Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-168/2024 23.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, X1, X2 iştirakları ilə, X4 Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-851/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, X6 ona məxsus İmişli rayonunun Qaradonlu kəndində yerləşən evə köçürülməsi haqqında Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-851/2024 nömrəli qətnaməsinin icrasına 6 ay müddətində möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X8 cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İmişli rayonu Qaradonlu kəndində öz vəsaiti hesabına tikdiyi və hazırda cavabdehin yaşadığı ikimərtəbəli yaşayış evinə köçürülməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-31/2024 nömrəli qətnaməsi ilə iddiaçının tələbi təmin edilməmişdir. İddiaçının apellyasiya şikayətinə baxan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-851/2024 nömrəli qətnaməsi ilə İmişli Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddiaçının tələbi təmin edilərək ona məxsus yaşayış evinə köçürülməsi qət edilmişdir. Ali Məhkəmə qətnamədən verilmiş kassasiya şikayətini təmin etməmişdir. Hazırda tələbkarın evə köçürülməsi mümkün deyil. Belə ki, müharibə veteranıdır və xəstədir. Evdə ağır xəstə valideynləri, rəsmi nikahda olduğu arvadı və azyaşlı uşaqları var. Qış fəsli olduğu üçün evdə yaşayış şəraiti çox çətindir. Məhkəmə iclasında iştirak edən X3 ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tələbkar həmin evə köçərsə gərək evi tərk etsin. Ali Məhkəmənin hazırkı iş üzrə qərarından şikayətlə Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Nəzər alınmağını xahiş edir. Məhkəmə iclasında tələbkar X8 borclu tərəfindən qətnamənin icrasına möhlət verilməsinə dair ərizəyə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş İmişli rayon İcra və probasiya şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb, hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.5-ci maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Qanunun mənasına görə qətnamənin icrasına möhlət verilməsinə o hallarda yol verilir ki, icranın həyata keçirilməsi hər hansı səbəblərə görə mümkün olmur və məhkəmə müəyyən müddət keçdikdən sonra icraya maneçilik törədən halların aradan qalxacağı və icranın mümkün olacağı qənaətinə gəlir. Məhkəmə belə hesab edir ki, nə ərizəçinin istinad etdiyi hallar, nə də iş materiallarında olan sübutlar belə qənaətə gəlməyə əsas vermir. Belə olan halda, ərizənin təmin edilməsi məhkəmə qərarının məcburi icrası prinsipinin əsassız məhdudlaşdırılmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, “məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.” Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə qərarının icrası “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Bundan başqa, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, “...Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə qeyd etmişdir ki, “Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır. Borclunun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.8-ci maddəsinə əsasən, iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Borclu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etsə də, şikayətinin məhkəmənin icraatına qəbul edilməsi barədə aktı məhkəməyə təqdim edə bilməmişdir. Şikayət məhkəmənin icraatına qəbul edilərsə, borclu icra sənədi üzrə icraatın dayandırılması barədə icra qurumuna müraciət edə bilər. Hazırkı halda, şikayət məhkəmənin icraatına qəbul edilmədiyindən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası məcburidir. Məhkəmə yuxarıda göstərilənləri, borclunun ərizəsində istinad etdiyi halları, icra sənədinin ağlabatan müddətdə icra olunmalı olduğunu, tələbkarın (ipoteka saxlayanın) ərizənin təmin edilməsinə razılığının olmamasını, əsassız olaraq məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına yönələ biləcəyini nəzərə alaraq hesab edir ki, qətnamənin icrasına möhlət verilməsi barədə ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-851/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə X1 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə MPM-in 2 nömrəli əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №8(036)-168/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-168/2024
23.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver