Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-65/2025 20.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi Tələbkar “Ödənilməli pul məbləğinin indeksasiya edilməsinə” dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-115/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilən əsas 1236 manat məbləğin indeksləşdirilərək 2014-cü il tarixdən - 2017-ci ilin oktyabr ayınadək 133 faiz artımını (1236 AZN x 133%=1643.88 AZN) nəzərə alaraq cəmi 1643.88 manat məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 115/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrinə əsasən, borclular Borclu1 və Borclu2 cəmi 1236 manat məbləğində pul müştərək qaydada tutularaq kreditor “Sunny Electronics” mağazasının nümayəndəsi Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almış və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlə\rinin görülməsi nəticəsində 03 il, 07 ay, yəni (43 ay) müddətində xx.xx.2017-ci il tarixdə icra olunmuşdur (ödənilmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödənilmiş 1236 manat məbləgində borc xx.xx.2017-ci il tarixdə icra olunduğundan (ödənildiyindən) tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zəruərti yaranmışdır. Borclu2 məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı şəhəri, M.Orucov küçəsi ev 5 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhərində yaşayır. Tələbkar ona və anası Borclu1 qarşı irəli sürdüyü indeksasiya ilə bağlı tələbin heç bir hüquqi əsası yoxdur. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(037)- 115/2014 saylı məhkəmə əmrinə əsasən ödənilməli olan 1215 manat əsas borc və 21 manat dövlət rüsumu olmaqla, ümumuilikdə 1236 manat pul vəsaiti onun və anası Borclu1 tərəfindən tam şəkildə ödənilmişdir. Tələbkar məhkəmə əmri üzrə ödənilməli olan borc məbləği tam ödənildikdən 11 il sonra ona və anası Borclu1 qarşı irəli sürdüyü tələb qanundan və hüquqdan sui istifadə edərək yalnız mənfəət əldə etməsindən ibarətdir. Ona görə də Tələbkar ona və anası Borclu1 qarşı irəli sürdüyü ödənilməli pul məbləğinin indeksasiya edilməsinə” dair ərizəsini əsasız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara, borclulara və icra şöbəsinə məlumat verilməsinə baxmayaraq icra məmuru və Borclu1 məhkəmə iclasına gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər.Ərizəçi Tələbkar “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Məcəllə) 232.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə Borclu2 izahatını, tələbkarın ərizəsini, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(037)-115/2014 saylı məhkəmə əmrindən görünür ki, xx.xx.1968-ci ildə Şamaxı şəhərində anadan olmuş, İsmayıllı şəhəri, M.Orucov küçəsi ev 5-də yaşayan Borclu1 və xx.xx.1992-ci ildə İsmayıllı şəhərində anadan olmuş, İsmayıllı şəhəri, M.Orucov küçəsi ev 5-də yaşayan Borclu2 1215 manat əsas borc və 21 manat dövlət rüsumu, ümumilikdə 1236 manat pul tutularaq Bakı şəhəri,Yasamal rayonu, Hüseyn Cavid prospekti, 50/14 ünvanında yaşayan Tələbkar ödənilməlidir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş şəxsin digər məhkəmə və icra işləri barədə məlumatdan çıxarış öyrənilərkən müəyyən edildi ki, borclular Borclu1 və Borclu2 İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(037)-115/2014 saylı məhkəmə əmri üzrə ödənilməmiş borclarının olması barədə hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmənin istinad etdiyi hüquq normaları: Məcəllənin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. O da nəzərə alınmalıdır ki, Məcəllənin 232-ci maddəsi işə baxmış məhkəmə tərəfindən məhz qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsini nəzərdə tutmuş olsa da, bu təsisat hüquqi mahiyyəti və təyinatı baxımından formasından (qətnamə, qərardad, qərar və ya əmr) asılı olmayaraq müvafiq pul məbləğinin tutulmasını müəyyən edən, qanuni qüvvəyə minmiş istənilən məhkəmə aktına münasibətdə tətbiq edilə bilər. Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 aprel 2025-ci il tarixli Qərarına əsasən; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. Həmçinin borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli Qərarına əsasən; Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Mülki Prosessual Məcəllənin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. İndeksasiyanın iqtisadi meyarı və hesablanma qaydasına gəldikdə isə qeyd edilməlidir ki, Məcəllənin 232.1-ci maddəsində bu qaydalar nəzərdə tutulmadığı halda, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunla bu tənzimetmə qaydaları müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, qeyd edilən qanunvericilik aktları üzrə indeksləşdirmənin obyektləri fərqli (Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlər, qətnamənin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır) olsa da, hər iki halda bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir. Bu baxımdan Plenum hesab edir ki, məhkəmə qətnamələri üzrə tutulmalı olan pul məbləğlərinin indeksasiyası qanunun analogiyası üzrə adıçəkilən Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Məhkəmə Mülki Prosessual Məcəllənin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Məhkəmə həmçinin hazırki ərizənin baxılması ilə əlaqədar İnsan hüquqları üzrə Avropa Məhkəməsinin aşağıdakı qərarlarına istinad etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Hornşbi Yunanıstana qarşı” işi üzrə 19 mart 1997-ci il tarixli qərarında göstərilir ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Beləliklə bu hüquq işin məhkəmə tərəfindən araşdırılması hüququnu təsbit edir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir, Razılığa gələn Tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda bu hüquq xəyalı xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prosessual təminatları dəqiqliklə nəzərdə tutulmasını və məhkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimlənməsi kimi tərtib olunması Razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi Prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002ci i) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Moroko Rusiyaya qarşı” işində (xx.xx.2008) Tələbkar və borclu arasında yaranan müvafiq hallarda (məhkəmə qərarına əsasən tutulmalı olan müvafiq pul vəsaitinin vaxtında icra edilməməsi hallarında) inflyasiyanın təsirini kompensasiya etmək üçün indeksasiya institutundan istifadə edilir. Belə ki, bu institutun məqsədi ondan ibarətdir ki, vaxtında icra edilməyən pul öhdəliyinin tələbkar üçün yaradılmış mənfi nəticələri aradan qaldırılsın və beləliklə də ədalətli məhkəmə araşdırılması hüququ qorunmuş olsun. İnflyasiya itkilərini effektiv tədbir olan indeksasiyanın köməyi ilə aradan qaldırmaqla bağlı yanaşma Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən də tanınır. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin minimum istehlak büdcəsini hesablamaq üçün qəbul edilmiş istehlak malları və xidmətlər səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. Göründüyü kimi, qeyd edilən norma ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Hazırkı ərizə üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(037)- 115/2014 saylı məhkəmə əmrinə əsasən ödənilməli olan 1215 manat əsas borc və 21 manat dövlət rüsumu olmaqla, ümumuilikdə 1236 manat pul vəsaiti borclular tərəfindən tələbkara tam şəkildə ödənilmişdir. Ona görə də hazırkı ərizə üzrə borc məbləği tam ödənildiyin indeksləşdirmə aparılması aradan qalxmışdır. Məhkəmə yuxarıda qeyd olunan hüquqi mövqelərdən çıxış edərək, qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qərarı üzrə borc tam ödənildiyindən ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi nəzərdən keçirilməməlidir. İndeksasiya zamanı məhkəmə mahiyyəti üzrə hər-hansısa yeni bir akt qəbul etmir, mübahisə tərəfləri arasında hər-hansısa yeni bir hüquq və vəzifələr müəyyən etmir. Ona görə də indeksasiyanın tətbiqi haqqında ərizənin verilməsini tərəflər arasında olan yeni bir iş kimi nəzərdən keçirmək olmaz. Bu o deməkdir ki, məhkəmələr baxılan konkret işin faktiki hallarından irəli gələrək indeksasiyanın tətbiq edilib-edilməməsi məsələsinə baxmalıdırlar. Əks yanaşma, yəni məhkəmələrin vətəndaşların müvafiq hüquqlarını bloklaşdırması, bununla da indeksasiyanı tətbiq etməkdən imtina etməsi şəxslərin konstitusion hüquqlarının pozulması ilə nəticələnə bilər. Qeyd edilənlərlə yanaşı nəzərə alınmalıdır ki, borc məbləğinin indeksasiyası zamanı borclunun konstitusion hüquqlarının pozulmasına yolverilməməli və əmlak mənafeyinin qorunması ön planda saxlanılmalıdır. Hazırki ərizə ilə Tələbkar 1236 manat məbləğ indeksləşdirilərək 2014-cü il tarixdən – 2017-ci ilin oktyabr ayınadək 133 faiz artımını (1236 AZN x 133%=1643.88 AZN) nəzərə alaraq,cəmi 1643.88 manat məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edərkən, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ödənilmiş məbləğin indeksasiya edilməsi ilə alınan indeksasiya olunmuş məbləğlə toplayaraq, borclulardan məhkəmə əmri üzrə ödənilmiş pul məbləğindən əlavə olaraq pul tələb etmiş olur. Bu hal isə özlüyündə borclunun əlavə əmlak məsuliyyətinin artmasına səbəb olacaq və ədalətli olmayan şəkildə tələbkarın bir borc məbləğinə münasibətdə 2 dəfədən çox olmaqla əsassız varlanmasına gətirib çıxaracaqdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, ərizəçi Tələbkar “Ödənilməli pul məbləğinin indeksasiya edilməsinə” dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizəçi Tələbkar “Ödənilməli pul məbləğinin indeksasiya edilməsinə” dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №8(037)-65/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-65/2025
20.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver