Məhkəmə qərarları › İş №8(039)-27/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-27/2023

15.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-27/2023 15.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsi tərəfindən 2(039)-1545/2021 saylı iş üzrə verilmiş xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclunun ölkədən getmə hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Elmidar Rüstəmovun təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Elmidar Rüstəmov zəruri icra hərəkətlərinin təmin edilməsi məqsədilə təqdimatla məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsi tərəfindən 2(039)-1545/2021 saylı iş üzrə verilmiş xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.1992-ci ildə Yevlax şəhərində anadan olmuş və ünvan 1-da yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsi tərəfindən 2(039)-1545/2021 saylı iş üzrə verilmiş xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 9787.81 manat kredit borcu alınaraq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Borclu könüllü icra üçün bildiriş və xəbərdarlıq verilməsinə baxmayaraq tələbi qərəzli olaraq icra etməmiş və bu barədə heç bir üzürlü səbəb göstərməmişdir. Tələb borclu tərəfindən könüllü qaydada ödənilmədiyindən, tələbin borclunun əmlaka yönəldilməsi məqsədilə müvafiq sorğular edilmiş, lakin borcluya məxsus əmlak aşkar edilmimişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1545/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 9787.81 manat kredit borcu alınaraq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Elmidar Rüstəmov tərəfindən Yevlax Rayon Məhkəməsinin 2(039)-1545/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən icra icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli, 241561/2021-36-7-004 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün bildirişi ünvan 1 ünvanına göndərilmişdir (lakin iş materiallarında bunu sübüt edəcək hər hansı bir sənəd və ya qeyd müəyyən olunmadığından hazırkı halda bildirişin göndərilməsi müvafiq məktubun iş materiallarına formal əlavə olunduğuna dəlalət edir). Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, içtimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra ücün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Qanunun 43.1.5-ci maddəsinə görə bu Qanuna və Azərbaycan Respublikasının digər qanun vericilikaktlarına uyğun olaraq icrasənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləri sayılır. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. “X1 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun və Təlimatın müvafiq normalarının mənasına görə, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla aşağıdakı şərtlərə riayət etməklə məhkəməyə müraciət edir: 1) icra sənədinin, icraata başlanması barədə borcluya bildiriş verildikdən sonra borclu tərəfindən könüllü qaydada icra edilməməsi və bu əməlin Qanunla nəzərdə tutulmuş hüquqi nəticələri barədə borcluya bildirilməsi. Buna müvafiq olaraq, Təlimatın 2.2.1-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməlidir; 2) barəsində icra üzrə icraatın başlanması haqqında məlumatı olmasına baxmayaraq, borclu tərəfindən icra sənədində əks olunmuş tələbin üzrsüz səbəbdən icra edilməməsi (icra edilməsindən yayınması) barədə icra məmurunda məlumatın olması. Burada nəzərə almaq lazımdır ki, Təlimatın 2.2.2-ci bəndinə əsasən, icra məmuru müvafiq təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Göründüyü kimi, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməli və icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Bundan sonra borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Lakin icra məmuru tərəfindən qeyd edilən təqdimat ilə müraciət edilməzdən əvvəl icra sənədinin könüllü icrası barədə bildirişin borcluya hansı tarixdə təqdim edilməsi barədə hər hansı bir sübut təqdim edilməmiş, həmçinin bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyi mümkünlüyü əsaslandırılmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 28 maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 4 saylı protokolunun 2-ci maddəsinin tələblərinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231, 263 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Yevlax Rayon Məhkəməsi tərəfindən 2(039)-1545/2021 saylı iş üzrə verilmiş xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Elmidar Rüstəmovun təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar