Məhkəmə qərarları › İş №8(039)-108/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-108/2022

14.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-108/2022 14.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Borclu, Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 iştirakları ilə, Yevlax Rayon Məhkəməsinin 2(039)-1787/2021 №-li, 19 oktyabr 2021-ci il tarixli qətnaməsi əsasında başlanılmış icra işi üzrə Yevlax rayon icra və probasiya şöbəsinin 285376/2021-36-1/1 №-li, 08 iyun 2022-ci il tarixli inkasso sərəncamının ləğv edilməsi barədə Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Borclu Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 2(039)-1787/2021 №-li, 19 oktyabr 2021-ci il tarixli qətnaməsi əsasında başlanılmış icra işi üzrə Yevlax rayon icra və probasiya şöbəsinin 285376/2021-36-1/1 №-li, 08 iyun 2022-ci il tarixli inkasso sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1787/2021 №-li, 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə ondan 2383,02 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə artıq qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. O, hər ay 268 manat pensiya alır. Artıq həmin qətnamə əsasında onun pensiyasının 50 faizinə tutma yönəldilmiş və iyun ayında ondan 134 manat pul (pensiyasının 50 faizi) tutulmuşdur. Bundan sonra da hər ay 50 faiz pul tutulacaqdır. O, məcburi köçkündür. Əri vəfat etmişdir. Özü xəstə olduğu üçün heç bir yerdə işləyə bilmir. Himayəsində xəstə bir usağı vardır. Özü yüksək şəkər və əsəb xəstədir. Aldığı pensiya heç onun dərmanlarını ödəmir. O, istəyir ki, tutma hər ay onun pensiyasının 50 faiz deyil, 20 faizinə yönəldilsin və hər ay 20 faiz pul tutulsun. Bu minvalla da borc ödənilsin. Buna qanun da yol verir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 65.1-ci maddəsinə görə, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Göründüyü kimi, Qanun mütləq 50 faiz pul tutulmalıdır kimi imperativ bir norma müəyyənləşdirilməmişdir. Əksinə Qanunun mənasına görə gəlirin 5, 10, 20, 30 və s. faizinə də tutma yönəldilə bilər, yetər ki, ən yuxarı hədd 50 faiz olsun. Əlavə olaraq bildirir ki, xəstə usagı ilə o, hər ay adambaşına 60 manat olmaqla, cəmi 120 manat müavinət (çörək pulu) almalıdırlar. Lakin həmin məbləğin də hər ay 66 manatı onlara ödənilsə də, 54 manat onlardan tutulur. Borclu məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçşusu Elşad Cabbarov məhkəmə iclası zamanı bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)- 1787/2021 №-li, 19 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə Borclu 2,383.02 manat məbləğində pulun tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmiş və icra vərəqəsi əsasında icra işi açılmışdır. Həmin icra sənədi üzrə 2,383.02 manat məbləğində pul vəsaitinin tutulması nəzərdə tutulduğundan məhz bu səbəbdən 08 iyun 2022-ci il tarixdə Borclu pensiyasının 50 faizinə inkasso qoyulmuşdur. Məhkəmə şikayəti və icra işini araşdıraraq belə hesab edir ki, şikayət əsaslıdır. Belə ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1787/2021 №-li, 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Afayət Mirzəyevadan 2383,02 manat məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə 20 noyabr 2021-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra olunması üçün Yevlax rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin 285376/2021-36-1/1 №-li, 08 iyun 2022-ci il tarixli inkasso sərəncamının surətindən görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1787/2021 №-li, 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə verilmiş icra vərəqəsi əsasında borclu X1 pensiyasının 50 faizinə tutma yönəldilmiş və 2022-ci ilin iyun ayından onun pensiyasından 134 manat pul (pensiyasının 50 faizi) tutulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 65.1. İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Maddə 65.2. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Maddə 65.3. Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Maddə 65.4. Tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Məhkəmə, ərizəçini dinləyib, icra işində olan materialları nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, icra məmuru qeyd edilən sərəncamı verərkən ərizəçinin başqa gəlirinin, himayəsində xəstə uşağının, özünün xəstəliyinin olub-olmamasını, onun yaşayış şəraitini araşdırmamış, buna uyğun olaraq tutmanın faiz dərəcəsini müəyyən etməmişdir. Bu səbəbdən Yevlax Rayon Məhkəməsinin 2(039)-1787/2021 №-li, 19 oktyabr 2021-ci il tarixli qətnaməsi əsasında başlanılmış icra işi üzrə Yevlax rayon icra və probasiya şöbəsinin 285376/2021-36-1/1 №-li, 08 iyun 2022-ci il tarixli inkasso sərəncamı ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 264-269 maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d i: Şikayət təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-1787/2021 №-li, 19 oktyabr 2021-ci il tarixli qətnaməsi əsasında başlanılmış icra işi üzrə Yevlax rayon icra və probasiya şöbəsinin 285376/2021-36-1/1 №-li, 08 iyun 2022-ci il tarixli inkasso sərəncamı ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar