Məhkəmə qərarları › İş №8(034)-5/2025

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №8(034)-5/2025

12.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 8(034)-5/2025 12.02.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, X1 Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1264/2024 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ X2 ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1264/2024 nömrəli qətnaməsinin hissə-hissə, hər ay 100 manat məbləğində icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırımışdır ki, Cavabdeh ona qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə müraciət etmiş, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-148/2024 saylı qətnaməsi ilə onun iddiası təmin edilmiş və ondan 27.300 manat məbləğində pulun, 1000 manat məbləğində mənəvi ziyanın və 142 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. O, bu qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1264/2024 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti qismən təmin edilmiş və ondan 1000 manat məbləğində mənəvi ziyan tutularaq icraçıya ödənilməsi hissəsində həmin qətnamə ləğv edilmişdir. O, bu yaxınlarda rəsmi ailə həyatı qurmuş və hal-hazırda hamilə olduğu üçün işləyə bilmir. Eyni zamanda bu qətnamənin tam şəkildə icra olunması üçün hər hansı bir daşınar və ya daşınmaz əmlakı yoxdur. Bu səbəbdən də həmin qətnamənin hissə-hissə icra edilməsi ilə əlaqədar məhkəməyə müraciət edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbini məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə tələbkarın, borclunun və qərarı icra edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəni araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Tələbkarın vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Cavabdeh məhkəməyə verilən ərizəyə etiraz edir. Belə ki, o özünə ev almaq üçün həmin pulu saxlayırdı. Hazırda da həmin məbləğdə pula ev almaq qeyri-mümkündür. Əgər ilkin olaraq, o, Cavabdeh 15000 manat verərsə, o zaman o, aylığa razılaşaraq hər ay qalan pulun 2000 manat ödənilməsinə etiraz etməyəcəkdir. Lakin, bu şərtlər olmadıqda o, ərizəyə etiraz edərək razı olmayacaqdır. Ərizəyə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli 2(105)-1264/2024 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-148/2024 nömrəli qətnaməsi qismən-cavabdeh X3 1000 manat məbləğində mənəvi zərər tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi hissəsində ləğv edilmişdir. «İcra haqqında» Qanunun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasəna möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdır. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Belə ki, borclu əmlak vəziyyətinə, iş yerinə və aylıq qazanclarına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək, ərizəçinin ərizədə göstərdiyi halları, tələbkarın ərizəsini nəzərə alaraq hesab edir ki, borclu X5 tərəfindən verilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1264/2024 nömrəli qətnaməsinin hissə-hissə icra olunması barədə tələbi qanunun tələblərinə və tələbkarın mənafeyinə uyğun olmadığına görə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X4 Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1264/2024 nömrəli qətnaməsinin hissə-hissə icra olunması barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar