Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-30/2025 23.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi, Borclu iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimatı və ona əlavə olunmuş sənədləri 23 aprel 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)- 310/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1968-ci ildə anadan olmuş və İsmayıllı şəhəri, M.F.Axundov küçəsi ev 47 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 7131,26 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 12 iyun 2023-cü il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Ona görədə icra məmuru təqdimatla müraciət edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə borclu tədqimata baxılmasına dair məhkəmə iclasına gəlmiş, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov və Tələbkar ASC-nin nümayəndəsi təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata icra məmurunun və tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Borclu izahat verərək, icra sənədi üzrə borcundan vaxtaşırı ödənişlər apardığını, bu barədə ödəniş qəbzlərini təqdim etdiyini, məcburi icra tədbiri kimi ona məxsus avtomaşının üzərinə həbs qoyulduğunu bildirmiş, şəkərli diabet xəstəliyindən müalicə olunması üçün tez-tez xarici ölkələrə gedib-gəldiyini nəzərə alaraq təqdimatın təmin olunmamasını xahiş etdi. İş materialarında olan İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-310/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu iddiaçı Tələbkar ASC-nin xeyrinə 6099,37 manat əsas borc, 941,48 manat faiz borcu və 90,41 manat dövlət rüsumu olmaqla, cəmi 7131,26 manat tutulmalıdır. İş materialarında olan xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, iş üzrə 12 iyun 2023-cü il tarixdə icraata başlanılmışdır. İş materialarında olan 12 iyun 2023-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borcluya icra sənədinin icrası ilə bağlı bildiriş göndərilmişdir. İş materialarında olan 06 may 2024-cü il tarixli aktın surətindən görünür ki, icra məmuru tərəfindən borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilmiş və borclunun ünvanda olmadığı müəyyən edilmişdir. İş materialarında olan 14 may 2024-cü il tarixli “borclunun axtarışı haqqında” qərarın surətindən görünür ki, Borclu barəsində İsmayıllı rayon İcra və probasiya şöbəsi tərəfindən qərar qəbul olunmuşdur. İş materialarında olan xx.xx.2024-cü il tarixli izahat və iltizamın surətindən görünür ki, icra sənədinin icra olunmasına dair borclunun izahatı alınmış, izahatında maddi imkanı ağır olduğu üçün yalnız işlə təmin olunduqdan sonra borcudan ödənişlər edəcəyini bildirmiş və icra məmurunun çağrışlarına vaxtında gələcəyi barədə iltizam vermişdir. İş materialarında olan qəbzlərin surətindən görünür ki, borclu icra sənədi üzrə borcundan bir neçə dəfəyə 390 manat ödəniş etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-310/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu iddiaçı Tələbkar ASC-nin xeyrinə 6099,37 manat əsas borc, 941,48 manat faiz borcu və 90,41 manat dövlət rüsumu olmaqla, cəmi 7131,26 manat tutulmağı qərara alınmışdır. İş üzrə 12 iyun 2023-cü il tarixdə icraata başlanılmış, həmin tarixdə borcluya “Tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. 06 may 2024-cü il tarixdə borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilmişdir. 14 may 2024-cü il tarixdə “borclunun axtarışı haqqında” qərar qəbul olunmuşdur. Borclunun izahatı alınmışdır. Borclu ötən müddət ərzində borcundan bir neçə dəfəyə 390 manat ödəniş etmişdir. İcra məmuru təqdimatla müraciət edərərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən müvafiq icra tədbirləri görülsədə, icra məmuru tərəfindən qətnamə icraya yönəldiləndən sonra keçən müddət ərzində Borclu ölkə ərazisindən nə vaxt kənara çıxması və qayıtması dəqiqləşdirilməmiş, bununla bağlı Dövlət Sərhəd Xidmətinə və digər orqanlara müvafiq sorğular göndərilməmişdir. Bununla da borclunun ölkə ərazisini tərk edib getmək ehtimalının real olub-olmaması müəyyən edilməmişdir. Eyni zamanda, icra məmurunun təqdimatında borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının hazırki icra sənədinin icrasının təmin edilməsi ilə bağlı nə kimi müsbət nəticələr verə biləcəyi də əsaslandırılmamışdır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar icra sənədinin hər hansı səbəbdən icra edilməməsi ilə deyil, yalnız üzürsüz səbəbdən icra edilməməsi halında, həm də icra sənədinin icrası borclunun şəxsiyyəti ilə bağlı olub onun iradəsindən asılı olduğu hallarda qəbul oluna bilər. Nəzərə alınmalıdır ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması şəxsin konstitusion hüquqları ilə bağlı olduğundan bu qərar yetərincə əsaslı olmalıdır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hazırki vəziyyətdə onun bir vətəndaş kimi digər hüquqlarının əsassız olaraq faktiki şəkildə məhdudlaşdırılması ilə nəticələnə bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması sonuncu və mühüm icra tədbirlərindən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 28 maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 4 saylı protokolunun 2-ci maddəsinin tələblərinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Ona görə də məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimat yetərincə əsaslandırılmadığı üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimat təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-30/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-30/2025
23.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver