Məhkəmə qərarları › İş №8(037)-25/2022

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-25/2022

28.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-25/2022 28.06.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-16/2018 saylı, 13 aprel 2018-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X3 ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon Məhkəməsinin 2(037)-16/2018 saylı, 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə X2 05 noyabr 2014-cü il tarixli **********21914 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankına olan həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 10.127,15 ABŞ dolları əsas, 3.285,48 ABŞ dolları faiz cəmi – 13.412 (on üç min dörd yüz on iki) ABŞ dolları 63 sent məbləğində borcunun, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş cəmi - 30,00 manatın, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 (on yeddi) manat məbləğinin ödənilməsi üçün tutma ipoteka ilə yüklü edilmiş, cavabdeh X6 məxsus olan, İsmayıllı şəhəri V.Osmanov küçəsində 3 nömrəli, 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 75 kv.m ümumi, 41,5 kv.m yaşayış, 33,5 kv.m yardımçı sahəsi olan 31 saylı mənzilə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, cavabdeh X6 məxsus olan, İsmayıllı şəhəri,V.Osmanov küçəsində 3 nömrəli, 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 75 kv.m ümumi, 41,5 kv.m yaşayış, 33,5 kv.m yardımçı sahəsi olan 31 saylı mənzil açıq hərracda satılsın. Mənzilin ilkin satış qiyməti 32.000 (otuz iki min) manat müəyyən edilməsi və həmin mənzil açıq hərracda satıldıqdan sonra cavabdehlər X10, X7, X11, X8, X4 mənzili bir ay ərzində tərk etmədikləri halda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması qət edilmişdir. X10 ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamənin hissə-hissə icra olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, sözügedən qətnamə üzrə borc məbləğinin böyük bir hissəsini ödəmiş, qalıq məbləği isə birdəfəlik ödəyə bilmir. X19 Müharibəsi iştirakçısıdır, İİ qrup əlildir. Borcun ödənilməsindən və müvafiq qətnamənin icrasından qərəzli şəkildə yayınmır, sadəcə olaraq faktiki maddi imkanları buna çatır. Ona görə də məcburiyyət qarşısında qalaraq, məhkəməyə ərizə ilə müraciət edərək qətnamənin icrasına 1 (bir) il müddətində möhlət verilməsi barədə qərardadın qəbul olunmasını xahiş etmişdir. X1 məhkəməyə teleqram göndərərək işə iştirakı olmadan baxılaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs icra məmuru X5 ərizəyə dair izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-16/2018 saylı,13 aprel 2018-ci il tarixli qətnaməsinə dair icra sənədi üzrə başlanılmış icra işi onun icraatındadır. Elnur Əzizov icra sənədi üzrə olan borcunun bir hissəsini icra şöbəsi vasitəsilə deyil, birbaşa banka ödədiyindən icra şöbəsində bununla bağlı məlumat yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Tələbkar "xxxx" ASC-nin nümayəndəsi X12 ərizəyə dair izahat verərək göstərdi ki, Elnur Əzizov qətnamə üzrə borcundan müxtəlif vaxtlarda hissə-hissə ödənişlər etmişdir. Bankın əməkdaşları qətnamənin icra olunması ilə bağlı dəfələrlə Elnur Əzizovla əlaqə saxlayaraq borcun ödənilməsini xahiş etsələr də, Elnur Əzizov imkanı olmadığını əsas gətirərək borcunu ödəməkdən yayınmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Ona görə də ərizənin rədd edilməsini məhkəmədən xahiş edirəm. İş materiallarında olan xx.xx.2016-cı il tarixli **********21914 nömrəli kredit müqaviləsi üzrə hesabdan çıxarış sənədlərindən görünür ki, borc alan X9 tərəfindən 2019, 2020 və 2021-ci illər ərzində qətnamə üzrə borcdan müxtəlif məbləğlərdə hissə-hissə ödənişlər edilmişdir. Məhkəmə tələbkar "xxxx" ASC-nin nümayəndəsi Elçin Zalovun və Maraqlı şəxs icra məmuru Emin Bağırovun izahatlarını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun: 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər.Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.5-ci qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarın 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil,tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 13 dekabr 2010-cu il tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə mənfi təsir göstərə bilər. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 15 aprel 2011-ci il tarixli, C.İsmayılzadənin şikayəti üzrə 6 iyun 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarları). Məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3cü maddəsinin müddəalarından çıxış edərək, qanuni quvvəyyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Məhkəmə qeyd edir ki,Qanunun mənasına görə qətnamənin hissə-hissə icra edilməsinə o hallarda yol verilir ki, belə icra mümkün olur, borcluya məxsus əmlak mövcud olmur və məhkəmə, qətnamənin digər formada icra olunmasının qeyri-mümkün olduğu qənaətinə gəlir. Bundan başqa məhkəmə qeyd edir ki, prosessual qanunvericilikdə qətnamənin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, qətnamənin icrasına 1 il müddətə möhlət verilməsi tələbkarın mənafeyinə uyğun deyil, həmçinin bu hal məhkəmə qətnaməsinin səmərəliyini azaltmaqla yanaşı, həm də realizəsini mümkünsüz edir. Həmçinin, nəzərə alınmalıdır ki, sözügedən qətnamə 13 aprel 2018-ci il tarixdə çıxarılmış, hazırki vaxtadək isə tam icra edilməmişdir. Bundan sonra həmin qətnamənin icrasına əlavə möhlət verilməsi əsaslı sayıla bilməz. Bu hal tələbkarın qanuni mənafeyi ilə ziddiyyət təşkil edir. Məhkəmə eyni zamanda hesab edir ki, borclu X3 ərizəsinin təmin edilməsi İsmayıllı Rayon Məhkəməsinin 2(037)-16/2018 saylı, 13 aprel 2018-ci il tarixli qətnaməsinin icra olunması ilə bağlı tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində göstərilən ağlabatan müddətlərin pozulmasına səbəb ola bilər. Məhkəmə, borclu ilə yanaşı tələbkarın mənafeyini, həmçinin borclu X10 tərəfindən icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olmasına dair sübutların təqdim edilməməsini, borc məbləğini, icraya yönəldilməsindən etibarən 4 (dörd) ildən artıq müddət ərzində məhkəmə qətnaməsinin icra edilməməsini nəzərə alaraq hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-16/2018 saylı,13 aprel 2018-ci il tarixli qətnaməsi qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu X3 ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İsmayıllı Rayon Məhkəməsinin 2(037)-16/2018 saylı, 13 aprel 2018-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə cavabdeh X3 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar