərəfsiz, pedafil” kimi sözlərə dair yazılı və şifahi şəkildə təkzib versə də, Tələbkar bu təkziblə qane olmayaraq ona qarşı bu təhqiramiz ifadələri işlətdiyi ünvanda Qaçqın şəhərciyi “Al Marketin” qarşısında təkzib verməli olduğunu bildirmiş, tərəflərindən icra vərəqəsində belə bir tələb keçmədiyi tələbkarın nəzərinə çatdırılsa da, tərəflərin birgə razılğına əsasən icra sənədinə dair izah verilməsi barədə qərar qəbul edərək hakimə müraciət olunması barədə razılığa gəlmişlər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələbinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Eyni Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.5-ci maddəsinin tələbinə görə qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-248/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli qətnaməsi kifayət qədər aydın, anlaşılan ifadələrlə tərtib edilmiş, qətnamənin nəticə hissəsində qətnamənin icra qaydası və üsulu dəqiq göstərilmiş, qətnaməyə əsasən verilmiş icra vərəqəsinin məzmununda hər-hansı anlaşılmazlıq olmamış, həmçinin icra məmurunun, hal şahidlərinin, tələbkarın və borclunun iştirakı ilə tərtib edilmiş aktdan da göründüyü kimi cavabdeh X5 qətnaəmnin icrası ilə əlaqədar olaraq həm şifahi, həm də yazılı şəkildə icra vərəqəsində göstərilən sözləri artıq təkzib etmişdir. Bundan başqa 2(034)-248/2024 nömrəli mülki işin materiallarında məhkəmənin müvafiq qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə tərəflərin hər-hansı birinin müraciəti və bu barədə məhkəmə qərardadı mövcud deyildir. Belə olan halda, məhkəmə qətnaməsi nəticə hissəsində qeyd olunduğu kimi və icra haqqında qanunun tələblərinə uyğun icra edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 248/2024-012 nömrəli, 12 iyul 2024-cü il tarixli icra sənədinə izah verilməsi barədə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zəngilan Rayon Məhkəməsinin 2(034)-248/2024-012 nömrəli, 12 iyul 2024-cü il tarixli icra sənədinə izah verilməsi barədə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin ərizəsi təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar