Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-8/2023 03.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata və ona əlavə edilmiş sənədlərə 03 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli 2(037)-1224/2016 nömrəli icra sənədinə əsasən X1 və Borclu birgə qaydada 12563.91 ABŞ dolları borc məbləği və 30 manat dövlət rüsumu alınaraq Tələbkar ASC-yə ödənilməlidir. İcra sənədi 07 yanvar 2022-ci il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcra məmuru tərəfindən icra sənədinin icrasını təmin etmək məqsədi ilə “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti araşdırılmış, borcluya məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109.20 kv.metr olan mənzil olması müəyyən edilmişdir.Ona görə də icra sənədinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbiri kimi Borclu məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 109.20 kv.metr olan mənzilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev məhkəmə iclasında təqdimatın məzmununa uyğun izahat verərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Tələbkar ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli 2(037)-1224/2016 nömrəli icra sənədinə əsasən X1 və Borclu birgə qaydada 12563.91 ABŞ dolları borc və 30 manat dövlət rüsumu alınaraq Tələbkar ASC-yə ödənilməlidir. Borcun ödənilməsinin təminatı olaraq Sədaqət Kərimovaya məxsus qızıl-zinət əşyaları girov qoyulmuş, həmin qızıl-zinət əşyaları məhkəmə qətnaməsindən sonra satılaraq borcun ödənilməsinə yönəldilmişdir. Hazırda icra sənədinin icrası məqsədi ilə Borclu məxsus əmək haqqı məbləğinə tutma yönəldilmişdir. İcra sənədinin icrası məqsədi ilə borcluya məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimatı əsaslı hesab edir və təmin edilməsini xahiş edir. Borclu izahat verərək göstərdi ki, İsmayıllı rayonu, Qubaxəlilli kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır. Qubaxəlilli kəndində yerləşən fərdi yaşayış evi valideyinlərinə məxsusdur.2014-cü ildə Sədaqət Kərimova Tələbkar ASC-dən 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür.Həmin vaxt onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Götürülmüş kreditin bir hissəsi banka ödənilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli 2(037)-1224/2016 nömrəli icra sənədinə əsasən ondan və Sədaqət Kərimovadan birgə qaydada 12563.91 ABŞ dolları borc və 30 manat dövlət rüsumu alınaraq Tələbkar ASC-yə ödənilməlidir. Kredit verilərkən Sədaqət Kərimovaya məxsus qızıl-zinət əşyaları girov qoyulmuş, həmin qızıl-zinət əşyaları məhkəmə qətnaməsindən sonra bank tərəfindən heç bir məlumat verilmədən satılaraq borcun ödənilməsinə yönəldilmişdir. O, 1900 manat əmək haqqı alır.Hazırda icra sənədi üzrə borcun ödənilməsi məqsədi ilə icra şöbəsi tərəfindən ona məxsus əmək haqqı məbləğinin 50%-nə tutma yönəldilmişdir. Hazırda onun özünün də başqa banklara kredit borcu vardır. Eyni zamanda himayəsində üç az yaşlı uşağı və xəstə valideyinləri vardır. Ona məxsus əmək haqqı məbləğinə tutma yönəldildikdən sonra öz kredit borcunu ödəyə bilməmişdir. Üzərinə həbs qoyulması tələb edilən əmlakın ona məxsus olmasını təsdiq edən hüquqmüəyyənedici sənəd yoxdur. Hazırda banka olan borc məbləği ona məxsus əmək məbləğinə tutma yönəldilməklə ödənilir. Buna baxmayaraq icra məmuru ona məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Ona görə də təqdimatı əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Məhkəmə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayevin, Tələbkar ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Mansur Osmanovun və Borclu izahatlarını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 089 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədləri icra olunarkən, tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 1-ci hissəsinə əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Həmin Qərarla təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədləri icra olunarkən, tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 3-cü hissəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşdırılması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti araşdırılmış, araşdırma nəticəsində borcluya məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 109.20 kv.metr olan mənzil olması müəyyən edilmişdir. İcra sənədinin icrası məqsədi ilə Borclu məxsus əmək haqqı məbləğinə tutma yönəldilmişdir.Borcun ödənilməsi məqsədi ilə borcluya məxsus əmək haqqı məbləğinə tutma yönəldilməsinə baxmayaraq, icra məmuru borcluya məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. İcra sənədinin icrası məqsədi ilə borcluya məxsus əmək haqqı məbləğinə tutma yönəldilməklə bərabər ona məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulması borclunun mənafeyinə uyğun deyil və onun mülkiyyət hüququnun pozulmasına səbəb olacaqdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərini təmin edilməsi üçün borclunun yetərli pul vasitələri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 45.7-ci maddəsinə əsasən,tələb,borclunun əmlakına,o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə,habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə,icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində,təxirə salınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək,borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur. Məhkəmə İcra haqqında Azərbaycan Respublikası Qanunun qeyd olunan normasının tələbləri baxımından təqdimatı və icra işini tədqiq edərək hesab edir ki, icra məmuru “İcra haqqında” Qanunun 45-ci maddəsinə qeyd olunmuş tələblərə əməl etməmişdir. Məhkəmə hesab edir ki, icra sənədinin icrası məqsədi ilə Borclu məxsus əmək haqqı məbləğinə tutma yönəldilməklə bərabər ona məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulması borclunun mənafeyinə uyğun deyil və onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimat təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimat təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-8/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-8/2023
03.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver