Məhkəmə qərarları › İş №8(037)-59/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-59/2023

12.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-59/2023 12.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Borclu məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ucar Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli e-2(063)-264 nömrəli qətnaməsinə əsasən Borclu bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq X2 ödənilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayev təqdimatla müraciət edərək icra sənədi üzrə aliment məbləğinin ödənilməsi məqsədi ilə Borclu adına qeydə alınmış Zil MMZ 4502 yük markalı “** BJ ***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Ucar Rayon Məhkəməsinin 2(063)-264/2020 nömrəli 19 may 2020-ci il tarixli icra sənədinə əsasən borclu X1 hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 03 iyun 2020-ci il tarixdə İsmayıllı rayon İcra va probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Elektron icra informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus olan Zil MMZ 4502 yük markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının olması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə təqdimatla məhkəməyə müraciət etdikdən sonra borclu icra şöbəsinə gələrək 28 aprel 2022-ci il tarixdən 04 avqust 2023-cü il tarixədək olan dövr üçün tələbkara 1075 manat və bu gün isə tələbkarın bank hesabına 340 manat ödəməsi barədə sənədləri təqdim etmişdir. Borclu aliment borcundan cəmi 1415 manat ödəniş etmiş, 2750 manat aliment borcu qalmışdır. Təqdimata dair hər hansı qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Borclu izahat verərək göstərdi ki, aliment borcundan müxtəlif vaxtlarda ödənişlər etmiş, bu gün isə 340 manat ödəyərək qəbzləri icra şöbəsinə təqdim etmişdir. Bundan sonra da hər ay 150-170 manat arasında ödənişlər edəcəkdir. Himayəsində üç azyaşlı uşaq vardır. Göstərilən avtomaşın onun ailəsinin yeganə dolanışıq mənbəyidir. Avtomaşının üzərinə həbs qoyularsa avtomaşından istifadəsi çətinləşəcək və bu da onun ailəsinin çətin olan maddi vəziyyətini daha da ağırlaşdıracaqdır. İcra sənədi üzrə aliment borcundan hissə-hissə ödənişlər edir. Odur ki, göstərilənləri nəzərə alaraq ona məxsus avtomaşının üzərinə həbs qoyulmaması barədə qərardad çıxarılmasını xahiş edir. Tələbkar təqdimata baxılmasına dair məhkəmə iclasına gəlməmişdir. Məhkəmə icra məmurunun və borclunun izahatlarını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ucar Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli e-2(063)-264 nömrəli qətnaməsinə əsasən Borclu bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq X2 ödənilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış 19 may 2020-ci il icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Borclu icra sənədi üzrə aliment borcunu vaxtlı-vaxtında ödəməkdən yayınsa da son bir il ərzində müxtəlif vaxtlarda 1415 manat ödəniş etmişdir. Bununla da borclu icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmadığını göstərir. Borclunun himayəsində üç azyaşlı uşağı vardır və göstərilən avtomaşın onun ailəsinin qazanc gətirən mənbəyidir. İcra məmuru təqdimata dair hər hansı qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Borclu ailə və maddi vəziyyətini nəzərə alaraq təqdimatın təmin olunmamasını xahiş edir. Azərbaycan Respublikası “İcra Haqqında” Qanununun 44.1 və 44.1.3-cü maddələrinə əsasən icra məmuru tərəfindən könüllü icra üçün borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddələrinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yeterli pul vəsaitləri olmadıqda Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbun yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclunun müxtəlif vaxtlarda aliment borcundan ödənişlər aparması onun qətnamənin icrasından qərəzli şəkildə boyun qaçırması kimi deyil, qətnamənin icrasına səy göstərməsi kimi qiymətləndirilir. Şərh olunan əsaslara görə və borclunun ailə və maddi vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, borclunun icra sənədi üzrə tələbkara qalan borcunu ödəməyə səy göstərdiyini nəzərə alaraq onun xüsusi mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulması məqsədə uyğun deyildir. Ona görə də məhkəmə qərara gəlir ki, təqdimatın təmin edilməməsi barədə qərardad çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Borclu məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimat təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar