Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-130/2025 22.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Əhməd Siracəddin oğlunun katibliyi ilə, Tələbkar iştirakı ilə, Tələbkar alimentin indeksasiyası barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələbkar alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 2(036)-1387/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının indeksasiya edilməsi, minimum əmək haqqının sonrakı artımları nəzərə alınmaqla 0.27 misli həddində sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2(036)-1387/2019 nömrəli qətnaməsinə əsasən himayəsində saxlanılmış uşaqları 24 sentyabr 2008-ci il təvəllüdlü X2, 31 avqust 2011-ci il təvəllüdlü X3 və 27 noyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu hər ay hər uşağa görə 50 manat olmaqla üç uşağa görə 150 manat sabit pul məbləğində alimentin alınıb onun xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda qət edilmiş aliment məbləğinin indeksasiya olunması zəruridir. Məhkəmə iclasında iştirak edən Tələbkar ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borcluya məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; Maddə 110.2. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024cü il tarixli Qərarı: "8.4-2. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidenti X5 əsasən minimum aylıq əmək haqqının məbləği 2024-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 2(036)-1387/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən birgə nikahdan doğulmuş 24 sentyabr 2008-ci il təvəllüdlü X2, 31 avqust 2011-ci il təvəllüdlü X3 və 27 noyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu hər ay 150 manat sabit pul məbləğində alimentin alınıb onun xeyrinə ödənilməsi qət edilmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, Tələbkar ilə Borclu birgə nikahdan doğulmuş 24 sentyabr 2008-ci il təvəllüdlü X2, 31 avqust 2011-ci il təvəllüdlü X3 və 27 noyabr 2018-ci il təvəllüdlü X4 iddiaçı Tələbkar yanında saxlanılmış, onların saxlanılması üçün aliment tutulmuşdur. Hazırda Tələbkar alimentin indeksasiyasının həyata keçirilməsini xahiş edir. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulan alimentin məbləği İmişli Rayon Məhkəməsinin 2(036)-1387/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 150 manat məbləğində müəyyən edilmişdir. 2019-cu il üzrə ölkə üzrə minimum əmək haqqı 180 manat (2019-cu il 1 sentyabra kimi) müəyyən edilmişdir. 150 manat məbləğdə aliment 2019-cu il üçün minimum əmək haqqının 0,83 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (2025-ci il üçün minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir) 0,83 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, İmişli Rayon Məhkəməsinin 2(036)-1387/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tutulmuş alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,83 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-1387/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Borclu 24 sentyabr 2008-ci il təvəllüdlü X2, 31 avqust 2011-ci il təvəllüdlü X3 və 27 noyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün tutulan 150 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,83 misli həddində indeksasiya olunsun. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsaba Ağayeva.
Məhkəmə qərarları › İş №8(036)-130/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-130/2025
22.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver