Məhkəmə qərarları › İş №8(037)-10/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-10/2023

27.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-10/2023 27.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata və ona əlavə edilmiş sənədlərə 27 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus 1 ədəd şfaner (paltar dolabı),1 ədəd divan,1 ədəd xalça (5x3 metr), 1 ədəd sandıq, 1 ədəd jurnal stolu və 2 ədəd tək adamlıq çarpayıdan ibarət əmlakların üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)-498/2022-007 nömrəli icra sənədinə əsasən Borclu 20205.16 manat məbləğində pul vəsaitinin tutularaq X1nın xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra sənədinin icrası məqsədi ilə borclunun əmlak vəziyyətini yoxlamaq üçün yaşadığı ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Borclu məxsus 1 ədəd şfaner (paltar dolabı), 1 ədəd divan,1 ədəd xalça (5x3 metr),1 ədəd sandıq,1 ədəd jurnal stolu,2 ədəd təkadamlıq çarpayıdan ibarət əmlakların olması müəyyən edilmişdir. Ona görə də icra sənədinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbiri kimi Borclu məxsus olan 1 ədəd şfaner (paltar dolabı),1 ədəd divan,1 ədəd xalça (5x3 metr),1 ədəd sandıq,1 ədəd jurnal stolu və 2 ədəd tək adamlıq çarpayıdan ibarət əmlakların üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev məhkəmə iclasında təqdimatın məzmununa uyğun izahat verərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Borclu məhkəmə iclasında izahat verərək təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. X1 təqdimata baxılmasına dair məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayevin və Borclu izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 089 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədləri icra olunarkən, tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 13-cü hissəsinin c bəndinə əsasən borclu və onun ailə üzvləri üçün lazım olan ev avadanlıqları və əşyaları hər bir şəxs üçün bir çarpayı və stul, bir ailə üçün bir stol, bir şkaf, bir sandıq, mənzildə olan bir soyuducu, bir radio və bir televizordan ibarət əmlaklara tələbin yönəldilməsinə yol verilmir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə yaşadığı ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı borcluya məxsus 1 ədəd şfaner (paltar dolabı),1 ədəd divan,1 ədəd xalça (5x3 metr), 1 ədəd sandıq,1 ədəd jurnal stolu və 2 ədəd təkadamlıq çarpayıdan ibarət əmlakların olması müəyyən edilmişdir. Təqdimatda qeyd olunmuş borcluya məxsus 1 ədəd şfaner (paltar dolabı), 1 ədəd divan, 1 ədəd xalça (5x3 metr), 1 ədəd sandıq, 1 ədəd jurnal stolu və 2 ədəd təkadamlıq çarpayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 089 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədləri icra olunarkən, tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”na daxil olan əmlaklara daxildir və həmin əmlakların üzərinə həbs qoyulması qeyd edilən qərarıın müddəalarına ziddir. Eyni zamanda təqdimatda qeyd olunan əmlakların üzərinə həbs qoyulması borclunun mənafeyinə uyğun deyil və onun əmlak hüquqlarının pozulmasına səbəb olacaqdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərini təmin edilməsi üçün borclunun yetərli pul vasitələri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 45.7-ci maddəsinə əsasən, tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur. Məhkəmə İcra haqqında Azərbaycan Respublikası Qanunun qeyd olunan normasının tələbləri baxımından təqdimatı və icra işini tədqiq edərək hesab edir ki, icra məmuru “İcra haqqında” Qanunun 45-ci maddəsinə qeyd olunmuş tələblərə əməl etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Borclu məxsus 1 ədəd şfaner (paltar dolabı),1 ədəd divan,1 ədəd xalça (5x3 metr),1 ədəd sandıq, 1 ədəd jurnal stolu və 2 ədəd tək adamlıq çarpayıdan ibarət əmlaklar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 089 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədləri icra olunarkən, tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”na daxil olan əmlaklar olduğundan təqdimat təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimat təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar