Məhkəmə qərarları › İş №8(037)-75/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-75/2025

02.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-75/2025 02.12.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə Ərizəçi Tələbkar “Ödənilməli pul məbləğinin indeksasiya edilməsinə” dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı Rayon Məhkəməsinin 04 dekabr 2014-cü il tarixli 2(037)-631/2014 nömrəli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən 513 manat əsas məbləğin indeksləşdirilərək 2014-cü il tarixdən - 2025-ci ilin aprel ayınadək 193,7 faiz artımını (513 AZN x 193,7% = 993,68 AZN) nəzərə alaraq cəmi 1506,68 manat məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 04 dekabr 2014-cü il tarixli 2(037)-631/2014 nömrəli məhkəmə əmrinə əsasən, borclular Borclu1 və Abbasova (Musayeva) Pərvanə Saleh qızından cəmi 1506,68 manat məbləğində pul tutularaq kreditor “Sunny Electronics” mağazasının nümayəndəsi Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydi tələbkar başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödənilməli olan 513 manat məbləğində borca görə məhkəmə qərarı üzrə tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə borclulara və icra şöbəsinə məlumat verilməsinə baxmayaraq icra məmuru və borclular məhkəmə iclasına gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Məcəllə) 232.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tələbkarın ərizəsini, iş materiallarını və eyni zamanda “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş şəxsin digər məhkəmə və icra işlərindən əldə edilmiş çıxarışı araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İsmayıllı Rayon Məhkəməsinin 04 dekabr 2014-cü il tarixli 2(037)-631/2014 nömrəli məhkəmə əmrindən görünür ki, borclular xx.xx.1980-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuş, İsmayıllı şəhəri,Babək küçəsi ev 27-də yaşayan Borclu1 və xx.xx.1983-cü il tarixdə İsmayıllı şəhərində anadan olmuş Borclu2 müştərək qaydada 492 manat əsas borc və 21 manat dövlət rüsumu, ümumilikdə 513 manat məbləğində pul tutularaq Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 50/14 ünvanında yaşayan Tələbkar ödənilməlidir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş şəxsin digər məhkəmə və icra işləri barədə məlumatdan çıxarış öyrənilərkən müəyyən edildi ki, Maraqlı şəxs icra məmuru X1 icraatında olan xx.xx.2014-cü il tarixli, 33157/2014-45-10, saylı icra işi üzrə borclular Borclu1 və Abbasova (Musayeva) Pərvanə Saleh qızı tərəfindən 513 manat ödənilməli olan borc məbləği Tələbkar ödənilməmişdir və icra işinin statusu icraatdadır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2025-ci il tarixli, 9/4349 saylı ekspert rəyinə əsasən 513 manat məbləğində pul vəsaitinin 2014-cü ilin dekabr ayından başlayaraq 2025-ci il avqust ayına qədər istehlak qiymətləri indeksi (faiz) dərəcələri nəzərə alınmaqla indeksləşdirilməsi nəticəsində yaranan məbləğin cəmi 1033,18 manat təşkil edir. Məhkəmənin istinad etdiyi hüquq normaları: Məcəllənin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. O da nəzərə alınmalıdır ki, Məcəllənin 232-ci maddəsi işə baxmış məhkəmə tərəfindən məhz qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsini nəzərdə tutmuş olsa da, bu təsisat hüquqi mahiyyəti və təyinatı baxımından formasından (qətnamə, qərardad, qərar və ya əmr) asılı olmayaraq müvafiq pul məbləğinin tutulmasını müəyyən edən, qanuni qüvvəyə minmiş istənilən məhkəmə aktına münasibətdə tətbiq edilə bilər. Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 aprel 2025-ci il tarixli Qərarına əsasən; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. Həmçinin borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli Qərarına əsasən; Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Mülki Prosessual Məcəllənin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. İndeksasiyanın iqtisadi meyarı və hesablanma qaydasına gəldikdə isə qeyd edilməlidir ki, Məcəllənin 232.1-ci maddəsində bu qaydalar nəzərdə tutulmadığı halda, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunla bu tənzimetmə qaydaları müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, qeyd edilən qanunvericilik aktları üzrə indeksləşdirmənin obyektləri fərqli (Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlər, qətnamənin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır) olsa da, hər iki halda bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir. Bu baxımdan Plenum hesab edir ki, məhkəmə qətnamələri üzrə tutulmalı olan pul məbləğlərinin indeksasiyası qanunun analogiyası üzrə adıçəkilən Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Məhkəmə Mülki Prosessual Məcəllənin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Məhkəmə həmçinin hazırki ərizənin baxılması ilə əlaqədar İnsan hüquqları üzrə Avropa Məhkəməsinin aşağıdakı qərarlarına istinad etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Hornşbi Yunanıstana qarşı” işi üzrə 19 mart 1997-ci il tarixli qərarında göstərilir ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Beləliklə bu hüquq işin məhkəmə tərəfindən araşdırılması hüququnu təsbit edir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir, Razılığa gələn Tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda bu hüquq xəyalı xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prosessual təminatları dəqiqliklə nəzərdə tutulmasını və məhkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimlənməsi kimi tərtib olunması Razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi Prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Moroko Rusiyaya qarşı” işində (xx.xx.2008) Tələbkar və borclu arasında yaranan müvafiq hallarda (məhkəmə qərarına əsasən tutulmalı olan müvafiq pul vəsaitinin vaxtında icra edilməməsi hallarında) inflyasiyanın təsirini kompensasiya etmək üçün indeksasiya institutundan istifadə edilir. Belə ki, bu institutun məqsədi ondan ibarətdir ki, vaxtında icra edilməyən pul öhdəliyinin tələbkar üçün yaradılmış mənfi nəticələri aradan qaldırılsın və beləliklə də ədalətli məhkəmə araşdırılması hüququ qorunmuş olsun. İnflyasiya itkilərini effektiv tədbir olan indeksasiyanın köməyi ilə aradan qaldırmaqla bağlı yanaşma Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən də tanınır. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin minimum istehlak büdcəsini hesablamaq üçün qəbul edilmiş istehlak malları və xidmətlər səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. Göründüyü kimi, qeyd edilən norma ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Bundan əlavə, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. İndeksasiya iflyasiya nəticəsində dəyən zərərin bərpa olunmasının üsulu olsa da, onu mülki hüququn mühüm institutlarından biri olan zərərin əvəzinin ödənilməsi ilə eyniləşdirmək olmaz. Zərərin əvəzinin ödənilməsi mülki-hüquqi məsuliyyət tədbiri olduğu halda, indeksasiyasının belə hüquqi təyinatı yoxdur. Digər tərəfdən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ hüquqazidd əməlin, bir qayda olaraq, təqsirli törədilməsi nəticəsində yarandığı halda indeksasiyanın aparılması üçün borclunun pul məbləğinin ödənilməsinə dair qətnamənin vaxtında icra edilməməsində və ya qətnamə ilə tutulan pul məbləğinin vaxtında ödənilməməsində təqsirinin olub-olmaması hüquqi əhəmiyyət kəsb etmir. Borclu icra sənədini hətta üzrlü səbəblərdən vaxtında icra etməsə belə, bu, həmin icra sənədi üzrə ödənilməli olan pul məbləğinin indeksasiyanın həyata keçirilməsini istisna etmir. “Azərbaycan Respublikasında istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator”da hesablamanın nəticəsindən müəyyən edilmişdir ki, 2025-ci ildə aprel ayında 2015-ci ilin dekabr ayına nisbətən istehlak qiymətləri indeksi 193,7 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 93,7 faiz artmışdır. Məhkəmə yuxarıda qeyd olunan hüquqi mövqelərdən çıxış edərək, qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qərarlarının hüquqa zidd şəkildə icra edilməməsi (gecikdirilməsi) ağlabatan müddətlərdə ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi nəzərdən keçirilməlidir. Belə ki, mübahisəni uduzmuş tərəfin məhkəmə qərarını vaxtında icra etməməməsi nəticəsində mübahisəni udmuş tərəfin onun üçün yaranmış əlverişli olmayan nəticələrin aradan qaldırılmasına yönəlmiş hüquqi mexanizmlərin mövcud olmaması, sözügedən hüququn tam şəkildə həyata keçirilməsinin qarşısını alır. Belə hallarda məhkəmə qərarı ilə xeyrinə pul tutulmalı olan tərəf üçün meydana gələn neqativ nəticələrdən biri də, sözügedən tutulmalı pul vəsaitlərinin inflyasiya proseslərinin nəticəsində dəyərsizləşməsi çıxış edir. İndeksasiya üçün əsas qismində məhkəmə qərarının faktiki olaraq icra edildiyi günə ödənilmiş vəsaitlərin dəyərsizləşməsi çıxış edir. İndeksasiya zamanı məhkəmə mahiyyəti üzrə hər-hansısa yeni bir akt qəbul etmir, mübahisə tərəfləri arasında hər-hansısa yeni bir hüquq və vəzifələr müəyyən etmir. Ona görə də indeksasiyanın tətbiqi haqqında ərizənin verilməsini tərəflər arasında olan yeni bir iş kimi nəzərdən keçirmək olmaz. Bundan fərqli olaraq isə pul öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti tətbiq edərkən məhkəmə işə iddia icraatında mahiyyəti üzrə baxır, tərəflərin hüquq və vəzifələrini təyin edərək məsuliyyət üçün əsasları müəyyən edir. Nəticədə, belə qənaətə gəlmək olar ki, prosessual (publik) institut olan indeksasiya maddi (xüsusi) institutlardan fərqləndiyinə görə onlar bir-birinə zidd deyillər və onların qanunvericilikdə nəzərdə tutulmuş qaydada bir-birindən asılı olmadan tətbiq edilməsi istisna edilmir. Bu hallar borclunun hüququnu pozan vəziyyət olaraq qələmə verilə bilməz. AR MPM-in 232.1-ci maddəsində indeksasiyanın mümkün tətbiqi hallarını məhdudlaşdıran hər-hansısa qayda nəzərdə tutulmamışdır. Həmçinin bu normada indeksasiyanı tətbiq etmək üçün hər-hansısa konkret üsullara, vasitələrə və onların tətbiqi qaydalarına istinadlar da yer almamışdır. Bu o deməkdir ki, məhkəmələr baxılan konkret işin faktiki hallarından irəli gələrək indeksasiyanın tətbiq edilib-edilməməsi məsələsinə baxmalıdırlar. Əks yanaşma, yəni məhkəmələrin vətəndaşların müvafiq hüquqlarını bloklaşdırması, bununla da indeksasiyanı tətbiq etməkdən imtina etməsi şəxslərin konstitusion hüquqlarının pozulması ilə nəticələnə bilər. Qeyd edilənlərlə yanaşı nəzərə alınmalıdır ki, borc məbləğinin indeksasiyası zamanı borclunun konstitusion hüquqlarının pozulmasına yolverilməməli və əmlak mənafeyinin qorunması ön planda saxlanılmalıdır. Hazırki ərizə ilə Tələbkar 513 manat məbləğ indeksləşdirilərək 2014-cü ildən - 2025-ci ilin aprel ayınadək 193,7 faiz artımını (513 AZN x 193,7% = 993,68 AZN) nəzərə alaraq, cəmi 1033,18 manat məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edərkən, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutulmalı olan məbləği həmin məbləğin indeksasiya edilməsi ilə alınan indeksasiya olunmuş məbləğlə toplayaraq, borclulardan eyni məbləği, yəni 513 manat qətnamə ilə müəyyən olunmuş pulu 2 (iki) dəfə tələb etmiş olur. Bu hal isə özlüyündə borclunun əlavə əmlak məsuliyyətinin artmasına səbəb olacaq və ədalətli olmayan şəkildə tələbkarın bir borc məbləğinə münasibətdə 2 dəfədən çox olmaqla əsassız varlanmasına gətirib çıxaracaqdır. Lakin borc məbləğinin indeksasiyası istehlak qiymətlərinin səviyyəsinin artımına mütənasib olduğundan yalnız həmin məbləğə münasibətdə yaranmış artımın əsasında yaranan məbləğ əsas borc məbləği hesab olunmalıdır. İstehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyatorda hesablamanın nəticəsində müəyyən edilmiş 2025-ci ildə aprel ayında 2015-ci ilə nisbətən istehlak qiymətlərinin indeksinin 193,7 faiz təşkil etməsi, həmin qiymət səviyyəsinin 93,7 faiz artması kimi qəbul edilməli və Tələbkar tərəfindən ərizə ilə tələb olunan 513 manat məbləğin 193,7 faizə nisbəti indeksasiya olunan məbləğ olaraq hesablanmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, ərizə qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 04 dekabr 2014-cü il tarixli 2(037)-631/2014 saylı məhkəmə əmrinə əsasən tutulmalı olan 513 manat məbləği üzrə indeksasiya həyata keçirilməli və borclular Borclu1 və Borclu2 993,68 (513 AZN x 193,7% = 993,68 AZN) manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 04 dekabr 2014-cü il tarixli 2(037)-631/2014 saylı məhkəmə əmrinə əsasən tutulmalı olan 513 manat məbləğ üzrə indeksasiya həyata keçirilərək borclular Borclu1 və Borclu2 Tələbkar xeyrinə 993,68 manat məbləğində pul vəsaiti tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardadın icrası Maraqlı şəxsnə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar