Məhkəmə qərarları › İş №8(037)-57/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-57/2025

13.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-57/2025 13.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi Tələbkar, Borclu iştirakları ilə Tələbkar Borclu qarşı aliment məbləğinin indeksasiya olunması barədə ərizəyə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(037)-11/2023 nömrəli qətnaməsi ilə 15 iyul 2011-ci il tarixdə doğulmuş X2 və 02 yanvar 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkar məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(037)-11/2023 saylı qətnaməsi ilə iki uşağın saxlanması üçün hər ay hər uşağa 150 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi qət olunmuşdur. Təyin olunmuş aliment hazırki vəziyyətdə iki uşağın saxlanması üçün azlıq edir. Belə ki, ölkədə bütün ərzaq məhsullarının və kommunal xidmətlərin qiyməti, eyni zamanda uşaqların təhsil, məişət və müalicə xərcləri xeyli artmışdır. Bu xərclərin ödənilməsi üçün onun maddi imkanı kifayət etmir. Uşaqlar məktəblidir və təkcə ayrı-ayrı fənlərdən məşğələlərə əlavə vəsait xərclənir. O, uşaqları ilə birgə valideynlərinə məxsus evdə yaşayır və İsmayıllı rayon Basqal qəsəbəsi tam orta məktəbində biologiya müəllimi işləməklə ayda 450 manat əmək haqqı alır. Təyin olunmuş aliment uşaqların minimum tələbatını ödəmir. Ona görə də ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. Borclu məhkəmə iclasında izahat verərək bildirdi ki, o, X4 şöbəsində polis nəfəri işləməklə ayda 743 manat əmək haqqı alır. Tələbkar özü də müəllimə işləməklə sabit aylıq gəlirə malikdir. Onun aylıq gəliri olduğu halda İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə iki uşağın saxlanması üçün onun aylıq qazancının müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində aliment təyin edilmişdir. O, vaxtı-vaxtında uşaqların alimentin ödəyir və borcu yoxdur. Bundan sonra da uşaqların maddi təminatını ödəməkdən imtina etmir. Alimentin indeksasiyasını həyata keçirərkən onun rəsmi iş yerinin və aylıq gəlirinin olmasının nəzərə alınmasını məhkəmədən xahiş edir. İş üzrə İsmayıllı Rayon İcra şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlər və məhkəmənin mövqeyi, Məhkəmə tərəflərin izahatını dinləyərək və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin alimentin indeksasiyası qaydasını müəyyən edən 110-cu maddəsinə müvafiq olaraq məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1 və 8.4-2-ci bəndlərinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işə götürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1 və 232.3-cü maddələrinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. İş materiallarından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(037)-11/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Tələbkar ilə Borclu arasında 29 oktyabr 2010-cu il tarixdə İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən 250 nömrə ilə qeyd edilərək bağlanmış nikah pozulmuş, 15 iyul 2011-ci il tarixdə doğulmuş X2 və 02 yanvar 2015-ci il tarixdə doğulmuş X3 boşanmadan sonra anası Tələbkar yanında saxlanılmış, 06 iyun 2022-ci il tarixdən başlayaraq Borclu hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq 15 iyul 2011-ci il tarixdə doğulmuş X2 və 02 yanvar 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Tələbkar ödənilməsi qət edilmişdir. Ölkə Prezidentinin “Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 17 dekabr 2021-ci il 3051 nömrəli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir (5 yanvar 2023-cü il tarixədək). Eyni zamanda dövlət başçısının “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 2024-cü il 23 dekabr tarixli 419 nömrəli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat təşkil edir. Həmçinin “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 2024-cü il 16 dekabr tarixli 96-VİİQ nömrəli Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlara münasbətdə 246 manatdır. Göründüyü kimi, yuxarıda sözügedən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşağın tələbatını ödəmir və uşağın maraqlarını pozur yəni hər uşağa müəyyən edilmiş 150 manat aliment məbləği uşaqlar üçün müəyyən edilmiş 246 manat yaşayış minimumundan azdır. Beləliklə məhkəmə hesab edir ki, 2023-cü ildə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı 345 manat olarkən qətnamə ilə hər uşağın saxlanılması üçün 150 manat (2023-cü il üzrə minimum əmək haqqının 0,43 mislində) aliment təyin etmişdir. 2025-ci ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2023-cü il üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,43 mislini təşkil etdiyi nəzərə alınmalıdır. Ona görə də ərizə təmin edilməli, məhkəməyə müraciət olunduğu 15 iyul 2011-ci il tarixdə doğulmuş X2 və 02 yanvar 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264 və 269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı Ərizə təmin edilsin. 28 iyul 2025-ci il tarixdən başlayaraq, 15 iyul 2011-ci il tarixdə doğulmuş X2 və 02 yanvar 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar