Məhkəmə qərarları › İş №8(037)-70/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-70/2023

06.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-70/2023 06.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(037)-167/2016 nömrəli qərardadı ilə Borclu məxsus avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata 06 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli,2(037)-894/2016 saylı məhkəmə əmrinə əsasən Borclu cəmi 456.11 ABŞ dolları kredit borcu və 20 manat dövlət rüsumu məbləği tutularaq tələbkar BOKT "xxxx" MMC-nin hesabına ödənilməlidir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli,8(037)-167/2016 nömrəli qərardadı ilə sözügedən icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu adına qeydə alınmış “Mercedes Benz 220” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(037)-894/2016 saylı məhkəmə əmrinə əsasən Borclu 456.11 ABŞ dolları borc və 20 manat dövlət rüsumu məbləğində pul vəsaitinin alınaraq "xxxx" MMC-yə ödənilməsinə dair məhkəmə əmrinin icrasını təmin etmək məqsədi ilə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(037)-167/2016 saylı qərardadına əsasən Borclu məxsus “Mercedes Benz 220” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuş və tələb əmlaka yönəldilmişdir. İcra vərəqəsi üzrə tələbkar "xxxx" MMC-nin məktubundan görünür ki,Borclu icra vərəqəsi üzrə borcunu ödədiyini və icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmişdir.Bu səbəbdən də Borclu məxsus “Mercedes Benz 220” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması zərurəti aradan qalxmışdır.Göstərilənlərə əsasən Borclu məxsus “Mercedes Benz 220” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşının həbsdən azad edilməsini xahiş edir. Məhkəmə iclasında İsmayıllı rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimata uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi və Borclu təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər.Ona görə də məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını qərara almışdır. İşdə olan BOKT "xxxx" MMC-nin məktubundan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli fərmanının icrası məqsədi ilə İsmayıllı Rayon Məhkəməsinin 2(037)-894/2016 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinin icrası üzrə əsas borcdan qismən dövlət büdcəsinin vəsaiti hesabına ödənilmiş, faiz və cərimə borc tələbi hissəsində tələbkar tərəfindən güzəşt edilmiş,qalıq qalan borc hissəsi isə borclu tərəfindən ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirib hesab edir ki,İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(037)-894/2016 saylı məhkəmə əmri üzrə yaranmış borc məbləği Borclu tərəfindən tam ödənildiyindən ona məxsus əmlakın həbsdə olmasına zərurət aradan qalxmışdır. Ona görə də təqdimat təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli,8(037)-167/2016 nömrəli qərardadı ləğv edilməli, Borclu mülkiyyətində olan “Mercedes Benz 220” minik markalı**-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqdimat təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(037)-167/2016 nömrəli qərardadı ləğv edilsin. Borclu mülkiyyətində olan “Mercedes Benz 220” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar