Məhkəmə qərarları › İş №8(036)-95/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-95/2025

15.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-95/2025 15.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Sarıyev Əhməd Siracəddin oğlunun katibliyi, Borclu iştirakı ilə, Borclu İmişli Rayon Məhkəməsinin 8(036)-92/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 8(036)- 92-2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə "Kamaz 6520" markalı ** BL *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 2(036)-705/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə borcludan tələbkar “X1 Kompleksi” MMC-nin xeyrinə 10640 manat pul vəsaitinin tutulması qət edilmişdir. Qeyd edilən qətnamə əsasında verilmiş icra sənədinin icrası ilə əlaqədar olaraq onun mülkiyyətində olan “Kamaz 6520” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərinə İmişli rayon İcra və probasiya şöbəsinin təqdimatı əsasında İmişli Rayon Məhkəməsinin 8(036)- 92/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Məhkəmə qərarından sonra borc məbləğindən borclu 4000 manat ödəniş etmişdir. Qalan borc məbləğini də mülkiyyətində olan avtomobili sataraq ödəmək niyyətindədir və tələbkar “X1 Kompleksi” MMC də buna etiraz etmir. Lakin avtomobilin üzərindən həbsin götürülməsi barədə imişli rayon İcra və probasiya şöbəsinə müraciət etdikdə icraat yekunlaşmadığı üçün icra qurumu tərəfindən məhkəməyə həbsin götürülməsi barədə təqdimatın veriməsinin mümkün olmadığı ona bildirilmişdir. İcra sənədi üzrə tələbkara və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən işdə iştirak edən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Tələbkar “X1 Kompleksi” MMC-nin ərizəyə münasibətinin araşdırılması məqsədilə MMC-yə müvafiq sorğu edilmiş, tələbkar tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq borclu yalnız borcunu tam şəkildə ödədikdən sonra həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başalayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir. Məhkəmə qeyd edir ki, hazırda məhkəmə qərardadı ilə qoyulmuş həbsin götürülməsi üçün əsas yaranmamışdır. Belə ki, borc tam ödənilməmiş, tələbkar da borcun götürülməsinə etiraz etmişdir. Beləliklə, məhkəmə şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktlarına əsasən hesab edir ki, ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ağayeva Gülsaba

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar