Məhkəmə qərarları › İş №8(036)-44/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-44/2024

08.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-44/2024 08.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, X1, tələbkar "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 2(036)-113/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunması barədə X1nın ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 2(036)- 113/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsinin hər ay əmək haqqına yönəldilərək hissə-hissə icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 2(036)-113/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh X5 10000 manat və ödənilmiş dövlət rüsumuna görə 120 manat məbləğində pul alınıb iddiaçı "xxxx" MMC-nin xeyrinə verilməsi qət edilmişdir. Aldığı əmək haqqı 345 manat təşkil edir və bundan başqa gəlir yeri mövcud deyildir. Mülkiyyətində məhkəmə qətnaməsini icra etmək üçün yönəldilə biləcək daşınar və daşınmaz əmlakı yoxdur. Məhkəmə iclasında X1 ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etdi. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X6 izahat verərək göstərdi ki, X1 2021- 2022-ci illərdə "xxxx" MMC-də çalışarkən həmin dövr üçün qazanılmış gəliri 28553.40 manat təşkil etmişdir. Buna baxmayaraq borclu tərəfindən məhkəmə qətnaməsi əsasında iddiacıya olan borcundan heç bir ödəniş edilməmişdir. Ona görə də ərizə təmin edilə bilməz və rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-113/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsi ilə cavabdeh X5 10000 manat və ödənilmiş dövlət rüsumuna görə 120 manat məbləğində pul alınıb iddiaçı "xxxx" MMC-nin xeyrinə verilməsi qət edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş arayışla müəyyən olur ki, X1 2021-2022-ci illərdə "xxxx" MMC-də müqvilə əsasında çalışarkən həmin dövr üçün qazanılmış gəliri 28553.40 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surəti ilə müəyyən olur ki, X3 və makiyaj ustası vəzifəsində işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin məcəllənin 231.4-cü maddəsinə əsasəm qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi borclunun əmlak vəziyyəti və digər hallar nəzərə alınmaqla işə baxmış məhkəməyə qətnaməni hissə-hissə icra etdirmək səlahiyyəti verilsə də, qətnaməni birdəfəlik icra etmək üçün maddi imkanın olmadığını sübut etmək vəzifəsi borclunun üzərinə düşür. Borclu gəlirinin az olması, adında daşınar və ya daşınmaz əmlak olmaması, digər şəxslər qarşısında öhdəliklərinin olması, himayəsində əmək qabiliyyəti olmayan şəxslərin olması və qətnaməni birdəfəlik icra etməsi üçün maddi imkanının olmadığını təsdiq edən sübutları öz ərizəsinə əlavə etməli idi. Lakin borclu qeyd edilən halları təsdiq edən hər hansı sənədi ərizəsinə əlavə etməmiş və ya məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə əsaslı sayıla və təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İmişli Rayon Məhkəməsinin 2(036)-113/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1nın ərizəsi təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar