Məhkəmə qərarları › İş №8(036)-294/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-294/2023

18.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-294/2023 18.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, X3, borclu “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi X7, İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X11 iştirakı ilə, X1 İmişli rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayətə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək, icra sənədi üzrə icraatın davam etdirilməsi üçün icra sənədinin icra və probasiya şöbəsinə qaytarılmasını xahiş etmişdir. Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, o, İmişli Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(036)-3371/2022 saylı icra sənədinə əsasən “İmişli Rayon Mərkəzi Xəstəxanası”nın TTTY şöbəsinin sürücü vəzifəsinə bərpa olunmalı və bərpa olunan günədək əvvəlki vəzifə ilə qanunsuz keçirilən vəzifə arasındakı əmək haqqı fərqi ödənilməlidir. İcra tədbirəri nəticəsində o işinə bərpa edilmiş və əmək haqqı fərqi qismən ödənilmişdir. Bundan sonra İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Halbuki, əvvəlki işində ona avtomobil təhkim olunmuş və o, sürücü kimi gündüz və gecə növbəsində işə çıxmış, zəruri hallarda isə rayondan kənara ezam olunmuşdur. Buna görə də ona əlavə əmək haqqı hesablanmışdır. Lakin, xx.xx.2023-cü il tarixdə onun iştirakı olmadan ona təhkim olunmuş avtomobil başqa şəxsə təhkim olunmuşdur. Sürücü kimi işinə bərpa olunduğu vaxtdan hazırkı vaxtadək vəzifəsi formal olaraq sürücü kimi qalmış, özü isə sürücü kimi işləməmiş, heç bir işə buraxılmamışdır. Ona görə də hesab edir ki, İmişli rayon icra və probasiya şöbəsi tərəfindən qəbul edilmiş “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərar ləğv edilməlidir. Məhkəmə iclasında X3 şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında borclu “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi X7 izahat verərək göstərdi ki, “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 09 fevral 2023-cü il tarixli əmri ilə X9 əvvəlki işinə bərpa olunmuş və əvvəlki vəzifəsi ilə qanunsuz keçirildiyi vəzifəsi arasındakı əmək haqqı fərqi ona tam şəkildə ödənilmişdir. Belə ki, “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən sürücülərin növbətçilik cədvəlləri tərtib olunmuş və cədvəl əsasında onlara, o cümlədən X6 ay ərzində 5-6 dəfə şəhərdaxili yol vərəqəsi verilir. X2 dəfə 13 aprel 2023-cü il tarixdə şəhərdaxili yol vərəqəsi verilmişdir. X5 əmək müqaviləsində ona hər hansı nəqliyyat vasitəsinin təhkim olunması nəzərdə tutulmamışdır. Sürücülərə nəqliyyat vasitəsinin təhkim olunması xəstəxana rəhbərliyinin səlahiyyətləri daxilindədir. Xəstəxana rəhbərliyi xəstəxananın balansında olan hər hansı bir nəqliyyat vasitəsini istənilən sürücüyə təhkim edə və ondan ala bilər. Əmək haqqı fərqinə gəldikdə isə X9 məzuniyyətdə olduğu dövrlərin pulunu əvvəlcədən aldığından, əmək haqqı fərqi ödənilərkən ona məzuniyyətdə olduğu dövrlərin əmək haqqı ödənilməmişdir. Bu barədə müvafiq sənədlər İmişli rayon icra və probasiya şöbəsinə təqdim edilmiş və bundan sonra İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Ona görə də, şikayət əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X14 izahat verərək göstərdi ki, “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Azər Kazımovun 09 fevral 2023-cü il tarixli əmri ilə X9 əvvəlki işinə bərpa olunmuş və əvvəlki vəzifəsi ilə hazırkı vəzifəsi arasındakı əmək haqqı fərqi ona tam şəkildə ödənilmişdir. Ona görə də o, İmişli Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(036)-3371/2022 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Hesab edir ki, qəbul etdiyi qərar qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, İmişli Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(036)-3371/2022 saylı qətnaməsi ilə “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 30 avqust 2022-ci il tarixli, 640-a nömrəli əmri ləğv edilib, X9 əvvəlki işinə, yəni “İmişli Rayon Mərkəzi Xəstəxanası”nın TTTY şöbəsinin sürücüsü vəzifəsinə bərpa olunması və bərpa olunduğu günədək ona əvvəlki vəzifəsi ilə qanunsuz keçirildiyi vəzifəsi arasındakı əmək haqqı fərqinin ödənilməsi qət edilmişdir. Həmin qətnamə əsasında xx.xx.2023-cü il tarixdə müvafiq icra vərəqəsi verilmişdir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmışdır. “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Azər Kazımovun 09 fevral 2023-cü il tarixli əmri ilə X9 əvvəlki vəzifəsinə bərpa olunmuşdur. “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Azər Kazımovun 09 fevral 2023-cü il tarixli, PHŞ-6-46/3-1-143/2023 nömrəli əmri ilə müəyyən olur ki, İmişli Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(036)-3371/2022 saylı qətnaməsinə əsasən X9 əvvəlki vəzifəsinə “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin TTTY şöbəsinin TTTY stansiyasında sürücü vəzifəsinə bərpa olunması və bərpa olunduğu günədək ona əvvəlki vəzifəsi ilə qanunsuz kecirildiyi vəzifəsi arasındakı əmək haqqı fərqinin ödənilməsi barədə əmr verilmişdir. “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs və X9 arasında bağlanmış 09 fevral 2023-cü il tarixli əmək müqaviləsinin surəti ilə müəyyən olur ki, X9 “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin TTTY şöbəsinin TTTY stansiyasında sürücü vəzifəsinə işə qəbul edilmiş, işçiyə 406 manat vəzifə maaşından, 406 manat vəzifə maaşına əlavədən, əmək funksiyalarını ağır şəraitli iş yerində icra etdiyi üçün 147 manat əlavədən ibarət olmaqla, cəmi 959 manat məbləğində əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İş materialları ilə müəyyən olur ki, “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən X9 bərpa olunduğu günədək ona əvvəlki vəzifəsi ilə qanunsuz keçirildiyi vəzifəsi arasındakı əmək haqqı fərqi 1.882.44 manat məbləğində pul vəsaiti tələbkarın ******************** nömrəli bank hesabına köçürülmüşdür. xx.xx.2023 tarixli, PHŞ-6-46/3-7-470/2023 nömrəli aktla müəyyən olunur ki, **-AC- *** dövlət qeydiyyat nişanlı UAZ markalı təcili tibbi yardım nəqliyyat vasitəsi TTYS-nin sürücüləri X15 və X6 təhkim edilmişdir. İş materialları ilə müəyyən olur ki, X4 və X10 Stansiyasında sürücü vəzifəsinə bərpa edildikdən sonra xx.xx.2023-cü il tarixində ona “UAZ” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə şəhərdaxili hərəkət üçün 855 nömrəli yol vərəqəsi və xx.xx.2023-cü il tarixində “UAZ” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhərinə getməsi üçün 899 nömrəli yol vərəqəsi verilmişdir. İcra tədbirləri nəticəsində tələbkarın sürücü vəzifəsinə bərpa edilməsi nəzərə alınaraq ona əmək haqqı fərqinin ödənilməsində ziddiyyətli halın aydınlaşdırılması üçün “mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmiş və icra edilməsi üçün Azərbaycan Respublikası Auditorlar Palatasına göndərilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2023-cü il tarixli hesabatında əməkhaqqı fərqinin tələbkarın iddia etdiyi kimi natamam deyil, 602,92 manat artıq ödənildiyi müəyyən edilmişdir. Bununla da tələbkarın əmək funksiyalarını yerinə yetirdiyi müəyyən edilmişdir. Əməkdaşların iş qrafiki və hansı işdə işləməsi, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən şöbə və ya bölmə müdirinin xəstəxana rəhbərliyi ilə qarşılıqlı razılaşması əsasında tətbiq olunur. Xəstəxananın balansında olan nəqliyyat vasitələrinin əməkdaşlara təhkim olunması rəhbərlik və bölmə müdirlərinin qərarı əsasında həyata keçirilir. E.Əmirovla işəgötürən arasında bağlanmış əmək müqaviləsində ona nəqliyyat vasitəsinin təhkim olunması barədə hər-hansı məlumat qeyd olunmamışdır. E.Əmirova TTTYS-ya məxsus nəqliyyat vasitəsi təhkim olunmuşdur. Sürücüyə hansı nəqliyyat vasitəsinin təhkim edilməsi işəgötürənin səlahiyyətində olub, işçinin ezamiyyətə göndərilməsi işəgötürənin vəzifəsi deyil, hüququdur. İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Beləliklə, işin faktiki halları ilə müəyyən olur ki, İmişli Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(036)-3371/2022 saylı qətnaməsi ilə “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 30 avqust 2022-ci il tarixli, 640-a nömrəli əmri ləğv edilib, X9 əvvəlki işinə, yəni “İmişli Rayon Mərkəzi Xəstəxanası”nın TTTY şöbəsinin sürücüsü vəzifəsinə bərpa olunması və bərpa olunduğu günədək ona əvvəlki vəzifəsi ilə qanunsuz keçirildiyi vəzifəsi arasındakı əmək haqqı fərqinin ödənilməsi qət edilmişdir. “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Azər Kazımovun 09 fevral 2023-cü il tarixli əmri ilə X9 əvvəlki işinə bərpa olunmuş və əvvəlki vəzifəsi ilə hazırkı vəzifəsi arasındakı əmək haqqı fərqi ona tam şəkildə ödənilmişdir. Ona görə də, İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə İmişli Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(036)-3371/2022 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.1-15.3-cü maddələrinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. X3 məhkəmə iclasında şikayətinin dəlilərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı qanuni və əsaslı olub, ləğv olunması üçün heç bir əsas mövcud olmadığından şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 267- 268-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 İmişli rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət vermək olar. X17

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar