Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-34/2024 18.03.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Tələbkar, Borclu iştirakı ilə İsmayıllı Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(037)-403 nömrəli icra sənədinə izah verilməsinə dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş ərizəyə 18 mart 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 2(037)-403 nömrəli qətnaməsinə əsasən cavabdeh Borclu İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 28 iyun 2018-ci il tarixli reyestrdə 2V-243 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mərhum X1 miras qalmış İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən fərdi yaşayış evinə və 0.12 hektar həyətyanı torpaq sahəsinə dair 1/4 hissədə Tələbkar,1/4 hissədə Borclu,1/4 hissədə X3 və 1/4 hissədə X2 hər birinin ayrı-ayrılıqda paylarının müəyyən edilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış 22 iyun 2023-cü il tarixli icra vərəqəsi icra olunması üçün həmin tarixdə İsmayıllı rayon İcra Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayev ərizə ilə müraciət edərək bildirmişdir ki, qeyd olunan icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə borcluya bildiriş ünvanlanmışdır. İcra vərəqəsinin icrası ilə əlaqədar vərəsəlik hüquqi haqqında şəhadətnamənin ləğvi ilə əlaqədar İsmayıllı rayon Notariat Ofisinə və icra vərəqəsi üzrə fərdi yaşayış evinə, həyətyanı torpaq sahəsinə tərəflərin hər birinin ayrı-ayrılıqda payları müəyyən edilməsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmalakın Dövlət Kadastrı və Reyestri PHŞ 9 Saylı Qəbələ Ərazi İdarəsinə məktubla müraciət edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmalakın Dövlət Kadastrı və Reyestri PHŞ 9 Saylı Qəbələ Ərazi İdarəsindən 11 2023-cü il tarixdə daxil olmuş məktubda tərəflərə müvafiq sənədləri və dövlət rüsumunun ödənilməsinə dair qəbzi təqdim etməklə müraciət etməsi bildirilmişdir. Tələbkar tərəf Tələbkar Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmalakın Dövlət Kadastrı və Reyestri PHŞ 9 Saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş məktub barədə məlumat verilmişdir. Tələbkar nümayəndəsi ərizə ilə müraciət edərək icra vərəqəsində qeyd olunan daşınmaz əmlakların naturada bölünməsini tələb etmişdir. Belə olan halda İsmayıllı Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(037)-403 nömrəli icra sənədinin izah olunması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini rəhbər tutaraq məhkəmənin qeyd olunan icra vərəqəsinə izah verilməsini xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayev ərizəyə baxılması üzrə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını qərara almışdır. Tələbkar izahat verərək göstərdi ki, məhkəmə qətnaməsinə əsasən miras əmlakdan onun payı müəyyən olunsa da icra məmuru tərəfindən onun payının ayrılması təmin edilmir. Borclu onu tez-tez narahat edir və rahat yaşamağa imkan vermir. Evini boş qoyub heç yerə gedə bilmir. İş üzrə qanuni qərar qəbul olunmasını xahiş edir. Borclu izahat verərək göstərdi ki, qətnaməyə əsasən miras payları müəyyən olunmuşdur. Lakin payları bölüb ayırmırlar. Çox çətin şəraitdə yaşayır. Analığına iyirmi dörd il hörmət edib və yola vermişdir. Analığı heç kimi saymır və qaydalara tabe olmur. Paylar real olaraq bölünməlidir. İş üzrə qanuni qərar qəbul olunmasını xahiş edir. Məhkəmə tələbkarın və borclunun izahatını dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinin məzmunundan görünür ki, işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qətnamə aydın və dəqiq olmadıqda və həmçinin ziddiyyətli olduqda onun icrası çətin və ya qeyri-mümkün olur. Bu halda məhkəmə qətnaməsində olan belə çatışmazlıqlar qətnamənin izah edilməsi yolu ilə aradan qaldırılır. Qanunvericilik bütövlükdə qətnamənin izah edilməsi imkanını nəzərdə tutduğu üçün qətnamənin həm əsaslandırıcı, həm də nəticə hissəsi məhkəmə tərəfindən izah oluna bilər. Əksər hallarda qətnamənin nəticə hissəsi qeyri-müəyyən olur ki, bu da qətnamənin icrasında ziddiyyət, qeyri-müəyyənlik və anlaşılmazlıq yaradır. Mülki prosessual qanunvericiliyin birbaşa göstərişinə əsasən, məhkəmə qətnaməni izah edərkən onun məzmununu dəyişdirə bilməz. Həmçinin qətnamənin izah olunması zamanı məhkəmə baxışının predmeti olmamış və məhkəmə iclasında tədqiq edilməmiş məsələlərə toxunulması yolverilməzdir. «Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduq-da işi həll etmiş məhkəmə qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir» (Plenumun 11 iyul 1997-ci il tarixli 2 saylı qərarının 17-ci bəndinin birinci abzası). “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.9-cu maddəsinə əsasən icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. İsmayıllı Rayon Məhkəməsinin icraatında olmuş 2(037)-403 saylı mülki iş materiallarından və 22 iyun 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, tələbkar İsmayıllı rayon Notariat Ofisi tərəfindən cavabdeh Borclu tam olaraq miras paya dair verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi və miras qalmış yaşayış evinə və torpaq sahəsinə miras payın yenidən vərəsələr arasında payların müəyyən edilməsi və əlavə şəhadətnamənin verilməsi xahiş etmiş və məhkəmə iddia tələbini qismən - İsmayıllı rayon Notariat Ofisi tərəfindən cavabdeh Borclu tam olaraq miras paya dair verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi və miras qalmış yaşayış evinə və torpaq sahəsinə miras payın yenidən vərəsələr arasında payların müəyyən edilməsinə dair hissədə təmin etmişdir. Tələbkar iddia tələbində daşınmaz əmlakların naturada bölünməsi göstərilməmişdir. Məhkəmə tərəfindən qət olunmuş iddia tələbi üzrə 22 iyun 2023-cü il tarixdə icra vərəqəsi verilmişdir. Tələbkar daşınmaz əmlakların naturada bölünməsini tələb edir. İcra vərəqəsində isə həmin tələbin icra edilməsi göstərilmədiyindən icra məmuru hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İcra məmuru ərizənin təmin olunmasını, tələbkar və borclu iş üzrə qanuni qərar qəbul olunmasını xahiş edirlər. İş üzrə göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdeh Borclu İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 28 iyun 2018-ci il tarixli reyestrdə 2V-243 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, mərhum X1 miras qalmış İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 1965-ci ildə inşa olunmuş ümumi sahəsi 110.2 kv.metr olan fərdi yaşayış evinə və JN-031A KOD 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə verilmiş 0.12 hektar həyətyanı torpaq sahəsinə dair 1/4 hissədə Tələbkar,1/4 hissədə Borclu,1/4 hissədə X3 və 1/4 hissədə X2 hər birinin ayrı-ayrılıqda paylarının müəyyən edilməsi qət olunmuşdur. Qətnamənin izah olunması zamanı məhkəmə baxışının predmeti olmamış və məhkəmə iclasında tədqiq edilməmiş məsələlərə toxunulması yolverilməzdir. Belə ki, payların müəyyən olunması və naturada bölgü ayrı-ayrı iddia predmetləridir. Ona görə də daşınmaz əmlakların naturada bölünməsi üzrə məhkəmə tərəfindən izahın verilməsi iddia tələbindən kənara çıxmaq kimi qiymətləndirildiyindən İsmayıllı Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(037)-403 saylı qətnaməsinə izah verilməsinə dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsində daxil olmuş ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməlidir Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmə qərarının izah olunması zamanı məhkəmə baxışının predmeti olmamış və məhkəmə iclasında tədqiq edilməmiş məsələlərə toxunulması yolverilməzdir. Məhkəmə hesab edir ki, məhkəmə tərəfindən hazırki ərizə üzrə hər hansı izahın verilməsinə əsas olmadığından və izahın verilməsi iddia tələbindən kənara çıxmaq kimi qiymətləndirildiyindən məhkəmənin 22 iyun 2023-cü il tarixli 2(037)-403 saylı icra sənədinə izah verilməsinə dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qərara aldı: İsmayıllı Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(037)-403 nömrəli icra sənədinə izah verilməsinə dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş ərizə təmin edilməsin. Qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-34/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-34/2024
18.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver