Məhkəmə qərarları › İş №8(037)-52/2022

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-52/2022

28.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-52/2022 28.10.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata və ona əlavə edilmiş sənədlərə 28 oktyabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu Rahim Mustafayev təqdimatla müraciət edərək Borclu məxsus İsmayıllı rayonu, Ağbulaq kəndində yerləşən 0.4387 hektar torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı rayon Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli 2(037)-1228/2016 nömrəli icra sənədinə əsasən Borclu 345.66 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 27 sentyabr 2016-cı il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. İcra məmuru tərəfindən qətnamənin icrasını təmin etmək məqsədi ilə “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti araşdırılmış, borcluya məxsus torpaq sahəsinin olması müəyyən edilmişdir. Ona görə də icra sənədinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbiri kimi Borclu məxsus İsmayıllı rayonun Ağbulaq kəndində yerləşən 0.4387 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu Rahim Mustafayev məhkəmə iclasında təqdimatın məzmununa uyğun izahat verərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Tələbkar ASC-nin nümayəndəsi təqdimata baxılmasına dair məhkəmə iclasına gəlməmişdir. Borclu məhkəmə iclasında izahat verərək təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu Rahim Mustafayevin və Borclu izahatlarını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 089 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədləri icra olunarkən, tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 1-ci hissəsinə əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Həmin Qərarla təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədləri icra olunarkən, tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 3-cü hissəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşdırılması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti araşdırılmış, araşdırma nəticəsində borcluya məxsus İsmayıllı rayonun Ağbulaq kəndində yerləşən 0.4387 ha torpaq sahəsi olması müəyyən edilmişdir. Bundan sonra icra məmuru sorğu verərək müvafiq orqandan həmin əmlakın qeydiyyat vəsiqəsinin surətini almadan, ailə üzvlərinin sayı və hər bir ailə üzvünə çatan payın miqdarı barədə araşdırma aparmadan təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimata əlavə edilmiş “Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, borcluya məxsus ümumi birgə mülkiyyətdə olan İsmayıllı rayonun Ağbulaq kəndində yerləşən 0.4387 ha torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 089 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədləri icra olunarkən, tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”na daxil olan əmlaklara daxildir. Bundan əlavə Borclu icra sənədi üzrə Tələbkar ASC-yə olan 345.66 manat borc məbləği ilə tələbin yönəldildiyi ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın ümumi dəyəri arasında mütənasiblik əsaslandırılmamışdır. Belə ki, 345.66 manat borc məbləğinə görə borcluya məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulması sonuncunun mənafeyinə uyğun deyil və onun, eyni zamanda digər mülkiyyətçilərin mülkiyyət hüquqlarının pozulmasına səbəb olacaqdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərini təmin edilməsi üçün borclunun yetərli pul vasitələri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 45.7-ci maddəsinə əsasən, tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur. Məhkəmə İcra haqqında Azərbaycan Respublikası Qanunun qeyd olunan normasının tələbləri baxımından təqdimatı və icra işini tədqiq edərək hesab edir ki, icra məmuru “İcra haqqında” Qanunun 45-ci maddəsinə qeyd olunmuş tələblərə əməl etməmişdir. Məhkəmə hesab edir ki, üzərinə həbs qoyulması xahiş edilmiş əmlakın dəyəri və onun borc məbləği ilə mütənasibliyi əsaslandırılmamışdır. Belə ki, icra qanunvericiliyinin tələblərinə əsasən icra tədbirlərinin aparılması ardıcıllığı barədə məhkəməyə icra məmuru tərəfindən lazımi sübutlar təqdim edilməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Borclu məxsus İsmayıllı rayonun Ağbulaq kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.4387 hektar torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 089 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədləri icra olunarkən, tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”na daxil olan əmlak olduğundan və eyni zamanda Borclu Tələbkar ASC-yə olan 345.66 manat borc məbləği ilə tələbin yönəldildiyi daşınmaz əmlakın ümumi dəyəri arasında mütənasiblik olmadığından təqdimat təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimat təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar