Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-10/2025 18.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi Tələbkar ASC-nin nümayəndəsi X1 iştirakı ilə Borclu1 əmlakı üzərinə həbsin qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 18 fevral 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-281/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclular Borclu1 və Borclu2 MMC-dən 54871,44 manat məbləğində pul vəsaiti və 230 manat mediasiya xərci tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov təqdimatla müraciət edərək icra sənədi üzrə borc məbləğinin ödənilməsi məqsədi ilə Borclu1 məxsus olan İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İcra sənədi xx.xx.2024-cü il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq bildirişlə bərabər icra sənədi üzrə borclular Borclu1 və Borclu2 MMC icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Könüllü icra müddətində icra sənədi üzrə tələb təmin etmədiyi üçün borcluların əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu1 məxsus olan İsmayıllı rayon Basqal qəsəbəsində 0,10 hektar həyətyanı torpaq sahəsi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu1 məxsus olan İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsi üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş edir. Tələbkar izahat verərək göstərdi ki, borclunun adına torpaq sahəsinin müəyyənləşdirilməsi ilə bağlı Basqal icra nümayəndəliyindən alınmış sorğuya cavabdan məlum olmuşdur ki, nümayəndəliyin ərazisində Borclu1 adlı şəxs qeydiyyatda yoxdur və yaşamır. Həmin ərazidə belə boş torpaq sahələri çoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru və borclular Borclu1 və Borclu2 MMC təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşə əlavə olunmuş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-281/2024 nömrəli, xx.xx.2024-cü icra sənədinin surətindən görünür ki, cavabdehlər Borclu1 və Borclu2 MMCdən müştərək qaydada xx.xx.2021-ci il tarixli DC00025546-03 sayl maliyyələşdirmə üçün ərizə üzrə 52,371,44 manat məbləğində kredit borcu, 2500 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 54.871,44 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 230 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-yə ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 85 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş əlavə olunmuş 11 oktyabr 2024-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borcluya icra sənədinin icrası ilə bağlı bildiriş göndərilmişdir. İşə əlavə olunmuş icraata başlamaq haqqında qərarın surətindən görünür ki, iş üzrə 11 oktyabr 2024-cü il tarixdə icraata başlanılmışdır. İşdə əlavə olunmuş “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına dair çıxarışdan görünür ki, İsmayıllı rayon Basqal qəsəbəsində Borclu1 məxsus 0,10 hektar həyətyanı torpaq sahəsi vardır. İşə əlavə olunmuş Basqal İcra nümayəndəliyinin məktubundan görünür ki, nümayəndəliyin ərazisində xx.xx.1979-cu il təvəllüdlü Borclu1 adlı şəxs qeydiyyatda yoxdur və ərazidə belə bir şəxs yaşamır. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-281/2024 nömrəli, xx.xx.2024cü icra sənədinə əsasən cavabdehlər Borclu1 və Borclu2 MMC-dən müştərək qaydada xx.xx.2021-ci il tarixli DC00025546-03 sayl maliyyələşdirmə üçün ərizə üzrə cəmi 54.871,44 manat məbləğində, mediasiya xərclərinin əvəzi olaraq 230 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 85 manat hissəsi də cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə müvafiq icra tədbirləri həyata keçirilmiş, Borclu1 məxsus İsmayıllı rayon Basqal qəsəbəsində 0,10 hektar həyətyanı torpaq sahəsinin olduğu aşkar edilmişdir. Borclunun Basqal İcra nümayəndəliyinin ərazisində yaşamadığı və qeydiyyatda olmadığı müəyyən edilmişdir. Tələbkarın nümayəndəsi iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası “İcra Haqqında” Qanununun 43.1 və 43.1.1-ci maddələrinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 44.1 və 44.1.3-cü maddələrinə əsasən icra məmuru tərəfindən könüllü icra üçün borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb borclunun əmlakına, o cümlədən nəğd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Həmin Qanunun 50.5-ci maddəsinə əsasən üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədləri icra olunarkən, tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 1-ci hissəsinə əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. İş üzrə göründüyü kimi Borclu1 məxsus İsmayıllı rayon Basqal qəsəbəsində 0,10 hektar həyətyanı torpaq sahəsi vardır. Eyni zamanda Basqal İcra nümayəndəliyinin ərazisində xx.xx.1979-cu il təvəllüdlü Borclu1 adlı şəxsin qeydiyyatda olmadığı və ərazidə yaşamadığı müəyyən olunur. Ona görədə məhkəmə hesab edir ki, həmin torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş fiziki şəxs barəsində icra sənədləri icra olunarkən siyahıda qeyd olunan tələbin yönəldilməsinə yol verilməyən əmlak növünə aid edilməməlidir. Məhkəmə qərara gəlir ki, icra sənədinin icrasının təmin olunması məqsədi ilə Borclu1 məxsus olan İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsi üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Borclu1 məxsus olan İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsi üzərinə həbs qoyulsun. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-10/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-10/2025
18.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver