Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(040)-2/2024 11.03.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Məmmədova Leyla Elnur qızının katibliyi, Ərizəçi- Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı olmadan, Maraqlı şəxs (icra icraatında borclu)- Borclu iştirakı ilə, Maraqlı şəxs (icra icraatında tələbkar)- Tələbkar iştirakı olmadan, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 “Kəlbəcər Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(040)-11/2023 saylı qətnaməsinə izah verilməsinə dair” ərizəsinə açıq məhkəmə iclasnda baxaraq, müəyyənetdi: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 ərizə ilə məhkəməyə müraciət edərək, “Kəlbəcər Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(040)-11/2023 saylı qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-11/2023 saylı 12 yanvar 2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar hər ayın hər həftəsinin şənbə günləri saat 14-00-dan saat 18-00-dək görüş (sərbəst ünsiyyətdə olmaq hüququ) tanınmalıdır. İcra sənədi şöbənin icraatına 07 aprel 2023-cü il tarixdə daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti məlumat üçün tərəflərə və məhkəməyə göndərilmişdir. Bundan sonra hər həftənin şənbə günü Borclu iştirakı ilə uşaqların atası ilə görüşməsi təmin edilmiş və bu barədə aktlar tərtib edilmişdir. Tələbkar müraciət edərək uşaqları qarşı tərəfin nəzarəti və iştirakı olmadan görüşün aparılmasına şərait yaradılmasını bildirmişdir. Belə olan halda icra sənədində qeyd olunan sərbəst ünsiyyətdə olmaq anlayışı tərəflər arasında anlaşılmazılığa gətirib çıxarır. Qeyd olunan məsələ isə məhkəmə qətnaməsində aydın şəkildə öz əksini tapmamışdır. Belə ki, həmin qətnamədə qeyd olunan sərbəst ünsiyyətdə olmaq anlayışı uşaqla görüşün ananın iştirakı ilə olub-olmaması məsələsi tərəflər arasında anlaşılmazlığa gətirib çıxarır. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini rəhbər tutaraq Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-11/2023 saylı 12 yanvar 2023-cü il tarixli icra sənədi üzrə görüş təşkil edilməli olan uşaqların görüş vaxtı qarşı tərəfin istirakı olmadan və ya qanunla qadağan edilməyən tələbkarın istədiyi yerdə maneəsiz atası ilə sərbəst şəkildə hansı formada görüşməsi məsələsinə izah verilməsi məhkəmədən xahiş olunur. Ərizə məhkəməyə 28 fevral 2024-cü il tarixdə daxil olmuş və ərizəyə məhkəmədə baxılması 11 mart 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi (icra məmuru) Ruqiyə Şərifova və maraqlı şəxs (tələbkar) Tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ərizəçi və tələbkarın iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Faktiki hallar: Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-11/2023 saylı mülki iş üzrə 12 yanvar 2023cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Tələbkar 24 may 2018-ci ildə doğulmuş X4 və 27 dekabr 2020-ci il tarixdə doğulmuş X5 ilə hər ayın hər həftəsinin şənbə günləri saat 14:00dan 18:00-dək görüş (sərbəst ünsiyyətdə olmaq hüququ) tanınması qət edilmişdir (qətnamədə ). Qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə mindikdən sonra 14 mart 2023-cü il tarixdə qətnamə üzrə icra vərəqəsi tərtib edilərək aidiyyəti üzrə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Maraqlı şəxs (icra icraatında borclu)- Borclu 11 mart 2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-11/2023 saylı mülki iş üzrə 12 yanvar 2023-cü il tarixli qətnaməsində və həmin qətnamə əsasında verilmiş icra sənədində onun (borclunun) soyadı ərinin soyadına uyğun soyadla: “Əliyeva” göstərilmiş, hal-hazırda onun soyadı “Mirzəliyeva”dır-bununla bağlı heç bir anlaşılmazlıq və mübahisə yoxdur. İddiaçının (tələbkarın) uşaqlarla ünsiyyətdə olmasına etiraz etmir, lakin o, iddiaçının (tələbkarın) ünsiyyət sərbəstliyini yalnız onun (borclunun) müşahidəsi altında baş tutmasını mümkün hesab edir. Belə ki, Tələbkar keçən illərdə övladı Nizamini ünsiyyət adı ilə uşaq bağçasından özbaşına olaraq öz evinə aparmış, sonradan uşağı ona qaytarmaqdan imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-11/2023 saylı mülki iş üzrə 12 yanvar 2023-cü il tarixli qətnaməsində və qətnamə əsasında verilmiş icra sənədində cavabdeh (borclu) qismində adı “X2” göstrilmiş şəxsin soyadı, adı və atasının adı hal-hazırda “Borclu”dır. Bununla bağlı icra icraatında anlaşılmazlıq olmasa da, məhkəmə həmin xüsusatı qeyd etməyi zəruri hesab edir. Tətbiq edilməli hüquq normaları: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: -14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. -14.2-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki prosessual Məcəllə): -230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. -230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. -230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur, işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. -230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, icra məmurunun ərizəsi təmin edilərək Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-11/2023 saylı mülki iş üzrə 12 yanvar 2023-cü il tarixli qətnaməsinə aşağıdakı məzmunda izah verilməlidir: “Kəlbəcər Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(040)-11/2023 saylı qətnaməsində “uşaqla sərbəst ünsiyyət hüququ” dedikdə qətnamə ilə təyin edilmiş vaxt daxilində iddiaçının (tələbkarın) uşağı digər valideyndən (və ya uşağı təqdim edən digər şəxsdən) təhvil aldıqdan sonra iddiaçının (tələbkarın) özünün seçdiyi qanunla qadağan edilməyən yerdə və qanunla qadağan edilməyən qaydada ünsiyyəti nəzərdə tutulur; bu zaman iddiaçı (tələbkar) həmin ünsiyyətdə digər valideynin və sair şəxsin iştirakına icazə verməyə bilər”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İcra məmurunun ərizəsi təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(040)-11/2023 saylı qətnaməsinə aşağıdakı məzmunda izah verilsin: -“Kəlbəcər Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(040)-11/2023 saylı qətnaməsində “sərbəst ünsiyyətdə olmaq hüququ” dedikdə qətnamə ilə təyin edilmiş vaxt daxilində iddiaçının (tələbkarın) uşağı digər valideyndən (və ya uşağı təqdim edən digər şəxsdən) təhvil aldıqdan sonra iddiaçının (tələbkarın) özünün seçdiyi qanunla qadağan edilməyən yerdə və qanunla qadağan edilməyən qaydada ünsiyyəti nəzərdə tutulur; bu zaman iddiaçı (tələbkar) həmin ünsiyyətdə digər valideynin və sair şəxsin iştirakına icazə verməyə bilər”. Qərardad dərhal qüvvəyə minsin. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Bu qərardaddan şikayət verilməsi onun (habelə qətnamənin) icrasını dayandırmır. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №8(040)-2/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №8(040)-2/2024
11.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver