Məhkəmə qərarları › İş №8(036)-16/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-16/2024

28.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-16/2024 28.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İmişli Rayon Məhkəməsinin 2(036)-886/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu Qəyyum oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə İmişli rayon icra və probasiya şöbəsindən daxil olmuş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 2(036)-886/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu Qəyyum oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olur ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 886/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu Qəyyum oğlundan 1400 manat və dövlət rüsumuna görə 30 manat alınıb iddiaçı Tələbkar verilməlidir. İcra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunması barədə borcluya bildiriş göndərilmişdir. İş materialları ilə müyyən olunur ki, xx.xx.2018-ci il tarixdə Borclu Qəyyum oğluna icra sənədi üzrə tələbii icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. İş materialları müəyyən olur ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2018ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilib, tələbin könüllü icra olunması barədə borcluya bildiriş göndərilməsinə, xx.xx.2018-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq icra sənədinin icrası ilə bağlı 2018-ci ilin avqust ayından bu vaxta kimi keçən dövr ərzində icra məmuru tərəfindən heç bir hərəkət olunmamış və icra sənədi icrasız qalmışdır. İşdən görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsi barədə, yəni borclunun adına hər hansı bir əmlakın, bank hesablarının, tələbin borclunun yönəldilə biləcək əmək haqqının, pensiyasının, təqaüdünün və sair gəlirlərinin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində icra tədbirlərinin görülməsi və müvafiq qurumlara sorğuların göndərilməsinə dair iş materiallarına sənəd əlavə etsə də icra məmuru borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakın olub-olmamasını yoxlamalıdır. Əgər tərəflər (borclu və borcun qaytarılmalı olduğu şəxs) icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsul və qaydasının dəyişdirilməsi haqqında məhkəməyə müraciət edirsə, icra sənədi üzrə tələb borclunun əmlakına yönəldilirsə və bir sıra digər hallarda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməməlidir. Belə ki, icra məmuru borcun ödənilməsi tələbinə dair icra sənədinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakın olub-olmamasını yoxlamalı olduğu halda, bunu etməmiş, sonuncu və mühüm icra tədbiri olan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının ərazisində olan hər kəsin sərbəst surətdə ölkəyə gedib-gəlmək hüququ konstitusion hüququ olmaqla dövlət tərəfindən qorunan hüquqdur və bu hüququn məhdudlaşdırılması müstəsna hal olmaqla, yalnız buna ciddi hüquqi əsaslar olduqda təmin oluna bilər. İcra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi müəyyən deyildir, bundan əlavə icra sənədi uzun müddət icrasız qalmış və təqdimatın əsaslı olmasını təsdiq edən başqa bir sübut mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, təqdimat əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İmişli Rayon Məhkəməsinin 2(036)-886/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu Qəyyum oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə İmişli rayon icra və probasiya şöbəsinin təqdimatı təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət vermək olar. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar